Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:37

«Bəzi yerlərdə polisi hazır vəziyyətdə saxlayıblar»


«Bəlkə də aksiyalar bir neçə gün davam edəcək. Ancaq sonda səngiyəcək. Çünki hakimiyyət güclüdür»
«Bəlkə də aksiyalar bir neçə gün davam edəcək. Ancaq sonda səngiyəcək. Çünki hakimiyyət güclüdür»
Tehranda prezidentliyə namizəd Mir Hüseyn Musəvi və Mehdi Kərrubinin tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasında toqquşmada ölənlərin sayının 7-yə çatdığı bildirilir. Ölənlər seçkinin rəsmi nəticələrini tanımayan aksiya iştirakçılarıdır. Tehrandan Yasir Zafəri «Azadlıq» radiosuna bildirir ki, etiraz aksiyalarının yatırılması zamanı insan tələfatının baş verməsi hamıda ciddi narahatlıq yaradıb:

- Hamını narahat edən insanların ölməsidir. Gərək belə hallar olmayaydı.

«HAKİMİYYƏT GÜCLÜDÜR»

Y.Zafəri deyir ki, indi də hakimiyyət tərəfdarları kütləvi aksiyalara hazırlaşırlar. O, İranda baş verən hadisələrin inqilabla nəticələnə biləcəyinə şübhə ilə yanaşır:

- Bəlkə də aksiyalar bir neçə gün davam edəcək. Ancaq sonda səngiyəcək. Çünki hakimiyyət güclüdür.

«POLİSİ HAZIR VƏZİYYƏTDƏ SAXLAYIBLAR»

Təbriz və Urmiyədə də etiraz aksiyalarının yatırılması zamanı ağır xəsarət alanların olduğu bildirilir. İranda Azərbaycanlı Siyasi Məhbusların Müdafiəsi Assosiasiyasının əməkdaşı Yaşar Həkkakpur deyir ki, ümumilikdə Təbrizdə son günlər 100-ə qədər şəxsin həbs edildiyi barədə məlumat var. Ancaq həbs edilənlərin şəxsiyyətini dəqiqləşdirmək çox çətindir. Təbrizdən Çingiz Bəxtavər isə deyir ki, hazırda polis gücləndirilmiş rejimə keçib:

- Çətinliklər çoxdur. Bəzi məhəllələrdə, kütləvi yerlərdə polisi hazır vəziyyətdə saxlayıblar.

«İNSANLAR DAXİLİ PROBLEMLƏRDƏN CANA DOYUBLAR»

İranda cərəyan edən hadisələr Azərbaycanda da diqqətlə izlənməkdədir. Prezident İlham Əliyev Mahmud Əhmədinejadı qələbə münasibəti ilə təbrik etsə də, Azərbaycanda da bir çox insanlar düşünürlər ki, İranda seçkilər saxtalaşdırılıb. Millət vəkili Nəsib Nəsiblinin fikrincə, əslində, İslam inqilabından sonra İranda heç bir seçki beynəlxalq standartlara cavab verməyib. Sadəcə, indi birinci dəfədir ki, əhali saxtakarlığa belə kütləvi təpki göstərir. N.Nəsibli bunu artıq İranda bir çox insanların daxili problemlərdən cana doyması ilə izah edir:

- İranda bir çox insanlar düşünür ki, hökumət bəzi layihələrə böyük pullar ayırır. Ancaq əhalinin rifah halı unudulub. Bunu müxalifətdən olan namizədlər də dilə gətirirdilər. Ona görə də əhalinin bir hissəsi istəyir ki, bölgə məsələlərinə - Qüds, Fələstin problemlərinə bir qədər ara verib, daxili problemlərin həllinə çalışmaq lazımdır.

Nəsib Nəsibli düşünür ki, bu hadisələrin yaxın gələcəkdə hansı nəticələr verəcəyini indidən təxmin etmək çox çətindir. Bunu yalnız yaşayıb görmək olar.

IRANLA BAĞLI MÜZAKİRƏLƏRƏ QOŞULMAQ ÜÇÜN FORUMA DAXİL OL

HƏMÇİNİN OXU: "İRANDA SƏSLƏR YENİDƏN SAYILACAQ"
"Tehranda atəş səsləri eşidilir, etirazçılar arasında ölənlər var "
V.Havel: “Neft insan haqlarından üstün tutulmamalıdır”
İran seçkiləri: «Sizə ondan da gülməlisini deyim»
XS
SM
MD
LG