Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:28

AMİP-in sədri bəlli oldu


Keçmiş partiyadaşlar - Etibar Məmmədov və Əli Əliyev, Masallı, 21 sentyabr 20003
Keçmiş partiyadaşlar - Etibar Məmmədov və Əli Əliyev, Masallı, 21 sentyabr 20003

Növbəti üç ildə Milli İstiqlal partiyasına Ayaz Rüstəmov rəhbərlik edəcək.


AMİP-in iyunun 26-da keçirilən 9-cu qurultayında sədrlik uğrunda iki nəfər – Ələddin Əsgərov və bu ilin əvvəlindən partiyanın müvəqqəti sədri Ayaz Rüstəmov mübarizə aparsa da, qurultay iştirakçıları ikinciyə üstünlük veriblər. Partiyanın sabiq sədri Etibar Məmmədov isə AMİP-in lideri statusunda qalıb.


Qurultayda həmçinin oktyabrda keçiriləcək təkrar bələdiyyə seçkilərində iştirak etmək haqda qərar verilib. Milli Birlik Hərəkatı, AXCP, ADP-nin yaratdığı «Azadlıq» bloku və Müsavat partiyası seçkiyə qatılmaq haqda qəti qərar verməyib, hətta seçkini boykot etmək haqda təkliflər də səslənir.


AMİP-in qurultayında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və İranda yaşayan azərbaycanlılarla bağlı qətnamə qəbul olunub. Partiyanın mətbuat xidmətinin rəhbəri Əli Oruclu: «İran hakimiyyəti azərbaycanlıların hüquqlarını tanısın və hörmətlə yanaşsın. Azərbaycan hakimiyyəti bu hüquqların müdafiəsini üzərinə götürsün».


Milli İstiqlal Partiyasını 90-cı illərin əvvəlində milli hərəkatın liderlərindən sayılan Etibar Məmmədov yaradıb. İndiyədək nə özü, nə də partiyası hakimiyyətdə təmsil olunmayıb.


2003-cü il prezident seçkilərindən bir müddət sonra Etibar Məmmədov partiya sədrliyindən getmiş, partiyanın lideri olaraq qalmışdı. 2006-cı ilin əvvəllərinə kimi isə onu sədr postunda Əli Əliyev əvəzləmişdi.


2005-ci ilin parlament seçkilərindən sonra sədr Əli Əliyevin «Azadlıq» bloku ilə əməkdaşlıq və kütləvi aksiyalarda fəal iştirakla bağlı çağırışları partiyanın lideri Etibar Məmmədovun mövqeyi ilə üst-üstə düşməmişdi. Nəticədə fövqəladə qurultay çağırılmış, növbəti qurultayadək partiyaya Ayaz Rüstəmovun başçılıq edəcəyi haqda qərar çıxarılmışdı.


Əli Əliyevin başçılıq etdiyi narazılar qrupu bu addımı qanunsuz saydığından, məhkəməyə müraciət etmişdi. Sonradan Ədliyyə Nazirliyi məhz Etibar Məmmədovun lideri olduğu qanadı Milli İstiqlal partiyası kimi tanıyıb. Əli Əliyevin rəhbərlik etdiyi qanad isə Vətəndaş və İnkişaf partiyasını təsis edib.


XS
SM
MD
LG