Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:36

Qadağan olunmuş torla balıq tutanlar...- [Reportaj]


Xəzərin balıq ovçuları
Gözlə

No media source currently available

0:00 0:00:37 0:00

Xəzərin balıq ovçuları

►Balıqçının toruna niyə balıq düşmür?

“Əvvəllər balıq çox idi, balıq böyük idi, indi...”

Sahilboyu düzülən balıqçılar söhbətə, adətən, belə başlayırlar. Xəzərdə balığın azlığından, bəzi növlərin yoxa çıxmasından gileylənirlər. Ovçu söhbəti şirin olar, siz də yaxın gəlin.

Küləkli havada dənizin üstündə alabəzək şarlar gözə dəyir. Balıqçılar şarları qarmağa keçirib dənizə atıblar ki, külək onu sahildən bir neçə yüz metr uzağa aparsın, daha çox qənimətlə qayıda bilsinlər.

Hatam Salimzanov bu “icad”ın sirrini açır bizə:

“Plastik qutunun başını kəsir, ora ağır bir şey qoyur, şarı üstünə bağlayırıq, qarmağı da butulkanın boğazına keçiririk. Külək hara qədər aparar aparsın”.

Təqaüdçü Hatam Salimzanov suya basdırdığı balıq dolu toru göstərir. Az deyil. Amma çoxu xırdadır. Deyir:

“Təqaüddəyəm, tutmağa iş yoxdur, mən də balıq tuturam. Bunları da qızımın ad gününə aparacağam”. (ardı aşağıda)

BALIQLARIN QƏNİMİ “KİTAYSKİ” TORLAR

Vahid Rzayev hər addımda qarşımıza çıxan, yarısökülü, yarıburulmuş toru qaldırıb göstərir:

– Görürsən bunu? Balığın qənimidir. İrili-xırdalı bütün balıqları cənginə keçirir. Dənizdən çıxarıblar, balığı götürüb, özünü də bura atıblar. Bir dəfə atdın dənizə, vəssalam, sonra işlətmək olmur. “Kitayski”dir. Asan qırılan materialı var. Balığı dolayıb yığır.

– Kim atır bunları dənizə?

– Qayıqlarda gəlirlər, toru səpələyirlər. Gərək axşam gələydiniz, onda görəcəkdiniz, 20 qayıq birdən gedir. Hər kəsin dalında dayanan var. Lisenziya da sadələşdirilib. Toru da kilometrlə səpirlər, 3 kilometr, 2 kilometr, dənizi də zəbt edirlər. (Ardı aşağıda)

Vahid Rzayev Bakının 8-ci kilometr qəsəbəsindən Hövsana balıq tutmağa gəlir. Danışır ki, əvvəllər Rusiyada işləyib, sonra da Dövlət Neft Şirkətində. Az sonra ixtisara düşüb. İki övlad atası oğlunun yaxşı qiymətləri, müəllimlərin onun haqqında söylədiyi xoş sözlərlə öyünür. Hətta bir yerdə qəhərlənir də:

“Elə sözlər yazıblar ki, qürur duyursan. Bu uşağa köynək almalıyam, şalvar alnalıyam...”

Elə ona görə də ilin altı ayı tilovunu da götürüb Hövsana, Türkana balığa gedir. Balıq da ki... dediyinə görə, kökü kəsilməkdədir.

Balıqçı Vahid Rzayev: "Gör nə qədər adam balıq tutur burda"
Gözlə

No media source currently available

0:00 0:01:56 0:00
Direct-ə keçid

“Gör nə qədər adam var, hərə bir, ya ikisini tutur. Həm neft çıxarılır, qaz çıxarılır, həm də tor səpirlər, ona görədir. Həddən artıq çox tor tökürlər. “Odnarazovı tor”dur, bütün balıqları məhv edir. İnsanlar da dəyişir, getdikcə vəhşiləşirlər, heç kim təbiəti fikirləşmir. Qabaq kütüm vardı, bej vardı... Onların kökü kəsilir. Uzaqda, torda-zadda bir-iki dənə düşər-düşməz. Bizə də xırdası gəlib çıxır. Kiloluq balıq yoxdur daha. Kefaldır. O da “xişnik”dir, neftin yerinə buraxıblar”.

Baməzə həmsöhbət olan Vahid Rzayev bir mövzuda çox ciddidir: “balıqların qənimi olan “kitayski” tor yığışdırılmalıdır.

____________________________________________________________

Bunlara da bax:
Ucardakı rus qəbiristanlığında nə baş verir?- [Fotolar]
"Məni də hədələdilər ki, görərsən, başına nələr gələcək”

____________________________________________________________

HÖKUMƏT BU CÜR TORU QADAĞAN EDİBMİŞ

Ekologiya və Təbii Sərvətlər Nazirliyində sektor müdiri Qəhrəman Zahidli AzadlıqRadiosuna deyir ki, Nazirlər Kabinetinin 152 nömrəli qərarına görə, bu cür birsaplı, sintetik torlardan istifadə qadağandır. Onun sözlərinə görə, nazirliyin yerdəki nümayəndələri sənaye ovu üçün müraciət edənlərin alətlərinə baxış keçirdikdən sonra icazə verilir. Ancaq bununla belə, Qəhrəman Zahidli həmin torlardan istifadə olunduğunu istisna etmir.

Qəhrəman Zahidli: "Monolit saplı torlardan da istifadə ehtimalı var"
Gözlə

No media source currently available

0:00 0:03:18 0:00
Direct-ə keçid

Buna görə də nazirlik hökumətə təklif verib ki, həmin torların istifadəsi ilə yanaşı ölkəyə gətirilməsi, istehsalı və satışı da qadağan edilsin.

“Qanunverici sənədin layihəsi Nazirlər Kabinetinə təqdim edilib. Hökumət də bunu müvafiq qurumlara göndərib. Onların rəyi alındıqdan sonra yəqin müsbət qərar veriləcək. Yəni satışa, ölkəyə gətirilməsinə qadağa qoyulacaq”.

CAVABDEH KİMDİR?

O ki qaldı qadağalara baxmayaraq, birsaplı tordan istifadəyə nəzarət edilməməsinə, Qəhrəman Zahidli deyir ki, bu işə təkcə onlar cavabdeh deyillər:

“Balıq ehtiyatlarından istifadəyə biz baxırıq, amma bu işə həm də Dövlət Sərhəd Xidməti və Su nəqliyyatında polis idarəsi də nəzarət edir. Təbii ki, bu istiqamətdə hər bir qurum səlahiyyətləri çərçivəsində müəyyən işlər görür”.

Qəhrəman Zahidlinin sözlərinə görə, təkcə ötən il 7 min 687 birsaplı tor götürülüb. Bu ilə gəldikdə, rəqəmlər belədir: “Bu ilin 5 ayında 69 qanun pozuntusu aşkar edilib. 18 nəfər məsuliyyətə cəlb olunub, 2 iş məhkəməyə, 14 iş hüquq-mühafizə orqanlarına göndərilib. 8 ədəd qayıq, 38 ov aləti götürülüb. 27 min 962 min manat da iddia qaldırılıb”.

Amma ya görülən işlər yetərli deyil, ya da rəsmilər işlərinin öhdəsindən gəlmir ki, təkcə baş çəkdiyimiz bir çimərlikdə, həm də müştərilərinə balıq təklif edən sahilyanı kafe və restoranlarda bu cür torlara addımbaşı rastladıq.

XS
SM
MD
LG