Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:20

Hacı Məmmədov və daha 26 nəfərin məhkəməsi iyulun 20-də davam etdiriləcək


Hacı Məmmədov qəfəsdə otursa da, onun olduğu hissə xüsusi barmaqlıqlarla başqa müttəhimlərin yerindən ayrılıb
Hacı Məmmədov qəfəsdə otursa da, onun olduğu hissə xüsusi barmaqlıqlarla başqa müttəhimlərin yerindən ayrılıb

Adam oğurluğunda və çoxsaylı qətllərdə ittiham olunan Daxili İşlər Nazirliyi (DİN) Baş Cinayət-Axtarış İdarəsinin polkovnik leytenantı Hacı Məmmədovun və daha 26 nəfərin işiylə bağlı məhkəmə prosesi iyulun 20-də olacaq. Bu barədə qərar iyulun 6-da hakim Əli Seyfəliyevin sədrlik etdiyi prosesdə çıxarılıb. Hazırlıq iclasında müdafiə tərəfinin işin tam araşdırılmadığına görə yenidən ibtidai istintaqa qaytarılması haqqında vəsatətləri də təmin olunmadı. Təmin olunmayan vəsatətlərdən biri baş prokuror və onun müavinlərinin məhkəməyə şahid kimi çağırılması haqqında idi. Bu vəsatəti müttəhimlərdən biri, DİN-in Baş Cinayət Axtarış İdarəsinin sabiq rəisi, general Zakir Nəsirovun vəkili Adil İsmayılov verib.


Hacı Məmmədovun yeni təyin olunan vəkili Səməd Əliyev isə «Azadlıq» radiosuna bildirib ki, məhkəmə zamanı hüquq-mühafizə orqanları rəhbərlərinin şahid kimi dindirilməsi haqqında vəsatət verə bilər: «Hacı Məmmədov istəsə bunu tələb edəcək. Onların bu işlə bağlılığı ortaya çıxarsa əlbəttə, tələb olunacaq. Adil İsmayılovun vəsatəti təmin olunmadı. Mən də vəsatət versəm, qəbul etməyəcəklər. Ancaq bu məsələ yenidən qaldırıla bilər. Məhkəmədə açıqlamalar da, sürprizlər də ola bilər. Bu məhkəmənin gedişindən asılı olacaq».


Məhkəmə zalında digər müttəhimlər kimi Hacı Məmmədov qəfəsdə otursa da onun olduğu hissə xüsusi barmaqlıqlarla başqa müttəhimlərin yerindən ayrılıb. Vəkili bunu onun təhlükəsizliyinə görə edildiyini bildirdi. Digər təhlükəsizlik tədbirlərinə gəldikdə isə, məhkəmə binası çoxsaylı polislərlə mühafizə olunur, məhkəmənin gedişi dövründə binanın qarşısında təcili yardım maşını dayanır.


Hacı Məmmədovun başçılıq etdiyi dəstə 10 il ərzində sifarişli qətllər törətməkdə və adam oğurluğu ilə məşğul olmaqda ittiham olunur. Qrupu 2005-ci ilin martında Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları «Qara kəmər» adlı xüsusi əməliyyatdan sonra zərərsizləşdirib.


XS
SM
MD
LG