İstanbulda 70 kiloqram qızılla saxlandığı iddia edilən azərbaycanlı, Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyinin hərbi attaşesi Qəhrəman Məmmədov həbs olunub. Noyabrın 25-də Bakı Hərbi Məhkəməsində onun haqqında ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Polkovnik-leytenant Q.Məmmədova Azərbaycandan kənarda qaçaqmalçılıq və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları verilib. Belə suç maddələrində 8 ilədək həbs cəzası nəzərdə tutulub.
"Qəhrəman Məmmədov özünü təqsirli bilmir. O, məhkəmədə qızıl qaçaqmalçılığı barədə ona verilən ittihamı qəbul etmədiyini deyib", - məhkəmədəki adının çəkilməsini istəməyən qaynaq AzadlıqRadiosuna belə söyləyib.
Hərbi attaşe haqqında istintaq Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılır və özü də bu qurumun istintaq təcridxanasında saxlanılır.
Q.Məmmədov 2017-2021-ci illərdə Azərbaycanın ABŞ-dakı səfirliyində hərbi attaşe olub və daha öncə də Müdafiə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.
O, Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib. Onun saxlanması barədə öncə Türkiyə mediası xəbər yayıb. Bildirilib ki, İstanbul Prokurorluğunun təqdimatı ilə Qaçaqmalçılıq Cinayətləri ilə Mübarizə Şöbəsi Sarıyer adlanan ərazidə ticarət mərkəzinin qarşısında bir şübhəli şəxsi saxlayıb. Taksidə olarkən saxlanılan şəxsdən 70 kiloqram qızıl aşkarlanıb.