Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:21

Azərbaycanda terrorçuluq ittihamı ilə dalbadal məhkəmələr keçirilir


Qanunsuz silahlı birləşmə yaratmaqda ittiham olunan 16 nəfərə hökm oxundu, 19 aprel 2006
Qanunsuz silahlı birləşmə yaratmaqda ittiham olunan 16 nəfərə hökm oxundu, 19 aprel 2006
Mütəxəssislərin fikrincə, terrorçu qurumlar müxtəlif regionlarda möhkəmləndikdən sonra Azərbaycanın özündə də etibarlı şəbəkə yaratmaq niyyətinə düşüblər. Bu niyyət də indi Azərbaycan hakimiyyətinin müqaviməti və etirazı ilə üzləşir.

Milli təhlükəsizlik naziri Eldar Mahmudov "Interfax" agentliyinə bildirib ki, beş il öncə terrorçular Azərbaycandan tranzit ölkə kimi yararlanırdısa, indi vəziyyət dəyişib. Azərbaycanda ya terror fəaliyyətini reallaşdırmaq, ya da mərkəzi qurumların göstərişi ilə terror şəbəkəsi yaratmağa çalışırlar. Eldar Mahmudova görə, bu zaman güc strukturları daha çox dini-ekstremist qruplarla üzləşirlər. Hətta bir müddət öncə neytrallaşdırılmış «əl-Qaidə Qafqaz» qruplaşması azərbaycanlı qızları fədai kimi yetişdirirmiş.

Az-çox bu sahədə informasiyası olan mütəxəssislərlə söhbətdən də belə anlaşılır ki, son günlər terrorçu qruplaşmalarla bağlı məhkəmələrin qurulması təsadüfi deyil. Onların qənaətincə, bu, Azərbaycanın beynəlxalq terrorçu qrupların maraq əhatəsində olması, burada terror şəbəkəsinin yaradılması ilə bağlıdır.


"Şərq-Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Orucluya görə, Azərbaycan beynəlxalq terrorçuların hədəfində olmasaydı, təəccüblü görünərdi. Azərbaycan həm şərq-qərb, həm də şimal-cənub istiqamətində dəhlizdir: «Azərbaycan Çeçenistandakı terrorçu birləşmələrin, o cümlədən «PKK» və «Hizbullah» kimi terrorçu qrupların, ümumiyyətlə, dini ideologiyaya əsaslanan terrorçuluğun coğrafi arealda yayılması üçün tranzit rolunu oynayır. Bu baxımdan da indiyə qədər həmin qruplar maneələrlə üzləşməmək üçün Azərbaycanda terrorçu şəbəkənin yaradılmasında maraqlı olmayıblar».

Amma Ərəstun Oruclu hesab edir ki, artıq şərtlər dəyişir. Bu gün terrorçu qurumlar müxtəlif regionlarda möhkəmləndikdən sonra Azərbaycanın özündə də etibarlı şəbəkə yaratmaq niyyətinə düşüblər. Və bu niyyət də indi Azərbaycan hakimiyyətinin müqaviməti və etirazı ilə üzləşir.



Politoloq Rövşən Novruzoğlu isə deyir ki, Azərbaycanın terrorçu qruplar üçün tranzit rolunu oynamasını Rusiya rəsmiləri dəfələrlə bəyan ediblər. Bu haqda Qərb və eləcə də yaxın ölkələrin mətbuatı da yazıb. Amma Azərbaycanın anlaşılmayan səbəblərdən belə ittihamlara cavab verməməsi beynəlxalq miqyasda birmənalı qarşılanmır. Ekspert iddia edir ki, belə etinasızlıq bəzi hallarda Azərbaycanın əleyhinə işləyir, onun anti-terrorla bağlı toplantılardan kənarda qalmasına səbəb olur. Halbuki, anti-terror koalisiyasına qoşulmuş dövlət kimi, Azərbaycan özünün terrora qarşı konsepsiyasını ortaya qoymalıdır.

Rəsmilər «Ceyşullah», «Hizb-ut-Tahir», «əl-Qaidə Qafqaz», «əl-Muvahaddin» kimi terror qruplaşmalarının yerli özəklərinin ləğv olunduğunu, bəzi terrorçu qurumların üzvlərinin isə həbs edildiyini deyirlər. Amma bununla belə ekspertlərdən hökumətin bu yöndə apardığı mübarizəni yetərli sayan da var, saymayan da.


Sabiq MTN zabiti İlham İsmayıl hakimiyyətin terrora qarşı apardığı mübarizəni yetərli hesab edir. Mübarizəni yetərli saymayanlar isə bunu güc strukturlarının, xüsusən də terrorla mübarizə aparmalı olan Milli Təhlükəsizlik Nazirliyinin peşəkar keyfiyyətlərinin aşağı düşməsi ilə izah edirlər. «Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Orucluya görə, nazirliyə rəhbərlik edənlərin əksəriyyəti polis sistemindən gələnlərdir. Polisin isə təhlükəsizlik orqanları ilə bağlı dərin təsəvvürləri ola bilməz. Bu fikrin davamı olaraq politoloq Rövşən Novruzoğlusa deyir ki, Azərbaycandakı güc nazirliklərində hətta terror dəstələri haqda yetərincə məlumat belə yoxdur: «Güc nazirliklərində beynəlxalq aləmdəki terrorçu dəstələrin hətta ən fəalları haqda məlumat yoxdur. Bir nəfər tanınır – Üsəma bin Ladenin «əl-Qaidə» təşkilatı. Halbuki, bu təşkilat 69 irili-xırdalı terror qurumlarını birləşdirir».


XS
SM
MD
LG