Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:33

Zelenski: Ukrayna qələbəyədək vuruşacaq


Ukrayna silahlı qüvvələri Baş qərargahının məlumatına görə, Rusiya qüvvələri Zaporijya istiqamətində möhkəmlənir

Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, Ukrayna ordusu hazırkı məqamda hücuma keçə bilmir, çünki hərbi texnika baxımından hələ də Rusiya silahlıq qüvvələrindən geri qalır:

"Biz böyük itkilər verə bilərik, mənimsə prioritetim insanlardır”.

Lakin Zelenski iyunun 7-də Financial Times qəzetinin internet konfransında əlavə edib ki, o bu müharibənin “pat” vəziyyəti ilə başa çatmasının, yəni tərəflərin indiki mövqelərində qalmasının əleyhinədir.

Ukrayna prezidenti bunu da bildirib ki, o Rusiya qoşunlarının 24 fevral mövqelərinə qaytarılmasını yalnız “aralıq qələbə” hesab edir.

Onun fikrincə Ukrayna üçün tam qələbə onun ərazi bütövlüyünün tam bərpa olunmasıdır.

Zelenski Qərbi Ukraynanın silahla təchizatını daha da artırmağa və Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə çağırıb.

O təəssüflə bildirib ki, bəzi ölkələr artıq Rusiyaya qarşı sanksiyalardan yorulduqlarına işarə edirlər:

"Biz sadəcə olaraq ərazimizi vermək üçün bu qədər insan itirməmişik”.

Fransa prezidenti Emmanuel Makron bu yaxınlarda verdiyi müsahibədə demişdi ki, Rusiyanı “alçatmamaq” mühümdür.

Bir sıra ekspertlər bunu Ukraynaya torpağından keçmək çağırışı kimi qiymətləndirmişdilər.

Makronun sözlərini şərh edən Zelenski deyib:

“Biz heç kəsi alçaltmağa hazırlaşmırıq, biz onlara layiqli cavablarını veririk”.

Severodonetsk və Lisiçansk ‘ölü şəhərlərdir’

Ukrayna qüvvələri hələ də Severodonetsk şəhərində mövqelərini saxlayır, amma Rusiya ordusu say və silah baxımından onlardan üstündür. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Onlar çoxdurlar, daha güclüdürlər, ancaq bu istiqamətdə döyüşmək üçün hər cür şansımız var”, – Zelenski deyib. O əlavə edib ki, gərgin evbəev döyüşlər və rusiyalıların hədəfsiz atəşi Severodonetsk və Lisiçanskı “ölü şəhərlər”ə çevirib.

Hələlik, Ukraynanın əlində olan bu iki strateji şəhər tutularsa, Rusiya qüvvələri Ukraynanın şərqindəki Luqansk vilayətini bütünlükdə nəzarətə almış olar.

Rusiyalıların ötən ay Severodonetskdən 50 km cənubda yerləşən Popasnaya doğru irəliləməsi dayanıb. Bunu Britaniyanın Müdafiə Nazirliyi iyunun 7-də gündəlik bülletenində bildirir.

Nazirlik qeyd edir ki, Moskva “Donetsk vilayətinə bütünlükdə nəzarət etmək kimi siyasi hədəfinə” çatmaq üçün ya Popasna, ya da Severodonetskdən şimalda, İzyumda irəliləyiş əldə etməlidir.

Zaporijyada “təhdidedici vəziyyət”

Zelenski iyunun 6-da gecə çıxışında qeyd edib ki, Zaporijyada “təhdidedici vəziyyət” yaranıb, Rusiya əsgərləri vilayətin əsas şəhərini tutmaq istəyirlər.

“Düşmən Zaporijya şəhərini tutmaq istəyir”, – Zelenski iyunun 6-da mətbuat konfransında deyib.

Ukrayna silahlı qüvvələrinin Baş qərargahının məlumatına görə, Rusiya qüvvələri Zaporijya istiqamətində möhkəmlənir.

Bu şəhərin tutulması Rusiya ordusunun ölkənin mərkəzinə yaxınlaşması deməkdir.

Rusiya Zaporijya vilayətinin bəzi hissələrini ələ keçirib. Ukraynanın ən böyük sənaye regionlarından olan Zaporijyada Avropanın ən böyük nüvə zavodu yerləşir.

Buğda ixracı

Zelenski onu da qeyd edib ki, ölkəsi döyüşlər zamanı bağlanmış Qara dəniz limanlarından gəmilərlə buğda ixracına imkan verəcək dəhlizlərin yaradılacağına ümid edir. Onun sözlərinə görə, Ukrayna gəmilər üçün təhlükəsizlik təminatıyla bağlı Türkiyə və Britaniya ilə danışıqlar aparır.

Buğda ixracı Nyu Yorkda BMT-nin Təhlükəsizlik Şurasının iclasında da müzakirə mövzusu olub. Avropa Şurasının Prezidenti Şarl Mişel Kremli gözlənən qlobal ərzaq böhranına görə ittiham edib.

Mişel iyunun 6-da şuranın iclasında Rusiyanın səfiri Vasili Nebenzyaya müraciətlə deyib ki, bir neçə həftə öncə Ukraynanın Odessa limanında konteyner və gəmilərdə milyonlarla ton buğda və unun qaldığını gözləriylə görüb və səbəb “Rusiyanın Qara dənizdəki hərbi gəmiləridir”.

Onun sözlərindən sonra Nebenzya iclası tərk edib.

Sanksiyalar

Rusiya iyunun 6-da ABŞ-ın 61 rəsmisinə, aparıcı müdafiə və media şirkətləri başçılarına sanksiyalar açıqlayıb. Maliyyə naziri Canet Yellen və Enerji naziri Cennifer Qranholm sanksiya siyahısındadır.

Xarici İşlər Nazirliyi bildirib ki, bu addım “ABŞ-ın Rusiyanın siyasi və ictimai xadimlərinə, eləcə də yerli biznes təmsilçilərinə daim genişlənən sanksiyaları”na cavabdır.

Bu arada ABŞ hakimiyyəti rusiyalı biznesmen Roman Abramviçə lisensiyasız iki təyyarə ixracında ittiham edib. Lisenziya Ukraynaya hücum başlayandan sonra ABŞ-ın Moskvaya sanksiyaları çərçivəsində tələb olunur.

Ədliyyə Departamenti məhkəmə iddiasında iki təyyarənin müsadirəsini tələb edir, onların bu ilin əvvəlində ABŞ-ın ixraca nəzarət qaydalarını pozaraq Rusiya ərazisinə göndərildiyini bildirir.

XS
SM
MD
LG