Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:51

Azərbaycan Cənubi Qafqazda ən çox uşaq ölən ölkədir


Dünyada və Azərbaycanda uşaq ölümləri 50 faiz azalıb, lakin Azərbaycan Cənubi Qafqazda ən çox uşağın öldüyü ölkədir

Dünya Səhiyyə Təşkilatının və UNİCEF-in yenicə açıqlanmış hesabatına görə 1990-cı illərdən bəri bütün dünya üzrə uşaq ölümlərinin sayı 50 faiz azalıb.

Hesabatda deyilir ki, 25 il əvvəl 5 yaşından aşağı uşaqlar arasında ölüm hallarının sayı 12, 7 milyon idisə, bu il bu rəqəmin 6 milyondan az olacağı gözlənilir.

Ermənistanda hər min nəfərə 18, Gürcüstanda 15, Azərbaycanda isə 52 uşaq ölümü qeydə alınıb

Azərbaycanda da 1990-cı illə müqayisədə hər min nəfərə düşən uşaq ölümü hallarının sayı yarıbayarı azalaraq 105-dən 52-yə düşüb, lakin bu, Cənubi Qafqazda ən pis göstəricidir.

Azərbaycanın reytinq cədvəlindəki yeri 32-dirsə, Ermənistan (Qazaxıstan da) 14, Gürcüstan isə 12-ci yerdədir. Ermənistanda indi hər min nəfərə 18, Gürcüstanda isə 15 uşaq ölümü qeydə alınıb. Azərbaycandan fərqli olaraq Gürcüstan və Ermənistan 2015-ci il üçün BMT-nin hədəfini vura bilib.

Azərbaycanın minillik hədəfə 2030-cu ildə çatacağı gözlənilir. Bu hədəf hər 1000 doğuşdan 32 və daha az ölüm deməkdir.

Neft zəngini olsalar da...

Uşaq ölümlərinə görə keçmiş sovet respublikalarından yalnız Tacikistan (72), Türkmənistan (95) və Özbəkistan (80) Azərbaycandan irəlidədir.

Neftlə zəngin Anqolada 5 yaşından aşağı hər min uşaqdan 254-ü dünyasını dəyişir. Bu, planet üzrə ən pis göstəricidir

Azərbaycan və Türkmənistan kimi Anqolaya da neft sərvətləri kömək edə bilməyib. Orada 5 yaşından aşağı hər min uşaqdan 254-ü dünyasını dəyişir. Bu planet üzrə ən pis göstəricidir.

Uşaq ölümünün ən az baş verdiyi ölkələr Şimali və Qərbi Avropadadır. Bunlar Lüksemburq, İslandiya, Finlandiya və Norveçdir. Bu ölkələrdə hər min uşaqdan ölənlərin sayı 3-dən azdır.

Hər gün 16 min uşaq

Rusiyada 5 yaşından aşağı olanlar arasında hər min nəfərə 11 uşaq ölümü düşür.

Bütün dünyada uşaq ölümlərinin sayı azalsa da, BMT-nin uşaq ölümünün ixtisarı hədəfi yerinə yetirilməyib. Bu hədəf 1990-2015-ci illər arasında uşaq ölümlərinin 3-də iki qədər azalmasını nəzərdə tuturdu.

Hesabatda deyilir ki, hazırda hər gün 5 yaşdan kiçik olan 16 min uşaq dünyasını dəyişir.

XS
SM
MD
LG