Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:30

Avtobusda neçəyə gedək?


Faktiki olaraq əhali gediş haqqını iki dəfə artıq ödəyir
Faktiki olaraq əhali gediş haqqını iki dəfə artıq ödəyir

Tarif Şurasının sədri, iqtisadi inkişaf naziri Heydər Babayev deyir ki, narahatçılığa əsas yoxdur, Nəqliyyat Nazirliyinin müraciətinə baxmayaraq, qiymətlər artmayacaq


«Hökumət sahibkarların dediyi ilə razılaşsa, bəs biz nə edəcəyik, olmaz axı belə, mən 170 min manat maaş alıram, gündə 2000 manat marşruta pul verirəm, bəs mən nə ilə yaşayım?!» Sahibə xanım müəllimədir. Deyir eşidəndə ki, hökumət şəhərarası nəqliyyatda gediş haqlarının qaldırılmasını rəsmiləşdirmək istəyir, olub-qalan ümidini də itirib. İndi məcburdur ki, ikinci iş yeri axtarsın, indiki maaşı ona çatmır.


Nəqliyyat naziri Ziya Məmmədov mayın 17-də jurnalistlərə deyib ki, sahibkarlar nazirliyə müraciət ediblər ki, gediş haqlarının 1000 manat olmasını Tarif Şurası da təsdiqləsin. Ziya Məmmədov: «Əhalinin gəlirləri artır, ona görə də gediş haqlarını rəsmən qaldırmaq olar».


Mayın 18-də isə Tarif Şurasının sədri, iqtisadi inkişaf naziri Heydər Babayev deyib ki, narahatçılığa əsas yoxdur, Nəqliyyat Nazirliyinin müraciətinə baxmayaraq, qiymətlər artmayacaq.


Nəqliyyat nazirinin müavini Musa Pənahovsa deyir ki, nazirlik qiymətləri qaldırmağın ona görə tərəfdarıdır ki, şəhərə iritutumlu avtobuslar gətirmək istəyən sahibkarları həvəsləndirsinlər. İndiki mikroavtobusları iriləri ilə əvəzləyəndə şəhərdə tıxaclar azalacaq.


Ekspertlər isə deyirlər ki, hökumətdəki fikir ayrılığına baxmayaraq, faktiki gediş haqqını aşağı salmaq bundan sonra çətin olacaq.


Ola bilsin ki, İqtisadi İnkişaf və Nəqliyyat nazirlikləri arasında müzakirələr uzansın, amma faktiki olaraq əhali gediş haqqını iki dəfə artıq ödəyir.


İqtisadçı ekspert Rövşən Ağayev deyir ki, nəqliyyat sektorundakı bahalaşma bir sıra məmur qruplaşmalara sərf eləyir, görünür, hökumətdəki fikir ayrılığına da əsas səbəb məhz budur.


Ekspertlər deyirlər ki, hökumət nəqliyyatda gediş haqqını qaldırmaq istəyirsə, əvvəlcə bu sahədə xidmətin keyfiyyətini yaxşılaşdırmalıdır. Rövşən Ağayevin də fikrincə, bahalaşmadan əvvəl şəhərdaxili nəqliyyat sektorunda şəffaflıq yaranmalıdır. Hazırda paytaxtdakı avtobusların gündə nə qədər adama xidmət göstərdiyi məlum deyil, bir müddət əvvəl avtobuslarda bilet sisteminin tətbiq olunması tələb kimi qoyulsa da, təcrübədə buna əməl edilmədi. Vergilər Məcəlləsinə görə isə, avtobuslar oturacaqların sayına görə vergi ödəməlidirlər, indi bu mexanizm də işlək deyil.


XS
SM
MD
LG