Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:37

‘100 il əvvəl Ukrayna heç kimin vecinə deyildi’


Volodimir Yermolenko
Volodimir Yermolenko

Volodimir Yermolenko ukraynalı filosof, publisist və “Ukraine World” multimediya layihəsinin baş redaktorudur. O tez-tez Ukrayna kimliyi ilə bağlı mövzularda yazır. 2022-ci ildə “Foreign Policy” jurnalında çıxan “From Pushkin To Putin: Russian Literature's Imperial Ideology” (“Puşkindən Putinə: Rusiya ədəbiyyatının imperialist ideologiyası”) adlı məqaləsi çoxlu müzakirəyə səbəb olub.

AzadlıqRadiosunun gürcü xidmətinin əməkdaşı Vaja Tavberidzeyə müsahibəsində Yermolenko Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya hücumunun Ukrayna milli kimliyini oyatmadığını, daha çox sürətləndirdiyini deyir. Yermolenko bildirir ki, Rusiya imperiya keçmişi ilə bağlı şəxslərin heykəllərinin sökülməsi Ukraynanın öz irsini dirçəltməsinə kömək edir.

Fərd və icma səviyyəsində ukraynalı kimliyi

Yermolenko hesab edir ki, ukraynalı kimliyi “fərd səviyyəsində azadlıq ruhu”, icma səviyyəsində isə “millətin, cəmiyyətin azalığıdır”: “Bunu altı yaşında uşağa izah etməli olsaydım, deyərdim ki, biz ukraynalılar hər şeyə özümüz qərar veririk. Öz hərəkətlərimizə görə cavabdehik; yuxarıdan əmrlər gözləmirik. Nə əmrlər, nə cəzalar, nə də hərəkət üçün stimul. Bizi insanların qul olduğu, özlərində hərəkət etmək, öz beyinləri, yaxud öz həyatları ilə düşünmək qabiliyyəti hiss etmədiyi tiraniyalardan fərqləndirən şey də budur”.

Son zamanlar, xüsusən qərbli şərhçilər iddia edirlər ki, Rusiyanın hücumu müasir Ukrayna dövlətinin əsl doğuluşuna təkan verir, Putin mövcudluğunu belə inkar etdiyi millətə kimlik hissi verir. Britaniyalı tarixçi Marqaret MakMillan (Margaret MacMillan) bu yaxınlarda “Putin Ukraynanın müstəqilliyinin qurucu atasıdır” deyəcək qədər uzağa gedib.

“100 il gözləməli olduq”

Yermolenko hesab edir ki, belə demək yanlışdır, çünki bu, Putinə həddindən artıq haqq vermək deməkdir. “Məncə, 100 il öncəki Ukrayna cəmiyyətinə baxsanız, eyni prosesləri görərsiniz. XVII əsrin Ukrayna kazaklarına baxsanız, oxşar şeyləri görərsiniz. Məncə, ukraynalıların millət kimi yetərincə qədim olduğunu deməliyik. Problem onun tanınmamasında, fərqli səbəblərdən kənardan belə görülməməsindədir. Və bugünkü mübarizəmizlə 100 il öncəki mübarizəmiz arasındakı böyük fərq ondan ibarətdir ki, 100 il əvvəl Ukrayna heç kimin vecinə deyildi. Buna görə də bu müstəqil dövlətin yoxa çıxması Avropa, Amerika və hər yerdə tam laqeydliklə qarşılanmışdı.

…Biz 100 il gözləməli olduq. Buna görə də düşünürəm ki, Putinə bəzi proseslərə reaksiya verdiyi üçün haqq vermək yanlıdır. O başa düşdü ki, bu proseslər onun üçün çox uzağa gedir və onları dayandırmaqdan ötrü çoxlu başqa alətlərə əl atdı. Birincisi, təbliğat, sonra casus və agentlər şəbəkəsi, sonra Yanukoviçlə marionet hökumət qurmağa çalışdı və s. …

…Zorakılıq və müharibə [onun] son silahıdır. Bu, Ukrayna kimliyini böyüdür, gücləndirir, ancaq onu yaratmır”, – o deyir.

“Yekaterina medalın o biri üzüdür”

Bu yaxınlarda Ukraynanın Qara dəniz sahilindəki liman şəhəri olan Odessada XVIII əsr Rusiya imperatriçəsi II Yekaterina və eyni əsrdə yaşamış rus generalı Aleksandr Suvorovun heykəlləri sökülüb. Yermolenko hesab edir ki, bu da Ukrayna kimliyinin formalaşmasının bir hissəsidir:

“Çünki bizim üçün Yekaterina medalın o biri üzüdür. Bunlar rus imperializmi adlı eyni medalın iki üzüdür. Əlbəttə, rus imperializmi imperiyanın rəmzlərini əli çatan hər yerə qoymağa çalışıb və buna görə də hər şəhərimizdə Leninin heykəlləri var, hər şəhərimizdə, hər kəndimizdə Puşkin küçəsi var idi. Buna görə də ukraynalı özündən soruşmalıdır: niyə Kiyevdə Puşkinin bir neçə abidəsi var, ancaq Kiyevdən olan yazıçıların, məsələn, [tarixçi və arxivist] Volodımır Antonovıçın, yaxud müəyyən məqamda Kiyevin kimliyini formalaşdıran adamların abidəsi yoxdur? Bu, imperiyanın yerli tarixi silmə, onu imperiya tarixi ilə əvəz etmə [siyasətidir]. Əlbəttə ki, biz ondan qurtulmalıyıq. Əlimizdən alınan adları, tarixləri, incəsənət əsərlərini geri qaytarmalıyıq”.

Odessanın əsasını kim qoyub?

Heykəllərin götürülməsini tənqid edənlər, bu hərəkətlə Ukraynanın öz tarixini dandığını deyənlər də olub. Onlar, məsələn, Odessanın əsasını II Yekaterinanın qoyduğunu söyləyirlər.

“Odessanın tarixini bilənlər bilir ki, Odessadan qabaq bu qəsəbənin adı Xacıbey olub. Bu gün də şəhərdə “Xacıbey” adlı restoranlar var. Əlbəttə, Rusiyanın artıq mövcud olan yaşayış yerləri üzərində qəsəbələr saldığı bir çox başqa şəhər kimi burada da yaşayış yeri, o cümlədən Ukrayna kazaklarının qəsəbələri olub.

Yekaterina Şərqi Avropa üçün çox mənfi rol oynayıb. Çünki [bu regionda] üç milli dövlətçiliyi məhv edib. Onlar indi də …Rusiyanın ekspansiyasına var gücləri ilə müqavimət göstərirlər. Bu Polşa, Ukrayna və Krım, Krım tatarlarıdır. O, Krımın ilk ilhaqını başlayıb, Ukrayna kazak muxtariyyətini dağıdıb və Polşanın ilk bölünməsində iştirak edib.

Buna görə də düşünürəm ki, onu təkcə milli kimliyimizi silən deyil, həm də regionda mərkəzçi imperiya ideyasını yayan imperialist ekspansionist kimi tanımalıyıq. Özü də bu mərkəzçi imperiya öz tarixi boyu çox qəddar olub. İndi də antiimperiya dövlətçiliklərinin qayıdışına şahidlik edirik. Birincisi Polşanın XX əsrdəki müstəqilliyi idi. İndi də Ukrayna və Krım tatar kimliklərinin yenidən doğuluşunu görürük. Məncə, Qafqaz barədə də eyni şeyi deyə bilərik”, – Yermolenko bildirir.

“…Görəsən, niyə Napoleon müharibələri dövründə əsas sərkərdələrin arasında Kutuzov və bəzilərindən başqa rus adı yoxdur? Almanlar olub, gürcülər olub və s. Bu onu göstərir ki, Rusiya millət kimi mövcud deyil, Rusiya hər şeyin qarışığı, bir növ vineqretdir, müstəmləkələrindən ən yaxşı şeyləri sorub aparan imperiyadır”, – o deyir.

“Heç bir alternativ Rusiya yoxdur”

“Onlar ukraynalılara deyirlər ki, ola bilsin ki, sizin keçmişiniz bizimkindən fərqli olub, ancaq eyni millətik, adamlarımız eynidir və əgər bununla razı deyilsinizsə, sizi cəzalandıracağıq. Hesab edirəm ki, ədəbiyyatın sadəcə efemer, idealist bir şey olduğunu, orada yalnız tərzdən və sairədən zövq almalı olduğumuzu demək yanlışdır. Puşkinin Putinin cinayətlərinə görə cavabdeh olduğunu demək istəmirəm. Deyirəm ki, “bax, bu Putindir və o şeytandır, ancaq onun arxasında böyük rus mədəniyyəti var…” demək yanlışdır. Bütün bu “alternativ Rusiya” söhbətləri... Deyərdim ki, hazırda heç bir alternativ Rusiya yoxdur. Onu rus ədəbiyyatının böyük mətnlərində tapa bilmirik. Ruslar bu alternativi axtarmalıdırlar, bu onların böyük vəzifəsidir.

Onların problemi odur ki, müəyyən istisnaları nəzərə almasaq, onların mədəniyyətində Rusiya imperializminə alternativ ola biləcək aydın siyasi proqram yoxdur. Onlar dəyişmirlər. Bir çox Avropa millətlərində, o cümlədən Ukraynada yaradılmış ictimai baxışları yaratmayıblar. Söhbət cəmiyyətin azad fərdlər üzərində qurulması, fərdlərin, qrupların və s. azadlıqlarının olması ideyasından gedir.

Bunun əvəzində rus mədəniyyətində panslavya birliyi adlandırılan şeyin leytmotivi var…. Odur ki, rus mədəniyyətində bu totalitar trend XIX əsrdə rus slavofillərində olub. Dostoyevskidə olub, rus dini filosofu İvan İlyində və başqalarında olub. Bunlar Putinin avrasiyaçı ideologiyasının əsasını təşkil edir”, – Yermolenko vurğulayır.

XS
SM
MD
LG