Ordudakı 143 milyonluq yeyinti ilə bağlı daha bir cəza

2022-ci ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Müdafiə Nazirliyində əməliyyat keçirib.

Müdafiə Nazirliyi sistemində 143 milyon manatlıq yeyinti ilə bağlı cinayət işi üzrə həbsdə olanlardan daha birinin – Ordunun Təlim və Tədris Mərkəzi Maliyyə Xidmətinin keçmiş rəisi, polkovnik-leytenant Rəşad Məlikzadənin mühakiməsi yekunlaşıb. Ona 10 il 6 aylıq həbs cəzası kəsilib. B hökm noyabrın 25-də Bakı Hərbi Məhkəməsində açıqlanıb.

R.Məlikzadə 9 milyon manatdan çox yeyintidə təqsirli bilinib. Onun özünün və yaxınlarının adına Bakıdakı bir neçə mənzilin, Gəncə və Ağcabədidə ev, torpaq sahələri də daxil, toplam 2 milyon manata yaxın dəyəri olan daşınmaz əmlakların müsadirəsinə qərar verilib.

R.Məlikzadə məhkəmədə özünü qismən təqsirli bildiyini, rəhbərliyin tapşırıqlarını icra etdiyini demişdi. Onun sözlərinə görə, nazirliyin Maliyyə və Büdcə İdarəsi Təftiş Şöbəsinin keçmiş rəisi Rəfael Xələfovun göstərişi əsasında yoxlamaya gedən təftişçilər yazılmayan qaydalar əsasında hərəkət edirlərmiş: "Bir qəpikdən də keçmirdilər...".

Təqsirləndirilən zabit vurğulayıb ki, R.Xələfov hətta öz yaxınlarının şəxsi işlərinə aid xərcləri də onlara ödətdirirmiş: "Bütün işlərin başında Rəfael Xələfov dayanırdı. "Land-Rover"inin pulunu mənə verdirib. Mənə paltar aldırıb. 18 min manat mənə paltara pul verdirdi. Pis də çıxsa, əynindəki şalvarın pulunu da mən vermişəm".

O, yeyintidə özünün də iştirakını boynuna alsa da, ona çatan məbləğin 9 milyon manatdan dəfələrlə az olduğunu deyib.

R.Məlikzadə yeyinti nəticəsində dövlətə vurulmuş ziyandan toplam 850 min manata yaxınını istintaq və məhkəmə dövründə ödəyib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Müdafiə Nazirliyində 100 milyon manatlıq yeyinti: 'Ölkə rəhbərliyinin bundan xəbəri olub'

Xatırlatma

2022-ci ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşları Müdafiə Nazirliyində əməliyyat keçiriblər. Əməliyyat nəticəsində 15 nəfərə yaxın vəzifəli şəxs həbs edilib. Onların arasında nazirliyin Maliyyə və Büdcə İdarəsinin keçmiş rəisi, general mayor Nizami Məmmədov da var. Onun məhkəməsi hələ davam edir. Bugünlərdə prokuror generala 12 il 6 ay həbs cəzası verilməsini istəyib.

DTX-nın İstintaq İdarəsində ilyarıma yaxın istintaqı sürən cinayət işində iddia olunur ki, mənimsəmə, əsasən, ərzaq, mebel, texniki avadanlıq və s. mallar alınarkən, qiymətlərin şişirdilməsi, tenderlərdə qalib elan edilən şirkətlərin hesabına köçürülmüş vəsaitlərin bir hissəsinin geri alınması və s. yollarla baş verib.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə), 308.2-ci (vəzifədən sui-istifadə etmə), 313-cü (vəzifə saxtakarlığı) və başqa maddələri ilə ittiham verilib.