Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 21:51

Çox yeməyin bədənə ziyanı


Yemək
Yemək

BBC

Bayram masası arxasında çox yeyib özümüzü həddindən artıq tox hiss edirik. Ancaq bu bizə dərs olmur. Elə növbəti gün yenə də mədəmizdə çoxlu yeməyə yer tapılır. Sən demə, çox yemək aclıq hissini artırırmış.

İnsanın qəbul etdiyi qida həzm olunan zaman onun mədəsi yığılır ki, qidanı bağırsaqlara ötürə bilsin. Bu zaman mədədəki qıda və hava hərəkət edir, mədədən eşidilə bilən qurultu səsi gəlir. Bu prosesdən sonra mədə yenidən genəlir və özünü yeməyə hazırlayır. Əlbəttə ki, bütün bu prosesləri tənzimləyən hormonlardır.

Xalq arasında yayğın düşüncəyə görə, çox yemək mədəni genişləndirir. Əslində isə mədə çox elastik olduğundan hər dəfə yenidən öz normal həcminə (1-2 litr) qayıdır. İnsanların boy və çəkisindən asılı olmayaraq mədələrinin ölçüsü, əsasən, eynidir.

Hormonlar

Bununla bağlı bilməli olduğumuz maraqlı məsələlərdən biri də aclıq hormonlarının ifrazıdır. Söhbət hipotalamusun (beyində yerləşən vəz) ifraz etdiyi NPY (neyropeptid Y) və AgRP, habelə mədənin özünün ifraz etdiyi qrelin hormonlarından gedir. Qrelin mədəmiz boş olan zaman ifraz olunur. Onun işi beynimizdə NPY və AgRP hormonlarının ifrazını stimullaşdırmaqdır. Bu iki hormonsa öz növbəsində aclıq hissinə cavabdehdir. Onların işi toxluq hissi verən hormonlara üstün gəlməkdir.

Düşünə bilərik ki, aclıq hissi verən hormon çox yeyən insanlarda daha çoxdur. Əslində isə qrelin hormonunun səviyyəsi arıq insanlarda köklərə nisbətən daha yüksəkdir. Bu ziddiyyət insanın endokrin sisteminin nə qədər mürəkkəb olduğunu göstərir.

Aclıq hissinin yaranması ilə bağlı cəmi üç hormon bəllidir. Toxluq hissi verən hormonların sayı isə 10-u keçib. Onların arasında GIP və GLP-1 hormonları karbohidrat mübadiləsini tənzimləmək üçün insulin ifrazını stimullaşdırmağa cavabdehdir. Daha bir neçə hormonsa qidanın mədəmizdə hərəkətini tənzimləyir. Çəkisi çox, qrelin səviyyəsi az olan insanlarda insulinin yüksək səviyyəsi qrelin ifrazının qarşısını almış ola bilər.

Daha iki hormon - CKK və PYY hormonları aclıq hissini zəiflədir. Mədəsinə halqa taxdırmış pasientlərdə PYY səviyyəsi xüsusilə yüksək olur. Bu, iştahanın azalmasına və itirilməsinə yol açır.

İtdən çox fərqlənməyən insan

Bəli, mədəmizin ac olanda beyinə siqnal göndərmək mexanizmi var. Ancaq yemək vaxtı və vərdişlərimiz də aclıq hissinə təsir edə bilər. Məsələn, hər dəfə divanda oturub televizora baxanda bir tikə şokolad yeyirsinizsə, bir müddətdən sonra divanda oturub televizora baxmağı dadlı bir şey yemək ehtiyacı ilə assosiasiya edəcəksiniz.


Hollandiyalı diyetoloq Karolien van den Akker deyir ki, bu hal hətta tox, enerji ehtiyatı ilə dolu olduğunuz zaman da yarana bilər.

Bu, anatomiya dərsindən bildiyimiz Pavlov-un iti ilə apardığı təcrübəni xatırladır. İt zəngin çalınmasını yeməyin gəlişi ilə assosiasiya edir, zəng çalınanda yemək olmasa belə, ağzı sulanırdı. Bu mənada, insanlar itlərdən çox da fərqli deyillər.

Akker deyir ki, insanda belə assosiasiyalar asanlıqla yaranır, ancaq onlardan qurtulmaq çətin olur. Onun sözlərinə görə, cəmi dörd gün televizor qarşısında şəkərli bir şey yesəniz, bu, gündəlik vərdişə çevrilə bilər.

İnsanlar pis əhvalda olanda da özlərinə nəzarəti itirə bilirlər. Bundan başqa, aparılan təcrübələr göstərir ki, dostların əhatəsində yeyən insan tək yeyən insandan daha çox qida qəbul edir.

Yemək vərdişləri ilə bağlı bu biliklər pis vərdişlərdən qurtulmağa kömək edə bilər. «Biz insanların daha az yeməsinə kömək edərkən onların yemək istəklərini unutmasına fokuslanırıq», – Akker deyir.

XS
SM
MD
LG