Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:29

‘Putin pis xəbər eşitmək istəmir’


Rusiyada rezervistlər və könüllülər təlim keçir
Rusiyada rezervistlər və könüllülər təlim keçir

Artıq bir ildir Rusiyanın Ukraynaya qarşı irimiqyaslı, səbəbsiz işğalı davam edir. On minlərlə insan öldürülüb, milyonlarla insan evindən didərgin düşüb, milyardlarla dollarlıq ziyan vurulub. Müharibənin sonu görünmür.

AzadlıqRadiosunun rus xidmətinin müxbiri Mark Krutov hərbi təhlilçi, ABŞ-də yerləşən Xarici Siyasət Araşdırmaları İnstitutunun aparıcı əməkdaşı Rob Li (Rob Lee) ilə müharibənin gedişatı, ona təsir edə biləcək faktorlar haqda danışıb.

Rob Li deyir ki, bir il öncə müharibə başlananda onun qısa çəkəcəyini, ancaq Rusiyanın daha məhdud məqsədləri olduğunu düşünüb. Müharibənin indiyədək uzanmasının səbəblərinə gəlincə, təhlilçi Rusiya rəhbərliyinin ayrı dünyada yaşadığını, yerdəki faktlardan xəbəri olmadığını deyir.

“Müharibənin indiki məqamda istənilən vaxt bitəcəyini düşünmürəm. Rusiya buna çox şey sərf edib. Bu qədər ağır itkilər verib. Onlar hansısa məqsədə çatmaq istəyirlər. Ancaq Rusiyanın indiki məqamda nədən razı qalacağı mənə aydın deyil. Hərbi vəziyyət düzələndə onlar daha çox şey istəyirlər. Onlar Donbasın hamısını, daha artığını istəyirlər. Onlar Ukraynadan daha çox güzəşt istəyirlər”, – Li vurğulayıb.

Donbasın Xersondan fərqi

Ukraynanın şərqi Donbas vilayətində hərbi vəziyyətlə bağlı təhlilçi qeyd edir ki, bağlanğıcda Ukraynanın orada müdafiə mövqeləri güclü idi. Çünki Donbasda müharibənin qızışacağını həmişə gözləyirdilər. Digər yerlərdə hazırlıqlı olmasalar da, Donbasda müdafiəyə hazır idilər.

“Xerson və Xarkovda Ukraynanın uğurlu hücumlarına baxanda görürük ki, Rusiya qüvvələri orada sadəcə zəif idilər. Onların müdafiəsi yaxşı deyildi, cəbhə xəttində qüvvə nisbəti çox yaxşı deyildi. Ona görə də Ukrayna zəif nöqtə taparaq bundan istifadə elədi”, – deyən təhlilçi indi cəbhə xəttindəki vəziyyəti belə təsvir edir: hücum edən tərəf müdafiəni yarmaq üçün müəyyən üstünlüklərə malik olmalıdır. Bu, artilleriyanın, sursatın sayında, keyfiyyətində ola bilər. Ancaq problem ondadır ki, indi tərəflərin heç biri belə bir üstünlüyə malik deyil ki, cəbhənin bir hissəsində xətti yarsın və bundan istifadə eləsin.

“Digər böyük problem ondadır ki, tərəflər xeyli sayda səfərbər olunmuş əsgərlərə bel bağlayırlar. Ukrayna tərəfdə bu əsgərlərin əhvalı yüksəkdir, vuruşmaq istəyirlər, ancaq onlara təlim keçmək vaxt aparır. Kiməsə özünü müdafiə etmək təlimi keçmək hücum təlimindən daha asandır.

Beləliklə də, hər iki tərəfin hətta yetərincə canlı qüvvəsi olsa belə, bunu hücum qüvvəsinə çevirməyi çətindir…”, – təhlilçi vurğulayır.

Hücum qüvvələri

Rusiya aylardır Baxmut şəhərini ələ keçirməyə çalışır. Vuhledarda uğursuz əməliyyat aparıldığı deyilir. Rob Li qeyd edir ki, Rusiyanın hücum qüvvələri – dəniz piyadaları, desantçılar, spestnazlar (xüsusi qüvvələr) ümumi qüvvənin az hissəsini təşkil edir. Bir də elit Vaqner muzdlu döyüşçüləri var. Bu bölmələr əməliyyatlara effektli şəkildə başçılıq edə bilər, amma Rusiya ordusunun əsas hissəsi hazırda hücumu effektli gerçəkləşdirə bilmir.

“Ukrayna hücuma keçən ilkin qüvvələri əldən salsa və sonrakı bölmələr hücumu davam etdirə bilməsələr, bu, Rusiya tərəfi üçün problem olar”, – deyən Li Ukraynanın da Xerson hücumunu təkrarlaya bilmədiyini söyləyir, çünki Xerson baha başa gəlib: “Hətta çoxlu uğur qazansan belə, irəlilədikcə itkin çox olursa, bu, hücumların sayını azaldır”.

Ukrayna böyük hücuma hazırlaşır

Təhlilçinin sözlərinə görə, Birləşmiş Ştatlar ukraynalıların növbəti altı ay ərzində uğur qazanmasını istəyir. Buna görə də Ukrayna kiçik, bədəli ağır hücumlara getmir, daha yüksək nəticələr verəcək variantlara fokuslanır, resurs yığır, Rusiyanın xətlərində zəif nöqtələr axtarır ki, hücuma keçərək daha çox ərazi ələ keçirə bilsin.

“Rusiyadan da çox şey asılıdır. Onlar hücumları davam etdirsələr, Vuhledar kimi yerlərdə böyük itkilər versələr, Ukrayna isə itki verməsə, Ukrayna yazda hücuma hazır ola bilər. Baxmutda isə başqa ssenari gedir, hər iki tərəf itki verir. Bu Ukraynanın həmin qüvvələrdən daha sonrakı əməliyyatda istifadəsini çətinləşdir”, – təhlilçi bildirir.

Rusiyanın canlı qüvvəsi gerçəkdənmi limitsizdir? Li bu suala “bəli” deyir və bunu Rusiyada səfərbərliklə, 300 min əsgərin səfərbər olunmasıyla izah edir: “Adamlar ikinci dalğadan danışırlar, ancaq məncə, onlar sadəcə səfərbərliyi davam etdirirlər. İtkilərin yerini doldurmaq üçün adamları daim səfərbər edirlər”.

“Rusiyanın səfərbər etməyə yetərincə qüvvəsi var və indiyədək Rusiyada Putinin mövqeyinə təhdid yaradan ciddi reaksiya baş verməyib. Bu halda Putin səfərbərliyi davam etdirə bilər ki, bu da Rusiyaya canlı qüvvədə üstünlük qazandırır”, – Li söyləyir.

Yeni hücum üçün nələr çatışmır

Təhlilçi Ukraynanın yeni hücuma başlaması üçün xeyli şeyin çatışmadığını deyir. Bir məsələ sursatdır. Cəbhənin bəzi yerlərində Rusiya Ukraynadan dəfələrlə çox artilleriya atəşi açır. Digər çətinlik hava qüvvələrində üstünlüyün olmamasıdır. Çünki hücum birgə qüvvələr əməliyyatıdır.

“Ukraynanın əməliyyat üçün yetərincə artilleriya sursatı varmı? Yetərincə dəqiq vuran silahı varmı? Cəbhə xəttindən o yana 20-30 km məsafədə hədəfləri müəyyənləşdirəcək PUA-ları varmı? Bunlar haqqında çox eşitmədiyimiz vacib məsələlərdir”, – Rob Li qeyd edir.

Təhlilçi Rusiya ordusunda adamların rəhbərlərə pis xəbər verə bilmədiyini də qeyd edir:

“Putin pis xəbər eşitmək istəmir və Rusiya generalları da ona yaxşı xəbərlər vermək istəyirlər. Bu o deməkdir ki, Rusiya generalları öz polkovniklərindən yaxşı xəbər eşitmək istəyirlər və bu proses cəbhə xəttinədək davam edir. Bu o deməkdir ki, bəzən adamlar mövqeləri haqda sadəcə yalan danışırlar. Yəni, problemin bir hissəsi yuxarıdan gəlir”.

XS
SM
MD
LG