Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:49

Məhbəsdən məktub: ‘Burada sizdən daha dinc şəraitdə yaşayırıq’


Yelena Sannikova polis şöbəsində saxlanan fəallar üçün kitab imzalayır, 25 dekabr, 2020-ci il
Yelena Sannikova polis şöbəsində saxlanan fəallar üçün kitab imzalayır, 25 dekabr, 2020-ci il

Yelena Sannikova hələ 1970-ci illərdən bəri siyasi məhbuslara məktublar yazır. O zaman sovet yeniyetməsi idi. Üstündən yarım əsrə yaxın vaxt keçsə də, məktub yazmağa davam edir.

Şair, tərcüməçi, publisist və dissident Sannikova hələ 20 yaşlarında ikən həbs edilərək sürgünə göndərilib. Ancaq vaxtının çox hissəsini siyasi fəallığı və ya ideallarına görə həbs edildiyini düşündüyü məhbuslara məktub yazmağa və onları dəstəkləməyə həsr edib. Bu məktubları “azad dünyadan kiçicik salamlar” adlandırır.

“Hamıya yazmaq mümkün deyil”

"Özüm həbsxanada olanda həbsin həqiqətən nə demək olduğunu, məktubların nə qədər əhəmiyyətli olduğunu gördüm. Sürgündə isə tanımadığım adamlardan məktublar alırdım və [bu məktubların adama] nə qədər dəstək və kömək olduğunu bilirəm. Ona görə də bu gün məhbuslara yazmağı özümə borc bilirəm”, – o, AzadlıqRadiosunun “Sibir.Realii” xidmətinə müsahibəsində deyib.

Hazırda qadağan edilmiş “Memorial” insan haqları qrupunun məlumatına görə, Rusiyada son beş ildə siyasi məhbus kimi tanınan insanların say üç dəfə artaraq 554-ə çatıb.


İyulun 16-da Sannikova məhbuslara daha 23 məktub göndərib. “Kartlar, qəşəng stikerlər və xoş arzular”. Onun illər ərzində göndərdiyi kart və məktubların sayı minlərlədir.

"İndi siyasi məhbusların sayı çox yüksəkdir, hamıya yazmaq mümkün deyil. Ancaq dost-tanışınızı da bu işə cəlb edə bilərsiniz. Bu cür təşəbbüslərin get-gedə artdığını görmək məni çox sevindirir. İnsanlar başa düşürlər ki, məhbuslara dəstək sözləri gərəkdir”, – 63-yaşlı Sannikova deyir.

"Ən azı bizim üçün bir aydınlıq var"

"Biz burada sizdən daha dinc şəraitdə yaşayırıq. Ən azı bizim üçün bir aydınlıq var – hökm, başlanğıc və son. Ancaq siz heç vaxt onların sizi aparmağa nə vaxt və haradan gələcəklərini bilmirsiniz. Ancaq elə biz də sizin kimi bütün bunların sonunu gözləyirik. Ümid edirəm ki, siz Putin rejiminin “ölümcül mərhələsini” keçəcəksiniz. Özünüzdən muğayat olun”, – sovet diktatoru İosif Stalinin cinayətləri ilə bağlı ciddi araşdırma apardığı üçün 15 illik həbsə məhkum edilən nüfuzlu tarixçi Yuri Dmitriyevdən gələn məktubda deyilir.

Sannikova nə qədər çox məhbusun nikbinliyini qoruyub saxladığını və Dmitriyev kimi həbsxana divarlarından kənarda olanlara təskinlik verməyə çalışdığını görüb yaxşı mənada təəccübləndiyini deyir. Bu mənada apreldə Ukraynaya qarşı müharibəni tənqid etdiyi üçün vətənə xəyanət ittihamı ilə 25 illik həbs cəzasına məhkum edilən müxalif siyasətçi Vladimir Kara-Murzanın adını çəkir.

"O çox yazır, nikbinlik və ümidimizi itirməməyi tapşırır”, – Sannikova söyləyir.

İyunda Kara-Murza həbsxana əməkdaşlarının onun məktub almasını qanunsuz əngəllədiyini yazıb.

Sistemlə ilk toqquşma

Sannikova ilk dəfə SSRİ-də siyasi məhbusların olduğunu məktəbli ikən xarici radiostansiyalardan öyrənib. 1970-ci illərdə, yeniyetmə yaşlarında həbs edilmiş dissident Kronid Lyubarskinin ailəsi ilə tanış olub. Onlar ilk dəfə Sannikovaya bu cür məhbuslara məktublar yazmağın mümkün olduğunu deyiblər.

"O çox məktub alırdı, mən də o axına öz töhfəmi verdim. Məktublar gəlirdi, o isə onlar haqda öz arvadına yazırdı. Bir nöqtədə daha da cəsarətlənib məktublarda öz fikirlərimi də yazmağa başladım. Nəticədə onları müsadirə etməyə başladılar, mənimsə məktəbdə və yerli hökumətlə problemlərim başladı. Onda doqquzuncu sinifdə idim və anlamırdım ki, bu, sistemlə ilk ciddi toqquşmamdır”, – o deyir.

Lyubarski 1977-ci ildə azad edilərək SSRİ-dən çıxarıldıqdan sonra sovet siyasi məhbusları, o cümlədən onlara necə məktub yazıla biləcəyi haqda informasiya dərc etməyə başlayıb.

"1980-ci illərdə məhbuslar haqda məlumat toplayaraq onlara yardım etməyə çalışarkən onun siyahısı mənim üçün vəsait rolunu oynadı. Yeni İl, yaxud Pasxada dostlarımı yığıb həbsxanalara, əmək düşərgələri və daxili sürgün yerlərinə çox sayda kart göndərərkən bu siyahıdan istifadə edirdim. …Biz qəşəng kartları seçir, xoş sözlər, arzular yazırdıq, hər kartı da 3-4 nəfərimiz imzalayırdı”, – deyə Sannikova xatırlayır.

Sannikova sonradan bu səylərin bəzən nə dərəcədə böyük effekt verdiyini öyrənib. 1980-ci illərdə həbs edilən dissident rahib Qleb Yakunin aldığı məktubları heç vaxt unutmayıb.

"Az qala, ölənə qədər hər məni görəndə bizim kartlarımızın həbsxanada onun kefini necə açdığını xatırlayırdı və mənimlə birlikdə kartları imzalayan dostlarımın aqibətini soruşurdu”, – o danışır.

Sürgündən də məktub yazıb

1984-cü ildə KQB 24-yaşlı Sannikovanı həbs edərək Moskvadakı Lefortovo həbsxanasında saxlayıb. Hazırda KQB-nin varisi olan FSB də həbs etdiyi adamları bu həbsxanada saxlayır. Sonradan ona “antisovet agitasiyası və təbliğatı” aparmağa görə bir illik həbs və dörd illik Sibirə sürgün cəzası verilib.

"Hətta sürgündə olanda da siyasi məhbuslara yazmağa davam etdim. Sürgündə olan digər şəxslərlə də çox yazışırdım”, – Sannikova deyir.

Həbsdə Sannikovanın özü də xaricdə yaşayan tanımadığı adamlardan məktublar alırmış.

"Bu adamların məndən necə xəbər tutduğunu bilmirəm. Ancaq düşünürəm ki, onlar “Amnesty International” və bu kimi təşkilatların üzvləri idi”, – o bildirir.

XS
SM
MD
LG