Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:26

Vergilər Nazirliyinin müəmmalı 4 müqaviləsi


►Nazirliyin inşa ediləcək yeni inzibati binası gah - 31; gah - 33, gah da 39 mərtəbəli göstərilib, amma əsas məsələ bu deyil…

Türkiyənin «Tekfen İnşaat» şirkəti Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə 94 milyon ABŞ dolları (təxminən 150 milyon manat) dəyərində müqavilə bağladığını bildirib.

Söhbət nazirliyin Heydər Əliyev prospektindəki yeni inzibati binasından gedir.

VN-də AzadlıqRadiosunun sualına cavab verə bilməyiblər

Ötən il Vergilər Nazirliyi sözügedən inzibati binanın tikintisinə «Renaissance Construction Azerbaijan» şirkəti ilə 132 milyon 121 min 681 manat 90 qəpik dəyərində müqavilə imzaladığını açıqlamışdı. Nazirlikdə bu iki müqavilənin bir-birinə bağlılıq dərəcəsi haqqında AzadlıqRadiosunun sualına cavab verə bilməyiblər.

Başqa sözlə, “Nazirlik əvvəlki müqaviləni pozub, yoxsa «Tekfen İnşaat» şirkəti subpodrat işlərinə cəlb olunacaq” sualı cavabsız qalıb.

«Tekfen»in açıqlamasında deyilir ki, şirkət betonlama, metal və ön cəbhə işlərini görəcək.

Binanın mərtəbə sayındakı bilinməzlik

Maraqlıdır ki, nazirliyin ötən il “Renaissance Construction Azerbaijan” MMC ilə bağladığı müqavilədə binanın 31 mərtəbəli olacağı bildirilmişdi. “Tekfen”in açıqlamasında sözügedən bina 2 mərtəbə “ucaldılaraq” 33 mərtəbə göstərilib. Binanın layihəsinə dair məlumat lövhəsində isə mərtəbələrin sayının 39 olduğu yazılıb.

Düzdür, bütün hallarda binanın “boyu” 170 metrə yaxın (məlumat lövhəsində - 168,4 m) qeyd olunub.

«Tekfen İnşaat» şirkəti ilə bağlanmış yeni müqavilə tikinti işləri ilə bağlı sayca dördüncü müqavilədir. 2013-cü ildə «Aikon Cpit» MMC ilə 20 milyon 796 min 670 manat, 2014-2015-ci illərdə «Renaissance Construction Azerbaijan» MMC ilə 18 milyon 499 min 719 manat və 132 milyon 121 min 681 manat məbləğində müqavilələr bağlanıb.

«Renaissance» haqqında nə məlumdur?

Vergilər Nazirliyi 2012-ci ildə «Renaissance Construction Azerbaijan» MMC ilə layihələndirmə işlərinin təşkilinə və gerçəkləşdirilməsinə 686 min 330 manat 45 qəpik, mühəndis-axtarış və layihələndirmə işlərinin təşkili və həyata keçirilməsinə 3 milyon 812 min 946 manat 94 qəpik dəyərində iki müqavilə bağlayıb.

«Renaissance Construction Azerbaijan» MMC «Synergy Group» ASC-yə daxildir. Bu qurum 2010-cu ildə «Synergy Construction»la «Rec Uluslararası İnşaat Yatırım Sanaye ve Ticaret A.S» (Türkiyənin «Renaissance Construction» şirkətinin törəmə müəssisəsi) şirkətləri tərəfindən bərabər paylarla təsis edilib.

«Renaissance» şirkətinin saytında Vergilər Nazirliyinin inzibati binasının onun tərəfindən inşa edildiyi yazılır.

AzadlıqRadiosunun müşahidələrinə görə...

Bakı şəhəri Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı Baş İdarəsinin yaxınlığında tikilən bu binada indi işlər dondurulub. Binanın ilin sonunda təhvil veriləcəyi elan edilsə də, hələlik, yalnız təməl işləri başa çatdırılıb.

XS
SM
MD
LG