Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 08:51

Azərbaycanda çökən bulvarlar…


"Bulvar" istirahət mərkəzində çökmə. 2022
"Bulvar" istirahət mərkəzində çökmə. 2022

Son illər Azərbaycanda inşa və ya əsaslı təmir edilən infrastruktur obyektlərinin çökməsi ilə bağlı tez-tez məlumatlar yayılır.

Bugünlərdə Yevlax şəhərində Kür çayının sahilində "Bulvar" istirahət mərkəzində çökmə olduğu bildirilir.

Yevlax Şəhər İcra Hakimiyyətindən bunu ərazidə suyun altında qalan boruların eroziyaya uğraması ilə izah ediblər. Halbuki, həmin bulvarın 2010-cu ildə salındığı və 2012-ci ildə istifadəyə verildiyi deyilir.

Həmin istirahət mərkəzinin uzunluğu 2.5 min metr, ümumi sahəsi 8.2 hektardır. Rəsmi məlumata görə, istirahət mərkəzinin ərazisində 22 fəvvarə, voleybol, futbol meydançaları və attraksionlar quraşdırılıb. Tikinti işlərinin nəticələri ilə tanış olmaq üçün 2012-ci ildə bulvara Prezident İlham Əliyev də gəlmişdi. Lakin həmin bulvarın tikintisinə ayrılan vəsait barədə məlumat verilmir.

Yevlaxdan əvvəl Gəncədə, Mingəçevirdə…

Bu il mayın 12-də Gəncə şəhərində salınan "Gəncəçay" park-bulvar kompleksinin da bir hissəsi çökmüşdü. Bulvarın təxminən 50 metr uzunluğunda və 3 metr enində olan hissəsinin tamamilə dağıldığı, orada 10 metrə yaxın yarğanın əmələ gəldiyi bildirilirdi.

2020-ci ildə isə Mingəçevirin "Nəsimi" parkının da bir hissəsində çökmə qeydə alınıb. Park həmin hadisədən iki ay əvvəl istifadəyə verilmişdi.

A.Abbas
A.Abbas

"Yevlaxda bu çöküntülər həmişə olub"

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas "Turan"a bildirib ki, Yevlaxda həmişə torpaq çökmələri olub: "Bulvara gəlincə, o vaxt onu (keçmiş icra başçısı) Elmar Vəliyev tikib. O vaxt o, şəhərin abadlıq işlərini aparıb və həmin bulvarı da düzəldib. Üstündən 12 il keçib, Kür qırağıdır, su axını var deyə, torpaq çökür. İndi onu neynəsinlər? Yevlaxda bu çöküntülər həmişə olub".

Deputat hesab edir ki, digər belə hadisələr, o cümlədən yol və məktəblərin istifadəyə veriləndən sonra çökməsi təbii hadisədir: "Bunlar torpaq çökməsi ilə bağlıdır. Düzdür, bunu nəzərə alıb tikilən obyektlərin sütunlarını daha möhkəm etməlidirlər, bilməlidirlər ki, burda torpaq çökür. Amma torpağın çökməsi təbii hadisədir. Torpaq çökür, üstündəki obyektlər də çökür. Məsələn, Bayılda yolu hər il düzəldirlər, amma yenə çökür".

Komitə üzvü infrastruktur obyektlərinin çökməsinin korrupsiya ilə bağlı olduğuna inanmır.

N.Cəfərli
N.Cəfərli

"Tenderlərin qeyri-şəffaf keçirilməsi…"

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda büdcədən maliyyələşən infrastruktur layihələrinin qeyri-şəffaflığı artıq ənənə halını alıb: "Tenderlərin qeyri-şəffaf keçirilməsi, layihə büdcələrinin gizlədilməsi, vətəndaş və dövlət strukturlarının nəzarətinin yetərli səviyyədə olmaması nəticə etibarilə Azərbaycanda keyfiyyət, korrupsiya problemini yaradır".

Ekspert qeyd edib ki, keyfiyyətli yolların, parkların salınması üçün birinci növbədə xərclərin şəffaflığı çox vacib bir amildir: "Bundan başqa, nəzarət mexanizmlərinin qurulması da vacib bir amildir. Bunlar olmayanda, təbii ki, büdcədən ayrılan vəsaitlər, əsasən də regionlarda sanki mədəni rüşvətə çevrilir. Çünki tenderləri çox zaman məmurlara və yaxud da rayon rəhbərliyinə yaxın şirkətlər udur. Bu tenderlərin qeyri-şəffaflığı və korrupsiya əməlləri nəticəsində işlərin keyfiyyəti xeyli aşağı düşür. Azərbaycanda keyfiyyətsiz infrastrukturun əsas diaqnozu korrupsiya və qeyri-şəffaflıqdır".

Mövzu ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ilə danışmaq mümkün olmayıb. Amma bir müddət öncə Prezident İlham Əliyev də tenderlərlə bağlı tənqidlərini dilə gətirib. Bununla belə, bəzi şikayətçilərə görə, bu sahədə, hələlik, ölkədə ciddi dönüş əldə edilməyib.

XS
SM
MD
LG