Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:30

Dini İşlər üzrə Komitənin yeni rəhbərindən kim nə gözləyir?


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov

İyulun 25-də prezident İlham Əliyevin imzaladığı sərəncamla Milli Azlıqlarla və Dini Qurumlarla iş üzrə sabiq dövlət müşaviri Hidayət Orucov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.


Bu gün yeni sədri komitənin işçilərinə təqdim edən Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev jurnalistlərlə söhbətində bu təyinata müsbət yanaşdığını bildirib və deyib ki, Hidayət Orucov bu işin öhdəsindən layiqincə gələcək.


Cənab Mehdiyevdən fərqli olaraq söhbətləşdiyim dini icma rəhbərlərinin və dini araşdırmaçıların bu təyinata münasibəti müxtəlifdir. Bakı Dövlət Universitetinin müəllimi, din məsələləri üzrə araşdırmaçı Altay Göyüşov hesab edir ki, Hidayət Orucov bu sahənin mütəxəssisi olmasa da, o, komitəyə sədr təyin edilənə qədər elə Dini Qurumlarla İş üzrə Komitənin işini kurasiya edib. Komitədəki işlərlə tez-tez maraqlanıb. Digər tərəfdən isə komitədə kifayət qədər mütəxəssislər var və bu baxımdan da Hidayət Orucov hər hansı çətinliklərlə üzləşməyəcək. Amma buna baxmayaraq Altay Göyüşov deyir ki, bütün hallarda gələcəkdə bu komitəyə rəhbərlik dini məsələlər üzrə ixtisaslaşmış mütəxəssisə həvalə edilsə daha yaxşı olar.


Bundan başqa Altay Göyüş yeni təyinatla bağlı digər bir məsələyə də diqqət yetirməyin vacib olduğunu deyir. Sabiq komitə sədri Rafiq Əliyevlə Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə arasındakı münasibətlərə toxunan ekspert deyir ki, əgər Rafiq Əliyevin Komitə rəhbərliyindən uzaqlaşdırılması Allahşükür Paşazadənin tam qələbəsi idisə, yeni təyinatı onun qəti qələbəsidir. « Bilirik ki, Hidayət Orucov Şeyxülislamla kifayət qədər yaxşı münasibətdədir».


Hələ bir qədər əvvəl sabiq komitə rəhbərinin bəzi məmurların dini sektaları müdafiə etməsi fikirlərinə toxunan cənab Göyüşova görə, sovet dövründə Azərbaycanın dinlə bağlı tarixi ənənələri sürətlə itdiyindən ölkə müstəqillik qazanandan sonra həmin ənənələrin yerini digər dini cərəyanlar doldurmağa başlayıb. Bunun hələ təxminən 10 il də belə davam edəcəyini düşünən ekspert hesab edir ki, bunun qarşısını almaq üçün dinlə bağlı çox incə bir iş aparılmalıdır. Azərbaycanda bir yandan din azadlığından, digər tərəfdən isə dövlət təhlükəsizliyindən danışıldığını deyən Altay Göyüşova görə, bu iki münasibət arasında balans yaradılmalıdır. Elə bu baxımdan da dini arşadırmaçı hesab edir ki, gələcəkdə dini komitəyə həmin balansı saxlaya biləcək mütəxəssis lazımdır. Amma hazırda belə bir balanslaşma olmadığından dini sahədə nizamsız bir inkişaf gedir.


Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin rəhbəri İlqar İbrahimoğlu isə yeni təyinata münasibət bildirməyin hələ tez olduğunu deyir. Amma bütün hallarda yeni komitə rəhbərindən Azərbaycanda dini azadlıqlarla bağlı bir neçə problemin həllini gözləyirlər. Bunlardan biri də səkkiz ildən bəri həllini tapmayan Cümə məscidinin yenidən eyni adlı icmaya qaytarılmasıdır.


XS
SM
MD
LG