Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:04

Dövlət proqramı yol qəzalarından ölümləri niyə azaltmadı...


Bakının ən təhlükəli 10 yolu
Gözlə

No media source currently available

0:00 0:05:46 0:00

Bakının ən təhlükəli 10 yolu (Arxiv. 2017)

"Qəza baş verməzdən əvvəl anam zəng vurdu kı, maşın tüstülənib, yol kənarında dayanmışıq. Uşaq qorxmuşdu, videogörüntü ilə oğlum Bayxanı sakitləşdirdim. Sağollaşdıq, heç beş dəqiqə keçməmiş qəza baş verib. Həyatda ən qorxduğum şey anamı itirmək idi. O gün həm anamı, həm də balamı itirdim". Musiqiçi Bayram Bağırsoy bu il aprelin 5-də Salyan rayonu ərazisində yol qəzasında üçyaşlı oğlunu və anasını itirib. "Kamaz" markalı yük maşınının minik avtomobilini arxadan vurması nəticəsində Bağırsoyun dayısının həyat yoldaşı və digər sərnişin də vəfat edib: "Hadisə günü dayımın 40 mərasiminə gedirdilər. Ölənlərdən biri də elə molla qadındır. Maşında olan dayımın vəziyyəti isə yaxşı deyil. Başından ağır travma alıb, hələ də xəstəxanadadır. Heç kəsin ölümündən xəbəri yoxdur...".

Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, hər il dünyada təxminən 1.3 milyon insan yol qəzalarında həyatını itirir. Azərbaycanda isə 2022-ci ildə avtomobil qəzalarında 834 nəfər ölüb. Bir il öncə bu say 706 nəfər idi.

Ümumiyyətlə, son illərin statistikası ölkədə həm yol-nəqliyyat hadisələrinin, həm də onların səbəb olduğu ölümlərin sayının artdığını göstərir. 2022-ci ildə ölkədə 1 min 668 yol qəzası baş verib ki, bu da bir il öncəkindən 1.2 faiz çox deməkdir.

Maşın altda qalan velosipedçilər: Bu ilin 9 ayında 17 ölüm...
Gözlə

No media source currently available

0:00 0:05:14 0:00

Bəs qəzaların əsas səbəbləri nələrdir?

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov AzadlıqRadiosuna bildirib ki, 2022-ci ilin yol qəzalarının əsas səbəblərindən biri yol hərəkət iştirakçılarının qaydaları bilərəkdən pozmasıdır. Digər səbəblər yolların təmirsiz olması və işıqlandırılmaması, həmçinin nasaz avtomobillərdən istifadədir. Ekspert əksər avtonəqliyyat idarəçilərinin sürücülük bacarıqlarının aşağı səviyyədə olmasını da qəzaların səbəbləri sırasında görür.

Dövlət Yol Polisinin açıqlamasına görə, 2022-ci ilin 10 ayı ərzində respublika üzrə piyadaların vurulması ilə nəticələnmiş 592 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu da ümumi yol qəzalarının 41.6 faizini təşkil edir. Təkcə paytaxt ərazisində 239 piyada vurma hadisəsi nəticəsində 110 nəfər ölüb.

İki il öncə Bakıda yol qəzası keçirən Zərifə Həsənova danışır ki, piyada keçidində sürətlə gələn avtomobil onu kənara tullayıb. Qəzadan sonra o, bir müddət psixoloji problemlər yaşadığını söyləyir: "Bəxtim gətirdi ki, bədənimdə ciddi xəsarətlər qalmadı. Yıxılarkən başım və alnım asfalta çırpılmışdı, qan içində idim. Bu hadisədən sonra, bəlkə, iki ilə yaxın piyada keçidindən keçə bilmirdim. Qəzanın günahkarı mən olmasam da, hər dəfə yolumu uzadıb yeraltı keçidlərdən, svetofor olan yerlərdən keçirdim. Hələ də haradasa əyləc səsi gələndə həmin hadisəni xatırlayıram".

Sürücülük vəsiqəsi pulla alınır?
Gözlə

No media source currently available

0:00 0:04:21 0:00

Hədəflərə çatmayan dövlət proqramı

"Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nın əsas məqsədlərindən biri də ölümlə və sağlamlığa zərər vurulması ilə nəticələnən qəzaların sayının azaldılması idi. 2013-2017-ci illərlə müqayisədə 2023-cü ilin sonunadək yol-nəqliyyat hadisələrinin, onların səbəb olduğu ölüm sayının, xəsarətlərin 30 faiz, uşaq ölümü hallarının 50 faiz azaldılması hədəf qoyulmuşdu.

Proqramın müddətinin bitməsinə az qalsa da, statistika ortada müsbət nəticənin olmadığını deməyə əsas verir. Belə ki, təkcə 2022-ci ildə yol nəqliyyat hadisələrində ölənlərin sayı əvvəlki illə müqayisədə 18 faiz artıb.

Ekspert Cəfərov proqramda adı çəkilən qurumların öz öhdəsinə düşən işləri görmədiklərini iddia edir: "Müəyyən faiz işlər görülüb, amma böyük əksəriyyəti yarımçıq qalıb. Deməzdim ki, bunun səbəbləri obyektivdir, daha çox subyektiv amillər var. Obyektiv səbəb kimi koronovirus pandemiyasını göstərə bilərlər. Amma artıq pandemiya da bitib. Qalan dövr ərzində işin ən azı 70 faizini görmək olardı".

N.Cəfərli
N.Cəfərli

İqtisadçı Natiq Cəfərli dövlət proqramlarının nəticəsiz qalmasını onların real addımlara hesablanmaması, daha çox dövlət və hökumət qurumlarının, müəyyən şirkətlərin maraqlarını təmin etməsində görür: "Belə proqramlara ayrılan vəsaitlərin xərclənməsində şəffaflıq problemi var və büdcədən ayrılan bütün vəsaitlərin xərclənməsində müşahidə olunur. Yollarda infrastruktur, sürücülük vəsiqələrinin rüşvətlə alınması ehtimalları və sair problemlər də yollarda qəzaların artmasına səbəb olur".

Hesablama Palatasının 2021-ci il üzrə hesabatında da qeyd olunur ki, sözügedən proqram çərçivəsində nəzərdə tutulmuş tədbirlərin icra səviyyəsi zəif olub.

AzadlıqRadiosunun deyilən iradlarla bağlı Baş Dövlət Yol Polis İdarəsi, Daxili İşlər Nazirliyi və Bakı Nəqliyyat Agentliyinə (BNA) sorğuları, hələlik, cavablandırılmayıb.

Bakıda 140 min adamı buna görə cərimələyiblər
Gözlə

No media source currently available

0:00 0:02:33 0:00

700 min manatlıq maddi ziyan

Bu arada yol qəzaları təkcə mənəvi ziyanla nəticələnmir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 2022-ci il üzrə hesabatına görə, ötən il ölkə üzrə avtomobil yollarında yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnən 626 yol-nəqliyyat hadisəsi baş verib, yol təsərrüfatına 700 min manata yaxın maddi ziyan dəyib.

Ötən ay BNA İdarə Heyətinin sədri Vüsal Kərimli paytaxt ərazisində yol nəqliyyat hadisələrinin azaldılması üçün 14 yolda sürət həddinin aşağı salındığını açıqlayıb. Mütəxəssislər yollarda sürət həddinin salınmasının məhz ölümlə nəticələnən yol qəzalarının sayını azalda biləcəyini istisna etmirlər.

Bayram Bağırsoy isə hələ də yaxınlarının itkisi ilə necə yaşayacağını bilmir. Deyir ki, dərdini ovudacaq nə anası, nə də hər şeyi unudub ümid bağlayacağı övladı qalıb.

XS
SM
MD
LG