Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:37

Din siyasətin, yoxsa siyasət dinin yerini tutur?


Ekspertlər hesab edir ki, Azərbaycanda islamçılar dövlət quruluşunu dəyişmək gücündə deyillər
Ekspertlər hesab edir ki, Azərbaycanda islamçılar dövlət quruluşunu dəyişmək gücündə deyillər

Ekspertlərin fikrincə, təhlükə getdikcə dinə meylin artmasında yox, onun bir çox hallarda siyasi-ideoloji funksiyanı yerinə yetirməsindədir


Dini təşkilatların Azərbaycanda fəallaşması barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Rafiq Əliyevin bəyanatlarına BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Marko Barsotti də qoşuldu. O, hətta vəziyyəti ölkənin dini mühitinə təcavüz kimi qiymətləndirdi. Ekspertlər Rafiq Əliyevin narahatlığını bir qədər gecikmiş hesab edirlər. Əksər müşahidəçilərin fikirlərinə görə, bir sıra qonşu ölkələrin Azərbaycanda dini şəraiti nəzarətə almağa meyl etmələri artıq bir neçə ildir özünü çox qabarıq şəkildə göstərməkdədir. Bakı Dövlət Universitetinin (BDU) müəllimi Altay Göyüşov deyir ki, dini təriqətlər arasında əsasən vəhhabilərin, nurçuların və şiələrin fəallığı hiss edilməkdədir. Onun müşahidələrinə görə, Azərbaycanda əhalinin böyük əksəriyyətinin şiə olmasına baxmayaraq, bütün bu təriqətlər içərisində vəhhabilik və nurçuluq getdikcə daha çox tərəfdar qazanmaqdadır.
Əslində, həm vəhhabilik, həm də nurçuluq islam dininin sünni təriqətinin qolları sayılır. Tarixi araşdırmalara görə, vəhhabilik əsasən 18-ci əsrdən etibarən Səudiyyə Ərəbistanında, nurçuluq isə, 20-ci əsrin 30-cu illərində Türkiyədə meydana çıxıb. Altay Göyüşov deyir ki, bu təriqətlər Azərbaycanda təqribən 10 ildir ki, geniş vüsət almaqdadır: «SSRİ-nin dağılmasının ilk illərində şiəlik daha çox təbliğ olunmağa başladı. Ancaq anti-İran əhval-rühiyyəsinin dərinləşməsi və Ərəbistandan müxtəlif fondların Azərbaycana gəlməsiylə vəhhabilik sürətlə inkişaf etməyə başladı. Bunun ardınca da nurçuluq».


Cənab Göyüşov deyir ki, Azərbaycanda dini tolerantlıq hökm sürür və inancı seçdiyinə görə, kimisə qınamaq düzgün olmazdı. Ancaq hansısa təriqətə bağlılıq, dövlət maraqlarından üstün tutulmamalıdır. Əks halda Azərbaycan bir çox qonşu ölkələrin ideoloji toquşşmalarının düşərgəsinə çevriləcək.


Milli Təhlükəsizlik Nazirliyi təkcə bu ilin əvvəllərində 2 silahlı dini qruplaşmanın zərərsizləşdirilməsiylə bağlı məlumatlar yayıb. Həmin məlumatlara görə, Bakı ətrafı kəndlərdə məskunlaşan bu silahlı qruplaşmalar Azərbaycanda bir sıra ağır terror hadisələri də törətmək niyyətindəymişlər. Üstəlik Bakıdakı bir sıra məscidlərin də vəhhabilərin təbliğat məkanına çevrildiyi ilə bağlı iddialar eşidilir. Belə iddialar arasında isə, ən çox Bakıdakı «Əbübəkr» məscidinin adı hallanır. Hərçənd «Əbübəkr» məscidinin imamı Hacı Qamət Süleymani bu cür iddiaları rədd edir: «Belə fikirlərin səslənməsi bizim məscidə qısqanclıqdan irəli gəlir. Çünki bura daha çox insan gəlir. Təbii ki, radikal qruplaşmalar var. Ancaq biz onların əleyhinəyik».


Vəhhabi və nurçu təriqətlərinin inkişaf sürətlərinə görə, getdikcə Azərbaycanda şiəliyi arxada qoymasıyla bağlı səslənən fikirlərə də qarşı çıxanlar var. Bir sıra dini mövzularda araşdırmaların müəllifi Rəsul Mirhəşimli deyir ki, Azərbaycanın cənub bölgələrində şiəlik əvvəlki gücündədir. Azərbaycandakı dini təriqətlərin münasibətlərinə gəldikdə isə, onlar bir-biriylə ziddiyətlərə getməkdən də çəkinmirlər.


BDU-nun müəllimi Altay Göyüşov isə, əlavə edir ki, əslində, bu təriqətlərin münasibətləri onları himayə edən ölkələrin siyasətindən asılıdır.


Azərbaycanda getdikcə dinə və bəzi dini təriqətlərə meylin artmasının səbəblərindən danışarkən bəzi müşahidəçilər Türkiyəyə diqqəti çəkirlər. Onların fikirlərinə görə, Türkiyədəki son seçkilərdə islam təmayüllü qüvvələrin qələbə çalmaları heç də təsadüfü deyil. Bu, daha çox həmin ölkədə anti-Qərb meylinin güclənməsinin göstəricisidir. Rəsul Mirhəşimli düşünür ki, tədricən bu meyl zəif də olsa, Azərbaycanda da özünü göstərməkdədir. Onun sözlərinə görə, təhlükə getdikcə dinə meylin artmasında yox, onun bir çox hallarda siyasi-ideoloji funksiyanı yerinə yetirməsindədir: «Əhalidə islam maarifçiliyi çox aşağı səviyyədədir. Bundan və iqtisadi problemlərdən istifadə edən bəzi təriqətlər özləri üçün çox münbit şərait əldə ediblər».


Rəsul Mirhəşimli deyir ki, əgər dini maarifləndirmə işi güclənərsə, onda vətəndaşları yanlış yollara çəkmək çətinləşər. Ancaq Altay Göyüşov hesab edir ki, dini maarifləndirmənin güclənməsi bu məsələnin tam həlli yolu deyil. Çünki bəzi təriqətlər gənclərdə artıq həyat amalına çevrilməkdədir. O, hesab edir ki, xalqa demokratik seçim hüququ verilərsə problemləri yoluna qoymaq gücündədir. Altay Göyüşov nə vaxtsa Türkiyədəki kimi Azərbaycanda da islamçıların hakimiyyətə gəlmələrini istisna etmir. Ancaq cənab Göyüşova görə, nə Türkiyədə, nə də Azərbaycanda islamçılar dövlət quruluşunu dəyişmək gücündə deyillər.


XS
SM
MD
LG