Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:37

'Uşaqpulu vermirik, heç olmasa...'


K.Əsədov
K.Əsədov

Son vaxtlar cəmiyyətdə məktəblilərin nəqliyyatdan pulsuz istifadə etməsi haqqında təkliflər eşidilir.

Bu mövzu ilə bağlı müzakirələri dəyərləndirən təhsil üzrə ekspert Kamran Əsədov da deyir ki, məktəbli formasında olan şagirdlərdən gediş haqqı alınmaması təklifini dəstəkləyir.

K.Əsədov bildirir ki, hazırda onun özü də ölkə prezidenti və Nazirlər Kabinetinə bu məsələ ilə bağlı müraciət mətni üzərində işləyir: «Ölkədə 4470 orta təhsil müəssisəsi var. Bu qədər məktəbdə isə 1.5 milyon şagird oxuyur. Amma heç də onların hamısı gündəlik ictimai nəqliyyatdan istifadə edərək məktəbə getmirlər. Bir çoxumuz uşaqları evlərinin yaxınlığında olan məktəblərə göndəririk. Amma elə yerlər var ki, əhalisi sıx olsa da, orda məktəb yoxdur. Ona görə də məktəbli formasında olanlar gediş haqqından azad edilməlidir».

Hazırda yalnız 7 yaşına qədər uşaqlar gediş haqqından azaddırlar.

«Bu, dövlət büdcəsinə böyük ziyan vurmayacaq»

K.Əsədov deyir ki, indi isə bütün məktəblilər nəqliyyat xərcindən azad olunmalıdırlar:

'25 manata çanta almağa gücümüz çatmır axı'
Gözlə

No media source currently available

0:00 0:02:26 0:00


«İndi gediş haqqı 30 qəpikdir. Bir şagird üçün təkcə nəqliyyat xərci gündəlik 1 manat edir. Elə ailələr var ki, 2-3 uşağı var. Bu, artıq böyük xərclərə gətirib çıxarır. Biz onlara uşaqpulu vermirik, heç olmasa, onlardan pul almayaq. Mən inanıram ki, aidiyyəti dövlət qurumları bu məsələ ilə bağlı müsbət addımlar atacaqlar. Bu, dövlət büdcəsinə böyük ziyan vurmayacaq».

K.Əsədovun vurğulamasına görə, bu günlərdə avtobusda 3 məktəblinin anasının gediş haqqına görə düşürüldüyünün şahidi olub: «Bu, heç vicdana da sığmır. Düzdür, sürücü vəzifə borcunu yerinə yetirir, amma qanundan üstün olan şeylər də var».

Bəs ekspert məktəblilərin rahat gediş-gəlişləri üçün xüsusi avtobusların istifadəyə verilməsinə necə baxır?

«Azərbaycanda məktəblər üçün servis avtobuslar işləyə bilməz. Çünki Bakı plan üzrə tikilməyib, kim harada istəyir, ev tikir, bina ucaldır. Təkcə Bakı şəhərində 317 məktəb var. Heç də hər məktəbə onun ətrafında yaşayanlar gəlmir. Biri Yasamaldan gəlir, o biri Xətaidən və s. Bəzi özəl məktəblərdə belə servislər var, amma onlar vahid marşrut xətti üzrə işləyirlər, vahid marşrut xətti də əlverişli deyil», - o cavab verib.

M.Mürşüdlü
M.Mürşüdlü

«Yaxşı olar ki, uşaqpulu verilsin...»

Başqa bir ekspert Məlahət Mürşüdlü də düşünür ki, orta məktəb şagirdlərinin ictimai nəqliyyatdan pulsuz istifadə etməsi yaxşı təklifdir, amma o bunun reallığa çevriləcəyini mümkün saymır.

Ekspertə görə, məktəblinin nəqliyyatdan pulsuz istifadəsi yerinə uşaqlara aylıq müavinətlərin verilməsinin bərpası üzərində dayanmaq yaxşı olardı: «Yaxşı olar ki, uşaq pulları verilsin, onda şagirdlərin ictimai nəqliyyatdan pulsuz istifadə etmələrinin vacibliyi məsələsi də qaldırılmaz. Bunu təcrübədən irəli gələrək deyirəm. Bir vaxtlar müəllimlər də ictimai nəqliyyatdan pulsuz istifadə edirdi. Ancaq bu hal onlara qarşı sürücülər tərəfindən təhqirlər, nalayiq hərəkətlərə gətirib çıxartdı».

Məktəblilərin gediş haqlarından azad edilməsi ilə bağlı təklifə, hələlik, Təhsil Nazirliyi və Nazirlər Kabinetindən münasibət öyrənmək mümkün olmayıb.

Cəmiyyətdə uşaqlara aylıq müavinətin bərpası ilə bağlı da son aylar təkliflər eşidilsə də, rəsmilər bu məsələyə o qədər də isti yanaşmırlar. Onların bəzilərinin fikrincə, uşaqlara aylıq müavinətlərin sosial müavinətlərlə paralel verilməsi düzgün olmazdı.

Bir uşağa baxmaq xərcləri nə qədərdir?
Gözlə

No media source currently available

0:00 0:03:03 0:00

Xatırlatma

Azərbaycanda uşaqlara aylıq müavinətlərin verilməsi 2006-cı ildən ünvanlı sosial yardımların verilməsi ilə dayandırılıb.

Hərçənd, son illər ölkədə ünvanlı sosial yardım alanların da sayında azalma var. Rəsmilər bunu özünüməşğulluq proqramının tətbiqi, müxalifət isə hökumətin qənaət tədbirləri ilə izah edir.

XS
SM
MD
LG