Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 02:37

Zakir Sultanova 12 il həbs istənildi


Zakir Sultanov
Zakir Sultanov

Mədəniyyət Nazirliyinin tabeliyindəki Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi, 6 milyona yaxın yeyintidə ittiham olunan Zakir Sultanova 12 il həbs cəzası istənilib. Noyabrın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror bunu təklif edib.

Sultanovun vəkilləri məhkəmə araşdırmalarının bitməsinə etiraz edib. Amma sabiq xidmət rəisinin özü prosesin yekunlaşmasını istəyib: "Lazım deyil, məhkəmə istintaqı bitsin...".

4 milyon manat

Məhkəmədə elan olunan sənədlərdən məlum olub ki, Sultanovun evində axtarış zamanı 180 min dollar və 10 min manat götürülüb. Onun "Yapıkredibank"dakı hesabında 600 min dolların üzərinə həbs qoyulub. Bundan başqa, yaxınları ziyanın ödənilməsi üçün istintaq orqanının depozitinə 4 milyon manat yatırıb. Sultanov özü də təklif edib ki, bu vəsaitlər Mədəniyyət Nazirliyinin ona qarşı qaldırdığı 5.3 milyon manatlıq mülki iddianın təmin olunmasına yönəldilsin.

Prokuror çıxışında deyib ki, Sultanov CM-in 179.4 (külli miqdarda mənimsəmə və ya israfetmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Amma 313-cü maddə ilə cəlbetmə müddəti keçdiyinə görə ona cəza təyin olunmamalıdır. Yeyintiyə görə isə onun 12 il azadlıqdan məhrum edilməsini istəyib. Həmçinin Mədəniyyət Nazirliyinin də mülki iddiasının təmin olunmasını təklif edib.

Nazir müavininin işi ayrılıb

Vəkillər prokurorun çıxışından narazı qalıb. Onlar dekabrın 14-də keçiriləcək növbəti məhkəmə iclasında müdafiə çıxışı edəcəklər.

Ardınca Sultanov özü son sözünü deyəcək və hökm oxunacaq.

Zakir Sultanov 2020-ci ilin mayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat nəticəsində nazir müavini Rafiq Bayramovla birlikdə saxlanıb. Nazir müavininin işi məhkəməyə göndəriləndə onların işi ayrılıb.

Sultanov mədəniyyət abidələrinin təmir və bərpası zamanı qiymətlərin şişirdilməsi, tenderlərdə özünə yaxın şirkətlərin qalib elan edilməsi və s. yollarla milyonlarla vəsaitin yeyintisində suçlanır. O, özünü qismən təqsirli bilir.

XS
SM
MD
LG