Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 09:41

Unun bahalaşdığı təsdiqləndi


"Günorta 44 manat oldu"
"Günorta 44 manat oldu"

Azərbaycan paytaxtı Bakıda fəaliyyət göstərən dəyirmanlar da unun bahalaşmasını təsdiqləyiblər. Dəyirmanlardan bildiriblər ki, 50 kiloqramlıq un maksimum 40 manat 70 qəpiyə təklif edilir.

Bu barədə məlumatı AzadlıqRadiosuna adının çəkilməsini istəməyən istehsalçı bir şirkətdən də təsdiqləyiblər.

Bu gün, avqustun 19-da yerli mediada un istehsalçılarının adından anonim müraciət yayılıb. Müraciəti konkret hansı şirkətlərin imzaladığını dəqiqləşdirmək mümkün olmayıb. Orada qiymət artımına səbəb kimi dünyada taxılın bahalaşması göstərilir. Həmin müraciətdə qiymətlərin yuxarı hədləri belə müəyyənləşdirilib:

- 50 kq-lıq bir kisə unun Bakı şəhərində ən yüksək qiymət həddi – 40 manat 70 qəpik;

- 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 55 qəpik;

- 600 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 65 qəpik;

- 650 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 70 qəpik.

Bu açıqlamaya görə, çörəyin qiyməti 5 qəpik bahalaşır.

Rayonlarda bahalaşma daha yüksəkdir

Amma bahalaşma rayonlarda daha kəskin müşahidə edilir. Şamaxı rayonunda iri marketlərdən birindən bildiriblər ki, hazırda onlarda 50 kiloqramlıq "Karmen" unu 43 manata təklif edilir. Marketdən etiraf ediblər ki, 50 kiloqramlıq unun kisəsi son həftədə təqribən 5 manat bahalaşıb.

"Günorta 44 manat oldu"

Son bir həftədə unun qiymətinin qalxacağı ilə bağlı səslənən ehtimallar özünü doğruldub. Dünən, avqustun 18-də Azərbaycanın bəzi regionlarda unun qiyməti artıb.

Şikayətçilərin sözlərinə görə, ən çox işlənən əla növ "Karmen" ununun 50 kiloqramlıq kisəsi bəzi rayonlarda 44, bir sıra rayonlarda da 40 manata yüksəlib.

İmişlidə yaşayan Zahid Ağaşov bildirir ki, son günlər unla bağlı qeyri-müəyyənlik olub: "İlin əvvəlində 50 kiloqramlıq un kisəsi 28 manatdan 36-ya qalxmışdı. Bundan sonrakı vaxtlarda tədricən 39 manata çatdı. Son günlərdə unun kisəsinin qiyməti 1 manat artmışdı. Bu gün, avqustun 18-də səhər 40 manata gördüyüm un kisəsi günorta 44 manat oldu. İndiyədək 50 qəpiyə aldığım çörəyin də qiyməti 10 qəpik artaraq 60 qəpik olub. Satıcılar deyirlər ki, bu, hələ real qiymət deyil".

"Bəs nə oldu?!"

Şirvan şəhərində çörəkbişirmə sexlərindən birinin adının açıqlanmasını istəməyən sahibi deyir ki, son bir neçə gündə unun qıtlığına səbəb dövriyyəyə keyfiyyətsiz məhsulun buraxılması olub: "Həmişə aldığımız dəyirmandan elə un vermişdilər ki, çörək bərk alındı. Müştərilərimiz şikayətləndi ki, ondan xoş olmayan iy gəlir. Demə hər yerdən şikayət varmış. Sakitcə gəlib unu bütün sexlərdən və satış nöqtələrindən yığışdırıb apardılar. Bax həmin günlərdə bazarda un kasad idi. Axşam televizorda deyildi ki, unun bahalaşması gözlənilmir, kifayət qədər ehtiyatımız var. Bəs nə oldu?!".

Baş verənlərə, hələlik, dəyirmanlardan və rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma bugünlərdə rəsmilər ölkədə kifayət qədər taxıl ehtiyatının olduğunu, bahalaşma baş verməyəcəyini söyləyirdilər. Hərçənd bəzi rayonlardan un qıtlığı ilə bağlı məlumatlar gəlməkdə idi.

XS
SM
MD
LG