Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 01:29

Evsizlər Bakıda xaos yarada bilər


Hazırda Bakıda 551 bina tikilməkdədir
Hazırda Bakıda 551 bina tikilməkdədir

Mütəxəssislər deyir ki, yararsız binalarda mənzil alanlar tikinti şirkətlərini məhkəməyə verib təzminat ödənməsini tələb edə bilərlər


Fövqəladə hallar naziri Kəmaləddin Heydərov indiyə kimi tikilmiş hündürmərtəbəli binaların bəzilərinin təhlükəsizlik standartlarına cavab vermədiyini bildirib. Amma nazir bununla bağlı hansı ölçü götürüləcəyi və bu binalara köçmüş və ya köçməyə hazırlaşan sakinlərin aqibəti haqda heç nə deməyib. Cənab Heydərov bircə onu deyib ki, nazirlik həmin binalarla bağlı araşdırmaya başlayıb. Bu binalarda mənzil almış və ya almağa hazırlaşanları isə bir sual maraqlandırır: araşdırmanın nəticələrindən nə gözləmək olar?


Əhmədli qəsəbəsində yeni tikilən binalardan birində ikiotaqlı mənzil alan Fuad Quluzadə etiraf edir ki, nazirin bəyanatından sonra qorxmağa başlayıb. Hətta o ödədiyi pulu geri almağa hazırlaşır. «Qorxu həmişə var. Amma Allahın işidir».


Əməkdar inşaatçı Emil Axundova görə, nazirlik bəyan etdiyi kimi ciddi araşdırma apararsa, Bakıda xaos yarana bilər. Onun qənaətincə, söhbət yeni binalarda mənzil alan təxminən 330 minə yaxın insanın taleyindən gedir. «Tikilən binaların 80 faizi məndə şübhə yaradır. Bu evlər ekspertizadan keçməyiblər». Mütəxəssis hesab edir ki, indiyədək tikilən binalar mütləq yoxlamadan keçirilməlidir, bu tikililəri və orda yaşamalı insanları taleyin ümidinə buraxmaq olmaz. Emil Axundov deyir ki, ekspertiza zamanı bəlli olacaq yararsız binalarda mənzil alanlar isə tikinti şirkətlərini məhkəməyə verə və təzminat ödənməsini tələb edə bilərlər.


Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin nümayəndəsi Nüsrət İbrahimov isə əvvəlcədən yeni tikintilər haqda rəy verməyə tələsmir. Onun sözlərinə görə, yalnız ekspertizadan sonra həm nazir Kəmaləddin Heydərov, həm də mütəxəssislər fikir söyləyə bilərlər. O ki qaldı, yararsız sayılan binaların sökülmə ehtimalına, Nüsrət İbrahimov bunu mümkünsüz sayır. «Azərbaycanda hələ belə təcrübə yoxdur ki, tikilmiş bina sökülsün. Amma belə bir qərar olsa, oradakı sakinlər başqa binalarda mənzillə təmin olunmalıdırlar».


Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin mayın 1-nə olan məlumatına görə, Bakıda 551 bina tikilməkdədir. Belə tikililərdən birini aparan şirkətin rəhbəri Şahin Qonaqov isə işinə başı ilə cavab verdiyini və lazımi yerlərdən rəy aldıqlarını bildirir. «Biz tikdiyimiz binanı 9 bal yox, 11 bala hesablamışıq».


Yeni binalarda yaşayanların düşə biləcəyi vəziyyətə, onların təzminat və ya yeni mənzil ala biləcəkləri məsələsinə toxunmaq yerinə düşərdi. Bu zaman vaxtı ilə «Vahidbank»la bağlı yaranan qalmaqal yada düşür. O zaman Azərbaycanda yüzlərlə vətəndaşın pulu bu bankda batsa da, hökumət həmin qurumun rəhbərini həbs etməklə problemi qapatmışdı. Belə çıxır ki, hökumət komissiyasının yararsız çıxara biləcəyi binaların sakinlərini də pulu piramida banklarında batan adamların aqibət gözləyə bilər. O zaman pulunu banka qoyanların əksəriyyəti sonradan geri heç nə ala bilmədi.


Amma ümidini Allaha bağlayıb taleyini sınamaq istəyənlər az deyil. Fuad Quluzadə ümidvardır ki, tikinti şirkətləri də öz məsuliyyətlərini başa düşməmiş deyillər. «Onlar da Azərbaycanda yaşayırlar. Gələcəkdə hər hansı fəlakət olmasını istəməzlər. Yəqin onlar da məsuliyyətlərini dərk edirlər».


Arzuman Abdulkərimov isə 12 mərtəbəli yeni binadan mənzil almazdan öncə yüngülcə kəşfiyyat apardığını deyir. O standartlara uyğun binalar inşa edənlərlə yanaşı, həmin standartları pozanların da olduğunu bildirir. Buna görə də tikinti şirkətlərinə sertifikat verilməsini, bütün şirkətlərin tikintini vahid standartlar əsasında aparmasına dair qərar verilməsini istəyir. «Elə şirkət var ki, bir sütuna 16 armatur əvəzinə 12 armatur qoyur. Bununla da bir neçə milyon dollar qənaət etmiş olurlar…»


Amma Arzuman Abdulkərimov fövqəladə hallar nazirinin bəyanatını bir yandan müsbət qiymətləndirsə də, o biri yandan bunu Bakı şəhər İcra Hakimiyyəti ilə Fövqəladə Hallar Nazirliyi arasında qarşıdurmanın üzə çıxan tərəfi kimi qiymətləndirir. O, bu ekspertizanın nəticəsiz qala biləcəyini də güman edir.


XS
SM
MD
LG