Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:22

«Quş qripi» məsələsində baytarlarla ekoloqların fikri üst-üstə düşmür


Sanitar «quş qripi»nin aşkarlandığı Sitalçayda yerli sakinlə söhbət edir, 28 fevral 2006
Sanitar «quş qripi»nin aşkarlandığı Sitalçayda yerli sakinlə söhbət edir, 28 fevral 2006
Son zamanlar cəmiyyətdə belə bir fikir dolaşır: «Quş qripi» təhlükəsi sovuşdumu? Bəribaşdan deyək ki, bu məsələdə baytarlarla ekoloqların fikri üst-üstə düşmür.

Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Xidmətinin rəis müavini Emin Şahbazov deyir ki, «quş qripi» təhlükəsi sovuşub, köçəri quşların noyabrdan marta qədər davam edən miqrasiyası başa çatıb, bütün quşçuluq fabrikləri nəzarətdədir, həmin təsərrüfatlarda virusa yoluxma halları yoxdu. Fərdi təsərrüfatlarda da quşların kütləvi qırılması müşahidə olunmur. Ona görə də Emin Şahbazovun bildirdiyinə görə, insanlar rahat şəkildə quş əti və yumurtadan istifadə edə bilərlər.

Ötən bazar günü dövlət orqanlarının təşkilatçılığı ilə quş əti yarmarkası da keçirilib və İqtisadi İnkişaf naziri Heydər Babayev əhalini quş ətinin tam təhlükəsiz olmasına əmin etmək üçün həmin yarmarkada toyuq əti də yeyib.


Amma Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırova görə, «quş qripi» elə xəstəlik deyil ki, onun birdəfəlik sovuşmasını bəyan etmək mümkün olsun, çünki köçəri quşların miqrasiyası müəyyən fasilələrlə il boyu davam edir. Və yaxın vaxtlarda Misir və Afrikadan yeni miqrasiya dalğasını gözləmək və buna hazır olmaq lazımdır.


Dövlət məmurlarının «quş qripi» ilə bağlı ziddiyyətli fikirlərini nəylə izah etmək olar? İnfeksiyaçı-həkim Mehdi Mehdiyev deyir ki, burada iqtisadiyyatla təbabətin maraqları toqquşur. O, bildirir ki, hökumət iflic vəziyyətinə düşmüş quşçuluq təsərrüfatlarını dirçəltmək istəyir, broyler təsərrüfatlarının özləri də məhsullarının satışını bərpa etmək üçün «quş qripi» təhlükəsinin tam sovuşması təsəvvürü yaratmağa çalışırlar.


Cənab Mehdiyev deyir ki, indiki şəraitdə hər bir vətəndaş kimin, hansı məmurun nə deməyindən asılı olmayaraq, öz şəxsi gigiyenasına fikir verməkdə davam etməlidir, diri quşlarla sıx təmasdan çəkinməlidir. O ki qaldı quş əti və yumurtadan istifadəyə, Mehdi Mehdiyev xatırladır ki, hətta «quş qripi» xəstəliyinin ən təhlükəli dövründə də toyuq əti yemək olar. Bir şərtlə ki əllər yuyulsun və ət yaxşı bişirilsin.


XS
SM
MD
LG