Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:40

Qadınlardan ibarət «Gömrükçü» futbol klubu Azərbaycanı UEFA Kubokunda təmsil edəcək


Qadın Futbol Federasiyası 19 yaşlılardan başqa, əsas yığma komandanı da formalaşdırmağı planlaşdırır
Qadın Futbol Federasiyası 19 yaşlılardan başqa, əsas yığma komandanı da formalaşdırmağı planlaşdırır

Qadın Futbol Federasiyasının prezidenti Asim Xudiyev: «Müsəlman mühitində qızları futbola cəlb etmək çox çətindir... Davam edənlər isə az olur»


Futbol üzrə Dünya Çempionatının getdiyi bu günlərdə Bakıda da qadınlar arasında futbol üzrə Azərbaycan çempionatı keçirilir. Yarışlarda Bakını təmsil edən dörd komanda iştirak edir. Amma qadın futbolunun azarkeşləri üçün bu oyunlar heç də Almaniyadakı Dünya Çempionatından maraqsız deyil. Hər halda bu günlərdə İdman Akademiyasının stadionu boş görünmür. Tamaşaçılar arasında kişilər də var, qadınlar da.


Azərbaycanda qadın futbolunun tarixi sovet dövrü ilə bağlıdır. 1980-ci illərdə SSRİ-də qadınlar arasında futbolu inkişaf etdirmək üçün komandalar yaradılmağa başlandı. Həmin dövrdə Azərbaycanda «Bakılı» adlı qadın futbol komandası, İradə Quliyeva, Mehparə Əliyeva adlı tanınmış qadın futbolçular olub. İndi isə artıq dörd komanda var və «Gömrükçü» ölkə çempionatında liderlik edir. Komandanın yetirmələrindən olan Aygün Klarova futbola başladığı dövr haqqında bunları deyir: «Həmişə həyətdə oğlanlarla futbol oynayırdım. Bir gün mənə dedilər ki, qızların da futbolu var, mən də getdim. 5-6 il əvvəl idi. Stadionda gördüm qızlar oynayır, elə sevinirdim ki… Sonra başladım oynamağa. Əvvəlcə anam qoymurdu, paltarlarımı da yandırmışdı ki, oynamayım, ancaq birtəhər yola gətirdim».


Aygün Azərbaycanda qadın futbolunun inkişaf edəcəyinə, yaxşı futbolçuların yetişəcəyinə inanır. Hücumçu olan bu qız 11 nömrə altında çıxış edir: «Daha çox başla qol vurmağı sevirəm. Bir də yadımda zədəli ayağımla Almaniya komandasının qapısına qol vurmağım qalıb. İstəyərəm futbol çox inkişaf etsin, stadion da dolu olsun».



Aygün Klarova, 25 iyun 2006
Azərbaycanda qadın futbolunu inkişaf etdirmək Qadın Futbol Federasiyasına tapşırılıb. Federasiyanın prezidenti, əvvəllər «Neftçi» komandasında oynamış Asim Xudiyev üç il ərzində bir neçə klub və 19 yaşlılardan ibarət yığma komanda formalaşdıra bildiklərini deyir. Ancaq çətinlik daha çoxmuş: «Ümumiyyətlə, müsəlman mühitində qızları bu oyuna cəlb etmək çox çətindir. Məşqçilər valideynlərlə problemin həllini tapa bilmir, qızların çoxu 17-18 yaşa kimi oynayır. Sonra isə institutut, şəxsi həyat...Davam edənlər az olur».

Vaxtilə özü futbolçu olmuş, hazırda isə məşqçilik edən Kəmalə İbadullayeva isə, deyir ki, oğlanlar futbola daha maraqlı olur, qızlarla işləmək isə çətindir. Məşqçi qızları kiçik yaşlarından bu idman növünə cəlb etmək üçün yarışlar keçirməyi planlaşdırır: «Məqsədimiz var ki, məktəblərarası yarışlar keçirək, yaxşı oyunçuları seçək, götürək. Bu olmasa, inkişaf olmayacaq. Həm də sponsor olmalı, dövlət qayğı göstərməlidir».


Venera Muradova beynəlxalq dərəcəli futbol hakimidir. Beynəlxalq yarışları idarə edib. Deyir ki, qadınlar arasında indi keçirilən çempionat zəifdir. Hakimə görə, bunun səbəbi yaxşı futbolçu yetişdirilməməsidir: «Qadın futbolu üçün fanat olmalıdır, futbolçu yetişdirilməlidir. İldə bir dəfə çempionat olmaz. Düzdür, məşq edirlər, ancaq turnirlər olmayandan sonra məşqlər də boşa gedir».


Futbol məktəbində kiçik yaşlı oğlanlara məşqçilik edən Seymur Ağayev isə, Azərbaycanda qadın futbolunun inkişafına o qədər də inanmır: «Əslində, mən əleyhinə də deyiləm, ancaq Azərbaycanda bunun perspektivini görmürəm».


Qadın Futbol Federasiyasının prezidenti Asim Xudiyev isə, çətinliklər olsa da qadın futbolunun inkişafına inanır: «Klublar da, Futbol Federasiyası da işləyir, problemləri həll etməyə çalışır».


Qadınlar arasında futbol üzrə Azərbaycan çempionatının sonuna bir tur qalsa da, bütün oyunlardakı qələbələrinə görə, «Gömrükçü» artıq ölkə çempionudur. Buna görə də Azərbaycanı avqustda startı veriləcək UEFA Kuboku uğrunda mərhələ yarışlarında təmsil edəcək. 19 yaşlılardan ibarət Azərbaycan yığma komandası isə, oktyabr ayında keçiriləcək Avropa Çempionatına qatılacaq.


Qadın Futbol Federasiyası 19 yaşlılardan başqa, əsas yığma komandanı da formalaşdırmağı planlaşdırır. Yığma komandanın olmamasına görə, Azərbaycan dünya çempiontlarına qatıla bilmir. Azərbaycanın ilk qadın futbolçularından olmuş Mehparə Əliyeva buna heyfslənsə də, gələcəkdə yığmanın formalaşacağına inanır: «İndi heyfslənirəm, ancaq gələcəkdə bilmək olmaz. Onun üçün çox işləməli, çox yarışmalıyıq».


XS
SM
MD
LG