Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:24

Zaxarova: 'Moskva və Bakı Qarabağ ermənilərinin qayıdışını da müzakirə edirlər'


Etnik ermənilər Qarabağdan Ermənistana qaçır. 26 sentyabr 2023
Etnik ermənilər Qarabağdan Ermənistana qaçır. 26 sentyabr 2023

"Moskva və Bakı Qarabağ ermənilərinin qayıdışının perspektivlərini müzakirə edirlər". Bunu fevralın 14-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib. Onun sözlərinə görə, ermənilərin qayıdışı onların hüquq və təhlükəsizliyinin "etibarlı" qorunması şəraitində həyata keçirilməlidir.

Zaxarova bunu da qeyd edib ki, Bakı və Moskva Dağlıq Qarabağda birgə patrul xidmətinin təşkilini müzakirə edirlər: "Deyə bilərəm ki, Rusiya sülhməramlı kontingentinin fəaliyyətinə dair növbəti Rusiya-Azərbaycan təmaslarına hazırlıq davam edir".

Bundan əvvəl

Bu il yanvarında Rusiyanın xarici işlər naziri Sergey Lavrov demişdi ki, "Moskva və Bakı hazırkı mərhələdə Rusiya sülhməramlılarının Dağlıq Qarabağda olmasının pozitiv rol oynadığı ilə razıdırlar".

Onun sözlərinə görə, iki ölkə prezidentləri bu mövzunu müzakirə ediblər: "Prezidentlərin mövqeləri o məsələdə üst-üstə düşür. İndiki mərhələdə Rusiya sülhməramlılarının orada olması regionda sabitliyin, etimadın qorunmasında və Qarabağa qayıtmaq istəyən sakinlərin dönüşünə kömək edilməsində pozitiv rol oynayır".

Rusiya sülhməramlılarının Qarabağda qalmaq müddəti 2025-ci ildə başa çatır. Onun müddəti yalnız tərəflərin razılığı ilə uzadıla bilər.

Rusiya sülhməramlı kontingenti ilə bağlı danışıqların növbəti raundunun tarixinin razılaşdırıldığı barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov da demişdi.

Səfirin fikirlərinə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) münasibət bildirilib.

"...ərazidə partlamamış hərbi sursat problemi nəzərə alınaraq, bu təhdidlərin aradan qaldırılması istiqamətində birgə səylərin həyata keçirilməsi üzrə məsləhətləşmələr aparılması zərurəti mövcuddur" – XİN-in sözçüsü Ayxan Hacızadə deyib.

Xatırlatma

1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi və ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona və Qarabağın bir hissəsinə nəzarətini bərpa edib.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma (10 noyabr) ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Ötən il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Hələlik, Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmayıb. Danışıqlar həm Rusiyanın, həm də Avropa İttifaqının ayrılıqda vasitəçiliyi ilə aparılır.

XS
SM
MD
LG