Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 21:41

Universitet müəllimi adamları aldatmaqda suçlanır


Bakı Ağır Cinayətlər Məhkəməsi
Bakı Ağır Cinayətlər Məhkəməsi

Dövlət Dillər, Odlar Yurdu universitetlərinin müəllimi olmuş 34-yaşlı Leyla Əliyeva həbs olunub. O, işə düzəltmək, banka kredit ödəmək adıyla pul alıb adamları aldatmaqda suçlanır. İddia olunur ki, o, adamların bir qisminə özünü Azərbaycan Diplomatiya Akademiyasının müəllimi kimi təqdim edib. Zərərçəkənlər arasında Xətai rayon prokuroru Yusif İldırımzadənin yaxınları da var.

L.Əliyeva ev dustaqlığına buraxılmasını istəyir. Deyir ki, azadlıqda olsa, çalışıb, zərərçəkənlərə dəymiş ziyanı ödəyə bilər. O, həbsdə olduğu müddətdə valideynləri az da olsa, puldan ödəyib. Ancaq istintaq dövründə də, məhkəmədə də vəkilinin ev dustaqlığıyla bağlı vəsatətləri rədd edilib.

«8 min pul istədi»

Zərərçəkən Kəmalə Əliyeva məhkəmədə danışır ki, Dövlət Dillər Universitetində Leyla ilə eyni vaxtda oxuyublar. İllər sonra təsadüfən qarşılaşıblar və Leyla onun işləmədiyini bilib:


«Sonrakı danışıqlarımızda dedi ki, həyat yoldaşı Şahin Azərbaycan Diplomatiya Akademiyasında (ADA) işləyir. Məni ora işə düzəldə bilər. Sənədlərimi hazırlayıb, gətirib ona verdim. 4 min manat da pul verdim. Atası pulumun 2 min manatını qaytarıb».

Başqa bir zərərçəkən Heyran Amanova Leyla ilə Dövlət Dillər Universitetində birlikdə işləyib. Analıq məzuniyyətində olan Heyran Leylanın həmin universitetdən çıxdığını sonradan eşidib: «Mənə dedi ki, artıq ADA-da işləyir, məni də ora düzəldə bilər. Dedim, bacım işsizdir. Onu düzəltmək üçün 8 min pul istədi. Verdik. Məni qohumların yanında çox pis vəziyyətdə qoydu. İnanmırdım ki, belə iş görər, müdafiə edirdim ki, yox, iş düzələcək, gözləyin. Leylanın bu hərəkətindən sonra insanlara inamım öldü».

Zərərçəkmiş Gövhər və anası Sevda İldırımzadələr isə L.Əliyevaya 43 min dollar pul verdiklərini iddia edir. G.İldırımzadə Leyla ilə ali məktəbdə birlikdə təhsil alıb.

İldırımzadələr məhkəməyə gəlmir. Hər ikisi teleqram göndərib ki, istintaqdakı ifadələrini təsdiqləyirlər. İstintaqdakı ifadələrindən isə belə məlum olur ki, onlar bankdan kredit götürüblər. 43 min dollar da krediti bağlamaq üçün imiş. Leyla pulu onlardan alıb, krediti də, faizlərini də özü ödəyəcəyini deyib. Amma kredit ödənilməyib.

«Ailəm dağıldı, övladım tələf oldu...»

L.Əliyeva adamlardan pulları aldığını təsdiqləyir. Borcu olduğuna görə bu addımları atdığını söyləyir. İldırımzadələrdən alınan pula gəlincə, bildirir ki, o puldan 3 min dollarını banka kreditdən ödəyib. Onun sözlərinə görə, İldırımzadələr daha az faiz ödəmək üçün pulu ona vermişdilər.

L.Əliyeva məhkəmədə deyib ki, İldırımzadələrin şikayətindən sonra həbs olunub. Həbsindən dərhal sonra da həyat yoldaşı onu boşayıb: «Ailəm dağıldı, övladım tələf oldu...».

O, hərəkətlərindən peşman olduğunu deyir, düşdüyü ağır vəziyyətdən çıxa bilmək üçün imkan yaradılmasını istəyir. Zərərçəkənlər isə onlardan alınan pulların hamısının qaytarılmasını tələb edirlər.

Yaxınlarının AzadlıqRadiosuna bildirdiyinə görə, L.Əliyevanın həyat yoldaşı yüksəkvəzifəli şəxslərdən birinin qohumudur.

G.İldırımzadə polis polkovniki Rasim İldırımzadənin qızı, S.İldırımzadə isə həyat yoldaşıdır. R.İldırımzadə özü də Xətai rayon prokuroru Yusif İldırımzadənin qardaşıdır.

L.Əliyevanın anası Nüşabə Məmmədova prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyevaya məktub göndərib, qızının azadlığa çıxmasına şərait yaradılmasını xahiş edib.

XS
SM
MD
LG