Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:56

Azərbaycanda neçə nəfər fəal vergi ödəyicisi var?


Gələn ilin büdcəsi - dövlət pulu necə bölünəcək?
Gözlə

No media source currently available

0:00 0:03:28 0:00

Gələn ilin büdcəsi - dövlət pulu necə bölünəcək?

Gəlirin yoxsa da, fəal vergi ödəyicisi sayılırsan

Rəsmi açıqlamalarda tez-tez Azərbaycanda əlverişli biznes mühitinin olmasından və ölkədə 1 milyondan çox sahibkarın fəaliyyət göstərməsindən söz açılır. Doğrudan da bu ilin 9 ayının nəticələrinə görə, Azərbaycanda 1 milyon 142 min fərdi sahibkar var. Amma əsas məqam həmin şəxslərdən nə qədərinin aktiv fəaliyyət göstərməsidir. Üstəlik, öncə onu da aydınlaşdırmaq lazımdır ki, "aktiv vergi ödəyicisi" dedikdə kimlər nəzərdə tutulur? Azərbaycanın vergi məcəlləsinə görə, sahibkarlıq fəaliyyətini dayandırması ilə bağlı vergi orqanına arayış təqdim etməyən hər kəs aktiv vergi ödəyicisi sayılır. Başqa deyimlə, belə arayışı təqdim etməyən şəxs hətta vergi ili ərzində heç bir gəlir əldə etməsə də, aktiv vergi ödəyicisi hesab olunacaq.

Nə qədər aktiv vergi ödəyicisi var?

Dövlət Vergi Xidmətinin (DVX) sonuncu açıqlamasına görə, ölkədə fəaliyyət göstərən aktiv vergi ödəyicilərinin sayı 650 min nəfərdir. Onu da nəzərə almaq lazımdır ki, DVX həmin 650 min vergi ödəyicisinin neçəsinin sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxs və neçəsinin hüquqi şəxs olduğunu açıqlamayıb. Belə çıxır ki, açıqlanan rəqəm fərdi sahibkarlarla yanaşı, şirkətləri də əhatə edir. DVX-nin açıqlamadığı daha bir göstərici aktiv vergi ödəyicisi sayılan şəxslərin neçəsinin aylıq, rüblük və ya illik əsasda vergi ödəməsi ilə bağlıdır. Axı 650 min fəal vergi ödəyicisi arasında hüquqi şəxslərlə yanaşı, ilboyu heç bir vergi ödəməyən şəxslər də var. Bütün bunlar hər ay davamlı gəlir əldə edən fərdi sahibkarların sayca qeydiyyatda olan toplam fərdi sahibkar sayından dəfələrlə az olduğunu göstərir.

Qanunvericiliyə görə, fərdi sahibkarlar mikrosahibkarlıq subyekti sayılır. Azərbaycan qanunlarında biznesin ölçüsü baxımından sahibkarlar dörd qrupa bölünür: mikro-, kiçik, orta və iri sahibkarlar. Mikrosahibkarlara ortalama işçi sayı 10 nəfərədək, illik gəliri 200 min manatadək olan sahibkarlar aid edilir. Kiçik sahibkar dedikdə isə işçi sayı 11 nəfərdən 50 nəfərədək, illik gəliri 200 min manatdan 3 milyon manatadək olan sahibkarlar nəzərdə tutulur. Orta sahibkar kateqoriyasına aid edilmək üçün sahibkarlıq subyektinin işçi sayı 51-250 nəfər, illik gəliri isə 3-30 milyon manat arasında olmalıdır. İri sahibkarlıq subyekti sayılmaqdan ötrü işçi sayı 251 nəfəri, illik gəlirsə 30 milyon manatı aşmalıdır. Dövlət Statistika Komitəsinin hesabatına görə, ötən il ölkədə fəaliyyət göstərən mikrosahibkarlıq subyektlərinin sayı (fərdi sahibkarlar) 240 min 108 olub.

Fərdi sahibkarlar ən çox hansı sahələrdə çalışırlar?

Dövlət Statistika Komitəsinin fərdi sahibkarlarla bağlı sonuncu göstəriciləri bu ilin ilk yarısını əhatə edir. Komitənin məlumatına görə, ölkədə fəaliyyət göstərən fərdi sahibkarların 33.3 faizi, yəni hər üç fərdi sahibkardan biri kənd təsərrüfatı ilə bağlı sahələrdə qeydiyyatdan keçib. Fərdi sahibkarın ən çox qeydiyyatdan keçdiyi digər sahə ticarətdir. Ölkədəki fərdi sahibkarların 21 faizi məhz ticarət sahəsində fəaliyyətlə bağlı qeydiyyatdan keçib. Nəqliyyat və anbar təsərrüfatı (11 faiz), fərdi istehlak üçün ev təsərrüfatlarının istehsal etdiyi mal və xidmətlərə dair fəaliyyət (6.2 faiz), eləcə də turistlərin yerləşdirilməsi və ictimai iaşə (4 faiz) sahələri də ölkədə fərdi sahibkarların ən çox çalışdıqları sahələr arasındadır.

Digər sahələrdə olduğu kimi, fərdi sahibkarın da fəaliyyət göstərdiyi əsas ərazi paytaxt Bakıdır. Ölkədə fərdi sahibkar kimi qeydiyyatdan keçən şəxslərin 28 faizi məhz Bakıda çalışır. Muzdlu işçilərdə olduğu kimi, sahibkarlar arasında da cins baxımından ciddi fərqlər gözə çarpır. Son məlumata görə, ölkədə fərdi sahibkar kimi qeydə alınan şəxslərin cəmi 21 faizi qadın, 79 faizi kişidir. Bütün kişi fərdi sahibkarların 27 faizi Bakıda fəaliyyət göstərir. Qadınlar arasında bu göstərici daha yüksəkdir - 30 faiz. Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsündən aydın olur ki, Gəncə-Daşkəsən (25.4 faiz), Qazax-Tovuz (24.6 faiz), Bakı (23.4 faiz), Naxçıvan Muxtar Respublikası (22.8 faiz) və Lənkəran-Astara (21.6 faiz) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.

Fərdi sahibkarlarla bağlı vergi dəyişiklikləri

Gələn il vergi ödənişi baxımından fərdi sahibkarlar üçün də yeniliklərlə zəngin olacaq. "Sosial Sığorta haqqında" Qanuna görə, həmin sahibkarlar sahibkarlıq fəaliyyəti üzrə minimum əməkhaqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə isə 25 faizi miqdarında məcburi dövlət sosial sığortahaqqı ödəyirdilər. Bu il ölkədə minimum maaşlar 250 manat olduğundan tikinti və ticarət sahələrində çalışanlar aylıq 125 manat, digər sahələrdə çalışan sahiblarlarsa 62 manat 50 qəpik məbləğində məcburi dövlət sosial sığortahaqqı ödəyirdilər. Gələn il ölkədə minimum əməkhaqqı 300 manata yüksələcəyindən həmin ödənişlər də, uyğun olaraq, 150 və 75 manat olacaq.

Fərdi sahibkarların gələn ildən etibarən ödəyəcəyi yeni bir vergi də əmlak vergisidir. Belə ki, vergi məcəlləsində nəzərdə tutulan dəyişiklikdə qeyd edilir ki, Azərbaycanda fəaliyyət göstərən fərdi sahibkarlar, yəni hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olanlar da əsas vəsaitlərinə görə müəssisələr kimi 1 faiz əmlak vergisi ödəməlidirlər. Buna qədər fərdi sahibkarlar fiziki şəxslər kimi müəyyən olunmuş əmsallarla vergi ödəyirdilər. Məsələn, Bakı üzrə hər kvadrata görə 0.4 manat, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu 0.3 manat, digər şəhərlər (rayon tabeliyində olan şəhərlər istisna olmaqla), rayon mərkəzləri 0.2 manat, rayon tabeliyində olan şəhər, qəsəbə və kəndlərdə 0.1 manat ödəniş aparırdılar.

Bəzi sahələrdə çalışan fərdi sahibkarlar əvvəlki kimi əmlak vergisinə cəlb edilməyəcəklər. Bu sahələrdə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sənətkarlıq emalatxanalarının binaları və ya binaların bu emalatxanalarda yerləşən bölümləri əmlak vergisinə cəlb edilməyəcək:

- Misgərlik, qalayçılıq, dulusçuluq və saxsı məmulatları;

- Təsərrüfat gərəkləri, bağçılıq-bostançılıq və xalq musiqi alətləri;

-Oyuncaq və suvenirlər, qamış və qarğıdan düzəldilən məişət əşyaları;

- Keramika məmulatlarının bədii işlənməsi, bədii tikmə;

- Taxtadan məişət alətləri hazırlama sahəsində.

XS
SM
MD
LG