Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:37

Zəhmətabadlılar: Mərkəzlə əlaqəmiz kəsilmək üzrədir


Foto arxiv.
Foto arxiv.

-

«Qar əriyir, əridikcə də sular çatlara dolur, torpaq qat-qat axır». Söhbət Cəlilabad-Yardımlı yolunun Zəhmətabad kəndindən keçən hissəsindən gedir. Qarın əriməsi nəticəsində yoldakı sürüşmə də aktivləşib. Kənd sakinləri vəziyyətdən narahatdır.

Cümşüd Əsgərov AzadlıqRadiosunun «Qaynar xətt»inə danışır ki, həmin yol dağ yamacından keçir. Torpağın sürətlə sürüşməsi nəticəsində yolun müxtəlif hissələrində iri boşluqlar əmələ gəlib:

«Ən pisi odur ki, torpaq birbaşa təsərrüfatlarımızın, evlərimizin istiqamətində axır. Bu isə o deməkdir ki, evlərimiz, təsərrüfatımız torpaq uçqununun altında qala bilər. Yol da getdikcə təhlükə mənbəyinə çevrilir. Bu, kəndimizi rayonla birləşdirən yeganə yoldur. Çöksə, rayonla əlaqəmiz tamamilə kəsiləcək».

RAYON MƏRKƏZİ İLƏ ƏLAQƏ İTƏ BİLƏR

Kənd sakini Rufis Sadıqov da avtomobil yolundakı sürüşmənin aktivləşməsindən narahatdır. Onun sözlərinə görə, Zəhmətabaddan o tərəfə 6 kənd var ki, yol çöksə, həmin kəndlərin də rayonla əlaqəsi itəcək:

«Həmin kəndlərə bizim kənddən keçib gedirlər. Hərdən gətirib çınqıldan, torpaqdan töküb gedirlər. Ancaq çınqıl-torpaqla bu boyda sürüşmənin qarşısını almaq mümkündürmü, bax, bunu bilmirik».

Rufis Sadıqovun evi yola yaxın ərazidə yerləşir. Deyir, torpaq qatı hər gün genişlənərək dərəyə axdıqca, başqa evlər kimi onun da evi təhlükə ilə üz-üzə qalıb.

«CİDDİ TƏHLÜKƏ YOXDUR»

Cəlilabad rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildiriblər ki, aktivləşən zonanı nəzarətdə saxlayırlar:

«Çökmüş hissələr qum, çınqılla doldurulur. Yamacdır, torpaq axını təbiidir, bunun qarşısını yerli-dibli almaq mümkün deyil. Ancaq daim nəzarətdə saxlanılır. Ciddi təhlükə yoxdur. Zəhmətabadlıların narahatçılığı əsassızdır».

Ötən ilin noyabrında Cəlilabadın Pərdi kənd sakinləri «Qaynar xətt»ə Cəlilabad-Yardımlı yolunun bu kənddən keçən hissəsinin çökdüyünü demişdilər. Bildirmişdilər ki, yolda iri torpaq qatı uçaraq həyətlərə tökülüb.

XS
SM
MD
LG