Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:47

Xaçınçayla gələn ölüm


Foto arxiv
Foto arxiv

-

«Bir gündə üç dəfə mina partlayıb. Qarqar çayının yanında da iki mina tapılıb. Gözümüz, qulağımız uşaqlarda, cavanlardadır ki, çay tərəflərə hərlənməsinlər. Həyatımıza hər an təhlükə var».

Ağdamın Orta Qərvənd kəndinin sakinləri təşviş içərisindədirlər. Elşən Mustafayev deyir, təşvişi yaradan kənddən keçən Xaçınçay çayıdır. İllərdir ki, suyu qurumuş çay leysanlar nəticəsində canlanıb. Canlanması ilə kəndə əməlli-başlı təhlükə gətirib:

«BİR DƏ GÖRÜRSƏN, PARTLAYIŞ SƏSİ GƏLDİ...»

«Bu çayın mənbəyi bizdən yuxarıda - ermənilərin işğalı altında olan ərazilərdədir. Oradan çaya partlamamış minalar axıdırlar. Gəlib kəndin ərazisində partlayır. Bir də görürsən, partlayış səsi gəldi».

Kənd sakini Məzahir Abbasov deyir, çayın məcradan çıxması körpüləri, yolları dağıdıb, bu azmış kimi, son leysanlardan sonra kənddəki əkin sahələrində qorxa-qorxa addımlayırlar:

«5 ildən çoxdur bu çay qurumuşdu. Kaş elə də qalaydı. Bizi həm yolsuz, körpüsüz qoyub, həm də həyatımıza təhlükə yaradıb. Çayın suyu arxlarla əkin sahələrimizə gəlir. Bu o deməkdir ki, həmin minalar da sahələrə gəlib düşə bilər. İyunun 12-də səhər obaşdan üç mina partladı. Bütün kənd bir-birinə dəydi».

AXTARIŞ APARMAQ MÜMKÜN DEYİL

Ağdam rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, ANAMA nümayəndələri kəndin ərazisindən keçən nə Xaçınçayda, nə də Qarqarçayda axtarış apara bilir. Güclü axın buna imkan vermir: «Hələlik çalışırıq ki, əkin sahələrinə gedən arxların qarşısını kəsək. ANAMA nümayəndələri kənddə işləyirlər. Partlamamış minaları zərərsizləşdirirlər. İndi Qarqarçayın kənarında təmizləmə işləri aparırlar. Dünən iki ədəd partlamamış mina aşkar ediblər».

İcra hakimiyyəti sakinlərə çayətrafı ərazilərdən bir müddət kənar gəzməyi məsləhət görür.

XS
SM
MD
LG