Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:51

'Volt'dan AQTA-ya cavab: 'Fəaliyyətimizi davam etdiririk'


Bakıda "Wolt" və "Bolt" kuryerlərinin boykot aksiyası - 26 aprel 2022-ci il
Bakıda "Wolt" və "Bolt" kuryerlərinin boykot aksiyası - 26 aprel 2022-ci il

""Volt Azərbaycan" MMC şirkəti Azərbaycanda öz fəaliyyətini davam etdirir "

Bunu "Turan"a həmin şirkətdən bildiriblər.

MMC-dən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) avqustun 14-də irəli sürülən iddialar təkzib olunub:

"Wolt öz fəaliyyətini heç bir qanun pozuntusu olmadan həyata keçirir və bu məhkəmənin qüvvəyə minmiş qərarı ilə təsdiqlənib. Təəssüflər olsun ki, AQTA şirkətimizə təzyiq göstərmək üçün nüfuzumuza xələl gətirən natamam və həqiqətə uyğun olmayan məlumatların sosial şəbəkələrdə yayılması yolunu seçib”.

‘Volt Azərbaycan’ MMC-nin çatdırılma fəaliyyəti dayandırılır?

Bundan əvvəl, avqustun 14-də “Volt Azərbaycan” məhdud məsuliyyətli cəmiyyətinin (MMC) çatdırılma fəaliyyətinin dayandırılması ilə bağlı məhdudlaşdırıcı qərar verildiyi bildirilirdi.

Bu barədə avqustun 14-də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Məlumatda bildirilir ki, bu qurumun qida məhsullarının çatdırılması (daşınması) müəssisəsində planlı yoxlama çərçivəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulduğu aşkarlanıb.

Əlavə edilir ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, məhsullarının istehlakçılara çatdırılması zamanı isti və soyuq zəncirin qorunmadığı müəyyən edilib.

AQTA habelə iddia edir ki, məhsulların temperatur rejimi qaydaları pozulmaqla daşındığı, dezinfeksiya işlərinin aparılmadığı, çatdırılmada iştirak edən şəxslərin tibbi müayinədən keçmədikləri də aşkarlanıb:

"...Sözügedən müəssisə tərəfindən qida məhsullarının çatdırılması fəaliyyətinin dayandırılması, ilkin və dövri tibbi müayinədən keçməyən şəxslərin müəssisədən kənarlaşdırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib."

Açıqlamaya görə, sonra isə qəbul edilmiş qərarın icra vəziyyətinin yoxlanılması ilə əlaqədar MMC-də plandankənar yoxlama keçirilib:

"...Nöqsanların aradan qaldırılmadığı...müəyyən olunub. Bununla əlaqədar həmin müəssisənin fəaliyyətinin dayandırılması ilə bağlı məhdudlaşdırıcı qərarın təkrar tətbiqi barədə qərar qəbul edilib."

"Volt Azərbaycan” MMC-dən isə, hələlik, bu rəsmi açıqlamanı şərh etməyiblər. Qurumdan "Turana" deyiblər ki, məsələ ilə bağlı açıqlama veriləcək.

"Wolt" Azərbaycan bazarına 2019-cu ildə daxil olub.

Şirkət 2015-ci ilin yayında Finlandiyanın Helsinki şəhərində on restoranla birlikdə fəaliyyətə başlayıb. Hazırda 20-dən çox ölkə və 120-dən artıq şəhərdə fəaliyyət göstərdiyi deyilir.

Kuryerlərlə bağlı problem...

Avqustun 1-də Bakıda moped sürən kuryerlərin etiraz aksiyası olmuşdu. Kuryerlər yeni qanunvericiliyə əsasən, onlardan sürücülük vəsiqəsi tələb olunması və bu üzdən polislərin nəqliyyat vasitələrini cərimə meydançasına aparmasına etiraz etdiklərini bildirmişdilər.

Kuryerlərin etiraz aksiyasında İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının üzvləri də iştirak edib.

Sonradan Konfederasiyanin bəzi üzvləri narkotik və başqa ittihamla həbs ediliblər. Yaxınları onlara qarşı ittihamları şübhəli sayırlar.

2022-ci ilin sonunda "Yol hərəkəti haqqında" qanuna edilən dəyişikliyə əsasən, konstruktiv maksimal sürəti 50 km/saatdan çox olan mopedlərin istifadəçiləri sürücülük vəsiqəsi almalıdırlar.

AQTA-nın qərarının da kuryerlərin işinə təsir edəcəyi gözlənir.

XS
SM
MD
LG