Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:45

Yas məclislərində borca düşənlər...


Yas mərasimi (Foto arxiv)
Yas mərasimi (Foto arxiv)

Azərbaycanda yas mərasimlərində israfçılıq cəmiyyətdə müzakirə edilən mövzulardandır. Bəzi fikirlərə görə, hətta yas mərasimlərində borca düşən ailələr var.

"Atam rəhmətə getdi. Ailəmizdə yeganə işləyəni itirdik. Evdə pul yox idi. Gündəlik çörəkpulu qazanırdıq. Qohumlar, qonşular da bizim kimi kasıbdırlar. Yas mərasimini keçirtmək üçün borc götürdüm". Astara kəndlərinin birində yaşayan Cəfər Hüseynov (ad və soyad şərtidir) bunları deyir. O, özünü günahkar bilir: "Yas mərasiminə çadır gətirdim, günə 200 manata. Həyətdə yeddi gün qaldı. Çadır pulunu bu günə qədər tam ödəməmişəm. Mərasimi yola vermək üçün hər gün 300-350 manatlıq bazarlıq edirdim. Sonra 40-na qədər cümə axşamları toplaşıb qəbirüstünə gedirdik. Orada da hər dəfə 50-60 manat bazarlığa gedirdi. Molla pulu, dəfn etmək, 1000 manatdan çox pul götürdü. Bizdə adətdir, gərək 40-na qədər başdaşı götürülə".

"Borclarını istəyirlər, verə bilmirəm"

Onun vurğulamasına görə, götürdüyü borc da qurtarıb, gedib yenidən borc pul alıb, atasının məzarına başdaşı qoydurub: "Xeyli vaxt keçir, borclarını istəyirlər, verə bilmirəm".

O, yas mərasimini yola vermək üçün borca düşən yeganə adam deyil. Azərbaycanda kənd yerlərində yaşayan əhalinin iqtisadi vəziyyətini nəzərə alaraq bəzi yerli icmalar yas mərasimlərində təmtəraqlı ehsanın verilməsini qadağan ediblər. Artıq bəzi yerlərdə "yeddi" mərasimi ləğv edilib. Dəfnin ilk günündə və "üç" mərasimində süfrəyə yalnız çay, yağ-çörək qoyurlar.

Gəzəndaş türbəsi
Gəzəndaş türbəsi

"Bizdə mal kəsən də olur"

Astara şəhər sakini Nurəddin Feyziyev də qonşu ölkədə keçirilən yas mərasimlərini misal göstərir: "Bəzi islam ölkələrində yas məclislərini evlərdə keçirtmirlər. Məhrumun yaxın adamları müəyyən edilmiş vaxtda məscidə gəlir. Məsciddə bunun üçün ayrıca yer var. Orada onlara başsağlığı verənləri qəbul edirlər. Stolda bir neçə dəqiqə əyləşirlər, çay içirlər, sonra çıxıb gedirlər. Məclisdə xurma verirlər. Nə yemək?! Pul və başqa maddi dəstək olmur. Ola bilər ki, yaxın adamları mərhumun ailəsinə kömək etsin...".

O düşünür ki, Azərbaycanda da yas mərasimləri böyük xərc çəkilmədən keçirilməlidir: "Bizdə yas mərasimini yola vermək üçün mal kəsən də olur. Yeddi gün gəlib-gedənlərə günorta, şam yeməyi verirlər. Sonra "qırx"ına kimi cümə axşamına gələnlərə yemək verirlər. Ev yiyəsi dərdini çəksin, ya bu millətə yemək versin? Hər gün bahalaşma gedir. Belə vəziyyətdə borca düşənlər də olur. İş ondadır ki, bunların heç birisi ölən üçün əhəmiyyət daşımır. Qaydanı dəyişmək lazımdır".

Fəxrəddin Məmmədov
Fəxrəddin Məmmədov

"...Kasıblar da yarışır"

Mədəniyyət sahəsində çalışan Fəxrəddin Məmmədov doğulduğu Astara rayonunun Ərçivan qəsəbəsində keçirilən yas mərasimləri haqqında buları deyir: "Yeddi gün məclis keçirilir. İndi qəsəbədə üç yerdə yas mərasimi var. Onların ailə üzvləri gecə-gündüz çalışırlar ki, mərasimə gələnləri razı salsınlar. Atası ölüb, bu dərd qalıb bir yana, qaçır bazara. İqtisadi vəziyyət də yaxşı deyil. Varlılar arasında yarış getdiyi kimi, kasıblar da yarışır. Hərə çalışır ki, başqalarından üstün olsun. Varlının imkanı var ehsan verir, kasıbın yoxdur. Varlının yas mərasimində israfçılığa yol verilir...".

Onun sözlərinə görə, qiymətlər də tez-tez artır: "Rayonda yas mərasimlərini keçirtmək üçün xüsusi yerlər yoxdur. Çadır qururlar. Əvvəllər günə 100 manat alırdılar, indi olub 250 manat. Qəbri qazırdılar 50 manata, indi qazırlar 100 manata. Dəfn məsələsində bütün qiymətlər qalxıb".

Asən Həşimli
Asən Həşimli

"Qurani-Kərimdə yas məclisi söhbəti yoxdur"

İctimai fəal Asən Həşimli cəmiyyətdə maddi təbəqələşmədən danışır: "Sovet dövründə, əsasən, imkanlar bərabər idi. Ona görə yas mərasimlərinin keçirilməsində problem görünmürdü. İndi bizdə varlı və kasıb təbəqə var. Orta təbəqə yoxdur. Kasıb da varlı kimi məclisini yola vermək istəyir. Bu, mümkün deyil axı. Ölkədə bahalaşma gedir. İşsizlikdir. Bunun də təsiri var. Ətin bir kiloqramını alırdıq 5-6 manata, indi alırıq 14-15 manata. Digər ərzaqlar da elə. Yas mərasimini yola vermək üçün xaricdə yaşayan yaxınlarını da səfərbərliyə alırlar".

İbadətlə məşğul olan Akif Məmmədov isə deyir ki, yas mərasimini keçirtmək məcburi deyil: "Müqəddəs kitab olan Qurani- Kərimdə yas məclisi qurmaq söhbəti yoxdur. Ölən adamı dəfn etmək, torpağa tapşırmaq vacibdir. Səndən asılıdır. Varındırsa ehsan ver, yoxundursa, vermə. Bəziləri özünü dağa-daşa vurur ki, məclisi yaxşı keçirtsin. Nəticədə borca düşür. Lazım deyil. İnsan öldü, qurtardı. Əsas əməldir...".

XS
SM
MD
LG