Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:50

'Nəcməddin Sadıqovun adamı' Zakir Həsənovun məhkəmədə dindirilməsini tələb edir


Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi Nəcməddin Sadıqov
Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi Nəcməddin Sadıqov

Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, eləcə də Hərbi Təhsil və Tədris idarələrinin sabiq baş zabiti, "Nəcməddin Sadıqovun adamı" kimi tanınan Zahid Niftəliyev Müdafiə naziri Zakir Həsənovun məhkəmədə dindirilməsini tələb edir. Onun vəkili Orxan Kəngərli fevralın 28-də Tərtər Hərbi Məhkəməsində bu barədə vəsatət qaldırıb. Vəkil nazir Həsənovla yanaşı, Müdafiə Nazirliyinin Kadrlar Baş İdarəsinin rəisi general Elçin Xəlilovun da məhkəmədə dindirilməsini istəyib.

Hərbi qulluqçular şikayətçi olmayıblar

Vəkil vəsatətini əsaslandırarkən bildirib ki, Niftəliyevə onun səlahiyyətləri çərçivəsində olmayan işlərlə bağlı ittihamlar verilib. Məsələn, o, rüşvət müqabilində kimlərinsə xidmət yerini dəyişməkdə, ordudan tərxis etdirməkdə ittiham olunur. Müdafiəçi vurğulayıb ki, onun bu işlərlə bağlı qərar vermək səlahiyyəti olmayıb.

Nazir Həsənov və Kadrlar İdarəsinin rəisinin dindirilməsi ilə bağlı məsələnin müzakirəsi, bu haqda qərarın açıqlanması növbəti məhkəmə iclasına saxlanılıb. Adları çəkilən şəxslərin səslənən ittihamlara münasibəti bəlli deyil.

Müdafiə Nazirliyi sistemində "Şlyapa Zahid" ləqəbi ilə tanınan Zahid Niftəliyevə qarşı ittihamlardan biri də işlədiyi dövrdə - 2018-ci ildə hərbi hissələrdən birinin hərbi qulluqçularını hər gün səhərdən axşama qədər Qəbələ rayonunun Vəndam kəndindəki bağ evində fəhlə kimi işlətməsi ilə bağlıdır. Bu məsələ ilə əlaqədar beş nəfər məhkəmədə dindirilib. Onlar Niftəliyevdən şikayətçi olmayıb. Deyiblər ki, heç o vaxt işlədikləri evin Niftəliyevə məxsus olduğunu bilmirdilər.

"Yüksək vəzifəli şəxslərlə münasibətlər"

68-yaşlı Zahid Niftəliyev N saylı hərbi hissənin tağım komandirinin müavini olmuş Elsevər Niftəliyevlə birliklə mühakimə olunur. Soyadları eyni olsa da, onlar qohum deyil. Lakin hər ikisinə Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olub külli miqdarda təkrar rüşvət alma) maddəsi ilə ittiham verilib. Zahid Niftəliyev həm də Cinayət Məcəlləsinin 341-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya səlahiyyət həddini aşma) maddəsi ilə ittiham olunur. Bu ittiham da bağ evində hərbi qulluqçuların işlədilməsinə görə verilib.

36-yaşlı Elsevər Niftəliyev həbsdə deyil. Onun barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.

Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi Nəcməddin Sadıqov ilə Zahid Niftəliyevin yaxın münasibətlərinin olması ittihamda, ifadələrdə də əksini tapıb. İttihamda göstərilib ki, Zahid Niftəliyev Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsləri ilə münasibətlərindən istifadə edərək müxtəlif hərbi qulluqçuları ordudan tərxis etdirmək, xidmət yerini dəyişdirmək və s. işlər görməyin müqabilində rüşvət alıb.

Zahid Niftəliyev özünü təqsirli bilmir. O, istintaq dövründə ifadə verməkdən imtina etsə də, ümumilikdə ona qarşı irəli sürülmüş ittihamları qəbul etmədiyini bildirib. Həmçinin protokolları da imzalamaqdan imtina edib.

Lakin Elsevər Niftəliyev ətraflı ifadə verib. O, özünü tam təqsirli bilməklə yanaşı, həm də ifadəsi Zahid Niftəliyevin əleyhinə olub. Onun sözlərinə görə, Zahid Niftəliyev məhz Nəcməddin Sadıqovun dostu olduğunu deyərək onun köməyi ilə müxtəlif işlər görürdü.

Zahid Niftəliyevə qarşı irəli sürülmüş ittihamlarda 12 ilə qədər həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG