Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 06:52

Zelenski taktikanın dəyişdiyinə eyham vurunca Ukrayna dronlarının Rusiyaya hücumu çoxaldı


Donbasda dron savaşı
Gözlə
Embed

No media source currently available

0:00 0:03:56 0:00

Donbasda dron savaşı

Moskvanın biznes rayonu ötən həftə iki dəfə insansız hava maşınının (İHM) hücumuna məruz qalıb. Bu rayondakı binalar şüşə və dəmirdən hazırlanıb. Üst qatlardakı pəncərələrə ziyan dəysə də, ölən olmayıb.

Rəsmi Moskva hücumlara görə Kiyevi günahlandırır. Kiyevsə, adətən, Rusiyanın daxilində törədilən hücumlar üçün məsuliyyəti öz üzərinə götürmür. May ayından bəri Moskva və çevrəsində, azı, altı dron hücumu törədilib.

Baş verənlər Kiyevin dronlar istehsalındakı irəliləyişi və yaxın gələcəkdə daha şiddətli hücumlar edib-etməyəcəyinə dair suallar doğurur.

İyulun 30-da - iki dron hücumunun arasında Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın öz daxilində daha çox hücumlara məruz qalacağına işarə edib. Bəzi ekspertlər bu bəyanatı Kiyevin bu hücumlara görə məsuliyyəti öz boynuna götürməsinin üstüörtülü təsdiqi kimi yozur.

"Təbii və tam ədalətli prosesdir"

"Müharibə tədricən Rusiyanın öz ərazisinə - onun rəmzi mərkəzlərinə, hərbi bazalarına keçir və bu, qaçılmaz, təbii və tam ədalətli bir prosesdir", - Zelenskinin sözləridir.


Kiyev son bir neçə ayda Rusiyanın Ukrayna sərhədinə yaxın digər regionlarına da zərbələr endirib. Avqustun 4-də Rusiyanın mühüm Qara dəniz limanı olan Novorossiysk hücuma məruz qalıb.

2003-2006-cı illərdə ABŞ-ın Ukraynada səfiri olmuş Con Hörbst (John Herbst) deyib ki, Zelenskinin bəyanatı Ukraynanın gələcəkdə daha çox hücumlar törədə biləcəyi və bunun onlara kömək edəcəyi ilə bağlı müəyyən əminlik nümayiş etdirir.
Təhlilçilərin fikrincə, Ukraynanın bugünədək gerçəkləşən dron hücumları çox vaxt psixoloji və PR effekti yaratmağa köklənib.

Rusiya ictimaiyyəti, əsasən, Kremlin Ukraynaya hücumunu ya dəstəkləyir, ya da bu hücumla razılaşır. Kiyev savaşı rusiyalıların qapısına dirətməklə, ola bilsin, onların öz hökumətlərinə və müharibəyə inamlarını itirməsinə nail olacağına ümid bəsləyir.
Ancaq təhlilçilər deyirlər ki, Ukraynanın Rusiya ərazisində törətdiyi hücumlar aztəsirli "kosmetik" zərbələrdən daha ciddi zərbələrə keçə bilər.

Ukrayna nədə tərəddüd etmir?

ABŞ və onun Avropadakı bəzi müttəfiqlərində Ukraynanın Rusiya ərazisini hədəf alması təşviş doğurur. Onlar özəlliklə Qərbin verdiyi silahlarla gerçəkləşən hücumların savaşı qızışdırıb genişlədəcəyindən rahatsızdırlar. Kiyevin bir çox tərəfdarı belə yanaşmanın yalnız Vladimir Putinin işinə yaradığını düşünür.

ABŞ Ukraynaya özünün "Reaper MQ-9" dronlarını və uzunmənzilli yüksək dəqiqlikli raketlərini (ATACMS) verməkdən imtina edib. ABŞ rəsmiləri Ukraynanın bu silahlardan yararlanıb Rusiya ərazisinə zərbələr vura biləcəyindən qorxurlar.

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov bir neçə ay öncə bildirmişdi ki, Ukrayna Rusiya ərazisində müharibə ilə birbaşa əlaqəsi olan hərbi hədəfləri vurmağa tərəddüd etmir. Başqa Ukrayna rəsmiləri də buna bənzər bəyanatlar veriblər.

Ötən həftəsonu Səudiyyə Ərəbistanında keçirilən sammit ərəfəsində Zelenski administrasiyası baş qərargah rəisinin müavini İhor Jovkva AzadlıqRadiosuna müsahibəsində iddia edib ki, "Qlobal Cənub" kimi tanınan Afrika, Latın Amerikası və bəzi Asiya ölkələri Ukraynanın Rusiya ərazisinə hücumlarına dair hər hansı tənqid səsləndirməyib. Ancaq Türkiyəni çıxmaqla, bu ölkələr Ukraynanı silahla təchiz etmirlər.

Eyni zamanda Ukrayna özünün uzunmənzilli dron və raket qabiliyyətini gücləndirmək üçün səylərini artırıb. Təhlilçilər Moskvanı hədəfə alan yeni hücumların bunun göstəricisi olduğunu deyirlər.

"Bu hücumlar Ukraynanın asimmetrik uzunmənzilli hücum dəfedici [silahlar] dizayn etməklə bağlı qətiyyətini ortaya qoyur. Bu səylər Qərbin hərbi dəstəyinin hazırda qarşılamadığı ehtiyacı ödəmək məqsədi daşıyır", - Vaşinqtonda yerləşən Hadson İnstitutunun aparıcı tədqiqatçısı Can Kasapoğlunun sözləridir.

"Hər yeni döyüş missiyasından sonra…"

İsraildə yaşayan hərbi ekspert David Şarp CurrentTimeTV-yə deyib ki, Ukrayna Rusiyanın Ukrayna şəhərlərində müntəzəm törətdiyi irimiqyaslı dron hücumlarını təkrarlamaq üçün səy göstərir:
"Rusiyaya [eyni] səviyyədə [hücumlara] hələlik nail olunmayıb. Ukrayna bu məqsədi reallaşdırmaq yolundadır".

Avqustun 5-də Qara dənizdə Rusiya gəmilərini hədəfə alan ikinci uğurlu və iddialı dron hücumundan sonra Danilov Ukraynanın Rusiyanı vurmaq imkanlarının get-gedə gücləndiyini söyləyib.

"Hər yeni döyüş missiyasından sonra Ukraynanın döyüş İHM-lərı və dəniz dronları daha dəqiq, operatorları daha təcrübəli, döyüş koordinasiyası daha effektiv olur. İstehsalçılar da taktik və texniki xarakteristikaları yaxşılaşdırmaq imkanı qazanırlar. Avqust ukraynalı ovçular üçün ayrıca uğurlu olub", - Danilov sosial mediada belə yazıb.

Kasapoğlunun fikrincə, Ukrayna dronlardan başqa hava hücumundan müdafiə raketlərini də modifikasiya etmək üzərində çalışa bilər.

Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin hərbi təhlilçisi polkovnik Mark Kansian (Mark Cancian) Ukraynanın qısa zaman içində yeni güclü dronlar istehsal edəcəyini real saymır: "Daşıma qabiliyyəti və dəqiqliyi yüksək uzunmənzilli dron düzəltmək çətindir. Bu, bahalı və mürəkkəb işdir".

"The New York Times" ötən həftə özünün təhlil və videogörüntülərinə dayanaraq Ukraynanın azı üç dron modeli düzəldib Rusiyaya göndərdiyini yazıb.

Ölkədə çox sayda aerokosmik sahənin mütəxəssis və mühəndisi var. Ukrayna dünyanın ən iri hava gəmisinin istehsalçısı olan Antonov Dizayn Bürosunun, habelə məşhur qırıcı təyyarə mühərriki düzəldən "Motor Siç"in olduğu yerdir.

Bir milyard dollarlıq dron hədəfi?

Baş nazir Denis Şmihal ötən ay bildirib ki, Ukrayna bu il dron texnologiyalarına investisiyalarını 10 dəfəyədək artıraraq 1 milyard dollara çatdırmağı planlaşdırır. Ukraynanın büdcəsi müharibəyə görə məhduddur. Dron sənayesi qismən özəl qaynaqlardan maliyyələşir.

Uzunmənzilli silahların istehsalına gəlincə, Kansian deyir ki, Ukrayna, özəlliklə Qərbdən dəstək alarsa, potensial olaraq "Neptun" raketlərini modifikasiya edə bilər.

O, Rusiyanın daxilində önəmli bir hədəfi vurmaq üçün daşıma gücü böyük qurğularla hücum gerçəkləşdirməyin Ukrayna üçün böyük taktik dəyişiklik olacağını deyib və fikrini belə bitirib: "Müəyyən məqamda onlar bunu edəcəklər".

"Ukraynada düzəldilmiş silahla vurulan legitim hədəf olduğu müddətdə Qərb sakit qalacaq", - yenə Kansianın sözləridir.
Hazırda Atlantika Şurasında təhlilçi çalışan Hörbst deyir ki, Zelenskinin iyulun 30-da verdiyi bəyanat Rusiya daxilindəki gələcək zərbələrə Qərbin reaksiyasını yoxlamaq məqsədi güdmüş ola bilər.

XS
SM
MD
LG