Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 12:31

'Yeni Klinika'nın keçmiş direktorunun cəzası azaldıldı


Pərviz Abbasov "Yeni Klinika"nın açılışında
Pərviz Abbasov "Yeni Klinika"nın açılışında

Pandemiya dövründə, əsasən, koronavirusa yoluxanların müalicəsi üçün onların yaxınlarından rüşvət almaqda suçlanan "Yeni Klinika"nın direktoru Pərviz Abbasovun cəzası 8 il 6 aydan 5 il 6 aya endirilib. Aprelin 28-də Bakı Apellyasiya Məhkəməsində buna qərar verilib.

"Nə qədər cəza istəyirsiniz, cəza verin, çəkməyə hazıram"

Xəstələrin yaxınları ilə baş həkim arasında vasitəçilikdə suçlanan və hər biri 8 il azadlıqdan məhrum edilən daha üç nəfərin də cəzası azaldılıb. "Buta" klinikasının həkim-radioloqu Qalib Nəcəfov, Qida Təhlükəsizliyi İnstitutunun baytar həkimi Əvəz Hüseynov və heç yerdə işləməyən Samir Mirzəyevin hər birinin cəzası 6 ilə endirilib.

Apellyasiya məhkəməsinin qərarı elan olunmamışdan öncə son sözünü deyən sabiq baş həkim Abbasov təqsirsiz olduğunu vurğulayıb. Deyib ki, Hüseyn Cavid və başqa tarixi şəxsiyyətlər kimi nə vaxtsa bəraət alacağına ümidini itirmir.

"20 illik fəaliyyətimi araşdırın, bir cinayət tapsanız, nə qədər cəza istəyirsiniz, cəza verin, çəkməyə hazıram. Hüseyn Cavid və başqa tarixi şəxsiyyətlərə də nə vaxtsa bəraət verilib, güman edirəm, mənə də nə vaxtsa veriləcək. Mənim başıma gələn iftira heç kimin başına gəlməsin...", - Abbasovun sözləridir.

"O klinikadan heç kimi məhkəməyə çağırıb soruşmadılar ki..."

O, Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunarkən sifarişlə həbs olunduğunu dilə gətirmişdi.

Cinayət işinin materiallarında iddia olunur ki, "Yeni Klinika"ya yerləşdirilən koronaviruslu xəstələrin yaxınlarından 1000-4000 manat arası rüşvət alınıb. Abbasov Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılarkən onun iş otağından rüşvət kimi alınan həmin vəsaitlərin bir hissəsi tapılıb.

Abbasov isə bu haqda ittihamda yazılanların yalan olduğunu deyir. Onun sözlərinə görə, otağında olan vəsaitin bir hissəsi klinikanın təsərrüfat işləri üçün ayrılmış pullar, bir hissəsi isə öz maaşı olub: "Sübut kimi nişanlanmış pullar, telefon danışıqları və başqa faktlar ortaya qoyulmalıydı. Amma heç bir sübut yoxdur. Mənimlə mühakimə olunanların heç birinin "Yeni Klinika" ilə əlaqəsi yoxdur. O klinikadan heç kimi məhkəməyə çağırıb soruşmadılar ki, nə var, nə yox...".

XS
SM
MD
LG