Almaniya xarici işlər naziri 'Turan' agentliyində olub

Annalena Berbok

Almaniyanın xarici işlər naziri Annalena Berbok noyabrın 22-də Bakıda "Turan" İnformasiya Agentliyinin ofisində Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüş keçirib.

Görüşdə agentliyin rəhbərliyi ilə yanaşı, iqtisadçı, hazırda polis nəzarətində olan Qubad İbadoğlu və hüquqşünas Şəhla Hümbətova da iştirak ediblər. (Q.İbadoğlu saxta pul və ya xarici valyuta əldə etmə, habelə başqa qanunsuz əməldə ittiham edilir. O, ittihami qurama sayır)

Görüşdə vətəndaş cəmiyyətinin, medianın vəziyyəti, Azərbaycan ilə Ermənistan arasında illərdir davam edən sülh danışıqlarının perspektivləri, Bakıda keçirilən BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yekunları və ekoloji problemlər ətrafında fikir mübadiləsi aparılıb.

21 noyabr

Almaniyanın xarici işlər naziri Azərbaycanda tənqidçilərin həbsindən danışıb

COP29-da iştirak edən Almaniya xarici işlər naziri Annalena Berbok bu gün mətbuat konfransında Azərbaycanda insan haqları barədə sualı cavablandırıb: "Media fəallarının və müxalifət nümayəndələrinin həbsi çox narahatlıq doğurur".

O, xüsusi olaraq ev dustaqlığında olan Qubad İbadoğlunun ölkədən çıxışına qadağa qoyulmasını nümunə göstərib.

Nazir həmçinin Avropa Şurası Parlament Assambleyası (AŞPA) və Azərbaycan arasında gərginliyə toxunaraq Assambleyanın 76 üzvünə ölkəyə giriş qadağası qoyulmasını "qətiyyən qəbuledilməz" adlandırıb: "Bu qadağalar Bundestaqın üzvlərinə də təsir edir və Azərbaycanın Avropa Şurasındakı öhdəlikləri ilə bir araya sığmır".

Nazir onu da əlavə etdi ki, bu məsələ iqlim böhranı ilə qarışdırılmamalıdır: "İnsan haqlarına hər zaman toxunmaq lazımdır, amma bu konfransın nəticələri də vacibdir".

Azərbaycanın AŞPA-da səsvermə hüququ bu ilin yanvarında öhdəliklərin icrasının yetərli olmaması əsas gətirilərək dondurulub. Rəsmi Bakı isə qurumla əməkdaşlığı dayandırdığını və Assambleya üzvlərinin Azərbaycana gəlişinə qadağa qoyulduğunu açıqlayıb.

18 noyabr

Vəkil jurnalistlə görüşüb

Bu gün, noyabrın 18-də vəkil Aqil Layıc "Abzas Media" nəşrinin həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı ilə görüşüb.

Vəkilin sözlərinə görə, görüşdə məqsədi jurnalistin son günlər təcridxanada təzyiqlə üzləşməsi ilə bağlı açıqlamaları dəqiqləşdirmək olub.

Vəkilin vurğulamasına görə, o, S.Vaqifqızıdan soruşub ki, ona qarşı fiziki və verbal şiddət olubmu?: "Dedi ki, ona fiziki və verbal şiddət olmayıb. Qolundakı göyərtinin səbəbini izah etdi. Dedi ki, korpusdakı bütün hava boşluqlarını bağlayırdılar, rejim qaydalarının tələbi olaraq. Amma otaqda epilepsiya xəstəsi olub, onun özü və başqaları havasızlıqdan əziyyət çəkib. O tələb edib ki, nəfəslik açılsın".

Jurnalistin sözlərinə görə, onun barmağı nəfəslik bağlanarkən orada qaldığından xəsarət alıb: "Sevinc mənə dedi ki, indi nəfəslikləri müəyyən qədər açırlar. Sadəcə hər qapının ağzında bir nəzarətçi qoyublar".

Bundan başqa jurnalistə, deməsinə görə, hər hansı fiziki təzyiq olmayıb. "Hazırda səhhəti yaxşıdır", - A.Layıc bildirib.

Penitensiar Xidmətdən deyilənlərə cavab

Penitensiar Xidmətdən "Turan"a bildirilib ki, "Abzas Media işi" üzrə həbsdə olan jurnalistlərin son günlər təzyiqlərlə üzləşməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir: "Həbsdə saxlanılan Sevinc Abbasova, Elnarə Qasımova və Nərgiz Absalamova Bakı İstintaq Təcridxanasında saxlandıqları müddətdə təzyiqlərə, işgəncələrə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmayıb. Hüquqları təmin edilir və qanuni mənafeləri qorunur".

Penitensiar Xidmətdən vurğulanıb ki, qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlər istisna olmaqla təcridxanada saxlanılan hər bir həbs edilmiş şəxs həftədə iki dəfə 15 dəqiqəyədək müddətdə telefonla danışmaq hüququndan istifadə edir.

17 noyabr

Yaxınları jurnalistlərin həbsdə təzyiqlə üzləşdiklərini deyirlər

Noyabrın 16-da ailəsi "Abzas Media" nəşrinin 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanan redaktoru Sevinc Vaqifqızı ilə görüşüb.

Ailədən AzadlıqRadiosuna verilən məlumata görə, görüş zamanı jurnalistin qolunda zorakılıq izləri görülüb: "Biləyinin iç tərəfi yumurta boyda göyərib. Həmin əlinin baş barmağının iç damarı partlayıb... Həmçinin, Nərgiz Absalamova və Elnarə Qasımovanın da əlində zədə olduğu deyilir".

Ailədən deyilənə görə, S.Vaqifqızı hadisənin noyabrın 15-də axşam baş verdiyini bildirib: "Deyilənə görə, Nərgiz Absalamova öz kamerasının nəfəsliyi önündə dayanıbmış. Bu zaman bir nəzarətçi ona yaxınlaşaraq hərəkətinin qanunsuz olduğunu deyib və qapının yanından getməsini istəyib. Nərgiz də ona deyib ki, mən öz kameramın qapısı ağzında dayanmışam, burada qanunsuz nə var? Bu zaman nəzarətçi Nərgizi təhqir edib. Aralarında mübahisə yaranıb və səs-küy digər kameralardan da eşidilib. Sevinc də etiraz edib. Bu zaman gəlib bütün kameraların nəfəsliyini bağlayıblar".

Nərgiz Absalamova

Ailəsinin vurğulamasına görə, S.Vaqifqızı söyləyib ki, kamera yoldaşlarından biri epilepsiya xəstəsidir, eyni zamanda, digər kamerada hamilə qadın var: "Nəfəslik bağlandıqdan sonra içəridə havasızlıq yaranıb və epilepsiyadan əziyyət çəkən qadının vəziyyəti pisləşib. Bu zaman Sevinc Vaqifqızı "nəfəsliyi açın" deyə qışqırmağa və qapını döyməyə başlayıb. Digər kameradakı dustaqlar da qapıları döyməyə başlayıblar. Bundan sonra bir nəzarətçi nəfəsliyi açıb, "nə olub" deyib. Həmin an Sevinc əlini nəfəsliyin arasına salıb ki, təkrar bağlamasın. Deməsinə görə, nəzarətçi qəsdən nəfəsliyi bağlayaraq Sevincin əlini arakəsmədə sıxıb".

Elə həmin vaxtda "Abzas Media işi" üzrə həbs edilən digər jurnalistlərdən Elnarə Qasımova Nərgiz Absalamovaya da təzyiq edildiyi bildirilir. Yaxınlarının verdiyi məlumata görə, hələlik, vəkillərinin jurnalistlərlə görüşmək təşəbbüsləri isə nəticə verməyib.

Elnarə Qasımova

+++

14 noyabr

Yaxınları "Abzas Media" işi ilə bağlı həbsdə olan jurnalistlərin təzyiqlə üzləşdiklərini deyirlər. Onların məlumatına görə, Nərgiz Absalamova saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasında noyabrın 14-də bir nəzarətçinin təhqirinə məruz qalıb. Yaxınlarının vurğulamasına görə, həmin gün axşam vaxtı digər nəzarətçi N.Absalamovanı təhqir edib və qolundan xəsarət yetirib.

Onların həmçinin vurğuladığına görə, noyabrın 15-də bir qrup məhbus N.Absalamova və digərlərinə təzyiq etməyə çalışıb: "Sevinc Vaqifqızı ilə Elnarə Qasımova isə buna etiraz ediblər və qarşılığında onlar da nəzarətçilərin təzyiqinə məruz qalıblar".

Bu deyilənlərə, hələlik, Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.

Yaxınları bundan əvvəl isə "Abzas Media" işində həbsdə olan jurnalistlərə telefon və görüşlə bağlı məhdudiyyətlər qoyulduğunu açıqlamışdılar.

Sizin brauzer HTML5-i dəstəkləmir

'Azərbaycanda həbslər davam edəcək': AbzasMedia İşində son vəziyyət

13 noyabr

Həbsdə olan jurnalistlərin yaxınlarından şikayət var

"Abzas Media" işi üzrə həbs olunmuş jurnalistlərin yaxınları ilə telefon danışıqlarının məhdudlaşdırıldığı deyilir.

Onlayn nəşrin həbsdəki baş redaktoru Sevinc Vaqifqızının anası Ofeliya Məhərrəmovanın sözlərinə görə, qızı ilə telefon danışıqlarını 15 dəqiqədən 2 dəqiqəyə endiriblər: "Sevinc dedi ki, məhdudiyyət COP29-a görədir. Onlara deyilib ki, yaxınlarınız səsinizi eşidib sağ-salamat olduğunuzu bilsinlər, bəsdir".

Noyabrın 11-də Bakıda BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) başlayıb. Bakı Olimpiya Stadionunda keçirilən tədbir noyabrın 22-nə kimi davam edəcək.

O.Məhərrəmova həmçinin qeyd edib ki, bundan əvvəl 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan qızı ilə görüşləri ləğv olunub.

"Abzas Media" isə bildirir ki, nəşrin həbs olunmuş digər jurnalistlərinin də telefon danışıqları 2 dəqiqəyə endirilib.

Hələlik, bu şikayətlərə Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

"Abzas Media" işi ilə bağlı əvvəlcə ötən il noyabrın 21-də həmin nəşrin direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, daha sonra isə əlavə bir neçə şəxs həbs edilib. Onlara əvvəlcə qaçaqmalçılıq ittihamı verilib, sonra ittiham ağırlaşdırılıb. Həmin şəxslər ittihamları qəbul etmir və həbslərini peşə fəaliyyəti ilə əlaqələndirirlər.

Ümumilikdə ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 20 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların heç biri ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təqribən 300 siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir.