Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 10:34

Zamin Salayev: ‘Narkotik satışı haqda dediklərimə görə cəzalandırıldım’


Zamin Salayev
Zamin Salayev

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon təşkilatının həbsdə olan sədri Zamin Salayev deyir ki, narkotiklərlə bağlı dediklərinə görə cəzalandırıb.

Onun sözlərinə görə, narkotik satışının başında polisin dayandığını deyib və bundan sonra təxribat nəticəsində həbs olunub. Salayev bunu iyulun 13-də Bakı Apellyasiya Məhkəməsində danışıb.

Bu məhkəmədə onun haqqında 4 il həbs hökmündən verilmiş apellyasiya şikayətinə baxılıb. Salayevin vəkilləri də onun təqsirsiz olduğunu vurğulayıb. Müdafiəçilər bildiriblər ki, onun Natiq Süleymanov adlı şəxsə bıçaqla xəsarət yetirdiyi iddia olunsa da, bu barədə heç bir mötəbər sübut-dəlil yoxdur.

“Eyni vaxtda bu qədər kameranın heç biri niyə işləməyib?”

"Bunu iddia edən dörd nəfər var – bir zərərçəkmiş, üç şahid. Dördü də narkotik istifadəçiləridir. İstintaq başqa şahidlər tapa bilmədi? Daha üç şahid isə məhkəmədə bildirdi ki, onlar Zamin Salayevin bıçaqla kiməsə xəsarət yetirməsini görməyiblər", – vəkillər bildirib.

Onlar əlavə ediblər ki, ən əsas sübut ərazidəki videokameralar ola bilərdi. Lakin Lökbatan dairəsindəki 8 müşahidə kamerasının heç birinin həmin vaxt işləmədiyi haqda Daxili İşlər Nazirliyi cavab verib:

"Eyni vaxtda bu qədər kameranın heç biri niyə işləməyib? Özü də elə vacib bir ərazidə? Müdafiə tərəfinə cavab verilib ki, görüntülər qalmayıb, silinib, amma istintaqa deyirlər ki, kameralar işləməyib..."

Prokuror isə Salayevin həbsinin təxribatın nəticəsi olması haqda iddianı əsassız sayıb. O bildirib ki, istintaq kamera görüntülərini almağa cəhd göstərib, alınmayıb:

"Yalnız kinolarda ola bilər ki, böyük bir qrup kimisə əvvəldən izləsin, provokasiya hazırlasın. Zamin Salayevə qarşı bunun olması haqda deyilənlər absurddur".

“Aclığın 114-cü günündə onu inandırmışdılar ki...”

Bakı Apellyasiya Məhkəməsinin hakimləri üç dəqiqəlik müşavirədən sonra Salayev haqqında 4 illik həbs hökmünün qüvvədə qalmasına qərar verib.

Vəkil Fəxrəddin Mehdiyev AzadlıqRadiosuna bildirib ki, hökmdən Ali Məhkəməyə kassasiya şikayəti veriləcək. Vəkilin sözlərinə görə, hüquqlarını müdafiə etdiyi şəxs iyulun 10-dan aclıq edir:

"Zamin Salayev bundan öncə 114 gün aclıq eləmişdi, durumu çox ağır idi. O zaman aclığın 114-cü günündə onu inandırmışdılar ki, apellyasiya məhkəməsi işinə ədalətli baxacaq. Lakin iyulun 6-da apellyasiya məhkəməsində hazırlıq iclasından sonra onda belə fikir yarandı ki, bu instansiyada da şikayətinə ədalətli baxılmayacaq".

Vəkil əlavə edib ki, əvvəlki aclıq aksiyası onun orqanizminə ciddi zərbə vurub. Salayev yeriməkdə çətinlik çəkir. O, məhkəməyə də əsa ilə gəlmişdi.

Məhkəmə zalında AXCP üzvləri ondan aclığı dayandırmasını xahiş ediblər.

Xatırlatma

Zamin Salayev fevralın 7-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) maddəsi ilə cinayət işi açılıb.

Rəsmi məlumata görə, Salayev Qaradağ rayonu ərazisindəki "Lökbatan dairəsi" adlanan yerdə xuliqanlıq zəminində Sahil qəsəbə sakini Natiq Süleymanova bıçaqla qarın və əl nahiyələrindən xəsarət yetirərək hadisə yerindən uzaqlaşıb.

Salayevin özü bu ittihamları qəbul etməyib və həbsini siyasi fəaliyyəti ilə əlaqələndirib.

Qaradağ Rayon Məhkəməsinin qərarı ilə o, 4 il azadlıqdan məhrum edilib.

Yerli hüquq müdafiəçiləri Zamin Salayevi siyasi məhbus hesab edir. Azərbaycan hökuməti isə, bir qayda olaraq, ölkədə siyasi motivlərlə həbslərin olmasını inkar edir.

XS
SM
MD
LG