Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:39

Ukrayna limanlarından daha üç gəmi çıxır


Baxmut şəhərinin boş küçələri, 3 avqust, 2022-ci il
Baxmut şəhərinin boş küçələri, 3 avqust, 2022-ci il

Üç gəmidə ümumilikdə 58 min tona yaxın qarğıdalı var

Qarğıdalı yüklənmiş daha üç gəmi Ukrayna limanlarından çıxıb. Məlumatı Türkiyənin Müdafiə Nazirliyi avqustun 5-də yayıb. Bu, Qara dəniz limanları ilə taxıl və digər kənd təsərrüfatı məhsulları ixracının bərpasına dair BMT-nin dəstəklədiyi razılaşmalar çərçivəsində gerçəkləşir.

Rusiya, Ukrayna və BMT-nin təmsil olunduğu, İstanbulda yerləşən Birgə Koordinasiya Mərkəzi iki gəminin Çornomorsk, birinin Odessadan çıxdığını bildirib.

Üç gəmidə ümumilikdə 58 min tona yaxın qarğıdalı var.

Gəmilər təftiş olunacaq

Odessadan çıxmış gəmi İrlandiyaya, digər ikisi Britaniya və Türkiyəyə gedir. Hər üç gəmi Birgə Təftiş Komandası tərəfindən, İstanbuldan şimalda yoxlamadan keçəcək.

Livana gedən ilk gəmi də Ukraynadan bu həftə çıxıb.

Ötən həftə Moskvayla Kiyev Türkiyə və BMT-nin vasitəçiliyi ilə Ukraynanın üç limanından ixracın bərpası üzrə razılaşma əldə ediblər.

Rusiya fevralın sonunda Ukraynaya hücuma başlayandan taxıl ixracı dayanıb.

Bu arada Ukraynanın şərqi Donetsk vilayətində ağır döyüşlər haqda xəbərlər gəlir. Moskvanın dəstəklədiyi separatçılar Kiyevin qüvvələrini Baxmut və Avdiyevkadan çıxarmağa çalışır. Ukrayna ordu rəsmiləri Rusiyanın cənubda yeni hücuma başlaya biləcəyini bildirirlər.

Nüvə zavodu yaxınlığına atəş açılır

Rusiya qüvvələri Zaporojye nüvə enerjisi zavoduna yaxıb şəhəri atəşə tutub. Ukraynanın ikinci böyük şəhəri Xarkovun da atəşə məruz qaldığı bildirilir.

Şəhərdə bir neçə sənaye obyektinin, yaxınlıqdakı Çuhuyev şəhərində isə beşmərtəbəli yaşayış binasının raketlə vurulduğu xəbər verilir.

Ukrayna qüvvələri Donetsk vilayətinin şimal-şərq və şərqində yerləşən Soledar və Baxmut şəhərlərində Rusiyanın hücumlarını uğurla dəf etməkdədir. Məlumatı avqustun 4-də Ukrayna Baş Qərargahının rəis müavini, briqada generalı Oleksey Hromov verib.

Ancaq Hromov Ukrayna əsgərlərinin Semihirya kəndindən və Avdiyevkanın cənub-şərqindəki mövqelərindən çıxmağa məcbur olduğunu təsdiqləyib.

Hromov deyir ki, Moskva Ukraynanın cənubundakı Xerson vilayətində üstünlüyü ələ almaq üçün yeni hücuma keçə bilər, orada qüvvə yığır.

Donetskdə vəziyyət

Donetsk vilayətində Rusiyanın dəstəklədiyi separatçıların liderlərinin məlumatına görə, Donetsk şəhərində Ukrayna tərəfin atəşindən azı üç nəfər həlak olub, altı nəfər yaralanıb.

Bu şəhər 2014-cü ildən separatçıların nəzarətindədir, ancaq Ukrayna ordusu Donetsk vilayətində böyük ərazilərə nəzarət edir. Hazırda Rusiya qüvvələri bu vilayətdə əhəmiyyətli miqyasda ərazi ələ keçirdiyini bildirir.

Donetskin Ukraynadan qubernatoru Pavlo Kirilenko son 24 saat ərzində Rusiya tərəfin atəşindən üç dinc sakinin öldürüldüyünü bildirib. Toretsk şəhərində isə Rusiyanın artilleriya atəşindən səkkiz nəfər öldürülüb, dörd nəfər yaralanıb.

NATO-nun Baş katibi Yens Stoltenberq avqustun 4-də deyib ki, alyans üzvləri Ukraynanın Rusiya işğalçılarına qarşı uzunmüddətli müharibəyə hazır olmasından ötrü daha çox silah və avadanlıq təminatı məqsədilə müdafiə şirkətləri ilə yaxından işləyir.

XS
SM
MD
LG