Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:55

Ukrayna hərbçiləri Rusiyanın Kursk vilayətində istehkam qururlar


Rusiya hərbi müxbirlərinin verdiyi məlumata görə döyüşlər hazırda Kursk vilayətində, Kurçatov şəhərinin 30 kilometrliyində gedir.

Bu şəhərdə Kursk Atom Elektrik Stansiyası yerləşir. Bura 17 min əhalisi olan Lqov rayon mərkəzinin 15 kilometrliyindədir.

Bu da xəbər verilir ki, Ukrayna hərbçiləri artıq nəzarətlərində olan ərazilərdə müdafiə-fortifikasiya istehkamları qururlar.

Rusiya hərbi blogerlərinin verdikləri məlumatlara görə Rusiya Kursk vilayətinə Vaqner özəl hərbi şirkətinin Afrikadakı muzdlularını gətirir. Blogerlər qeyd edirlər ki, Vaqner muzdluları nizami ordunun əsgərlərindən daha böyük döyüş təcrübəsinə malikdirlər.

Rusiyanın 50-dək əsgəri Ukrayna hərbçilərinə əsir düşüb. Onların əksəriyyəti müddətli xidmətdə olanlardır.

The Insider müxtəlif mənbələrə, o cümlədən yerli sakinlərə istinadla xəbər verir ki, Ukrayna hərbçiləri Kursk vilayətində artıq 11 yaşayış məntəqəsinə nəzarət edirlər.

Əslində söhbət kiçik yaşayış məntəqələrindən gedir, lakin bütövlükdə Ukrayna ordusu Kursk vilayətinin 350 kvadrat kilometrlik sahəsinə nəzarət edir. Bu, Xarkov şəhərinin ərazisi boyda sahədir.

Səfərbərlik evakuasiya şəraitində də davam edir

Rusiya prezidenti Vladimir Putin Kursk vilayətinin qubernator əvəzi Aleksey Smirnovla videobağlantısında bildirib ki, döyüşlərə görə evlərini tərk etmiş ailələrə 10 min rubl (115 dollar) veriləcək. Hazırda 23 yaşayış məntəqəsinin sakinlərinə məcburi evakuasiya olunacaqları barədə xəbərdarlıq edilib.

The Insider qeyd edir ki, Müdafiə Nazirliyi ilə müqavilə imzalayan region sakinlərinin hər birinə 400 min rubl (4611 dollar) birdəfəlik ödəniş vəd olunur.

Sosial şəbəkələrdə yayılan çoxsaylı videolarda yerli sakinlər onlara təxliyə üçün kömək edilməməsindən şikayət edir, Rusiya hərbçilərinin vəziyyətin nəzarət altında olduğuna dair iddialarını “yalan” adlandırırlar.

Döyüşlərdən ən çox ziyan görmüş Suca rayonu sakinləri Putinə videomüraciət yazıblar. Onlar prezidentdən yerli məmurları iş görməyə məcbur etməsini istəyirlər. Onların fikrincə, Putinin əsl vəziyyət barədə məlumatı yoxdur.

Rusiyanın səhiyyə naziri Mixail Muraşko avqustun 8-də bildirib ki, son iki gündə Kursk vilayətinin atəşə tutulması nəticəsində 66 nəfər, o cümlədən 9 uşaq xəsarət alıb.

Kurskdakı yeri hakimiyyət orqanları 5 nəfərin həlak olduğunu bildirirlər.

ABŞ və Aİ-nin münasibəti

ABŞ bildirir ki, Ukrayna ordusunun Kursk vilayətinə hücumuna görə Kiyevdən izahat istəyəcək.

Ağ Evin milli təhlükəsizlik sözçüsü Con Kirbi bildirib ki, Ukraynanın Rusiya ərazisinə hücumları məsələsində ABŞ-ın mövqeyi dəyişməyib.

Onun sözlərinə görə Vaşinqton Ukraynaya ABŞ-ın verdiyi silahlarla Rusiya ərazisində Kiyev üçün təhlükə yaradan hədəflərə zərbələr endirilməsinə icazə verib.

ABŞ Dövlət Departamenti bunu da bəyan edib ki, Ukrayna ordusunun Rusiya ərazisinə müdaxiləsinə dair əvvəlcədən heç bir məlumatı olmayıb.

Departamentin sözçüsü Metyu Miller deyib ki, müharibə şəraitində necə hərəkət etməli olduğu barədə qərarı Kiyevin özü verir.

Öz növbəsində Avropa Komissiyasının sözçüsü Peter Stano deyib ki, Ukrayna, o cümlədən təcavüzkara onun öz ərazisində zərbələr endirmək də daxil, müdafiə olunmaq haqqına malikdir.

Rəsmi Kiyev Kursk vilayətinə hücum barədə heç bir şərh və ya açıqlama vermir.

XS
SM
MD
LG