Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:45

İranın Putini


Əhmədinejad İnqilabi Qvardiyanın keçmiş zabitidir
Əhmədinejad İnqilabi Qvardiyanın keçmiş zabitidir
Mir Hüseyn Musəvi öz saytında yazır ki, cümə axşamı nümayiş dinc keçirilməlidir ya da məscidlərə toplaşmaq lazımdır. Musəvi təklif edir ki, məscidə toplaşmaqla etiraz nümayişlərində ölən 7 nəfərin xatirəsini yad etsinlər. Musəvi yazır ki, onun özü də etiraz nümayişlərinə qatılacaq.

Musəvinin saytında bu gün nümayiş olub-olmayacağı barədə bir söz deyilmir. Ancaq onun tərəfdarları nümayiş planlaşdırırlar.

İranın ali dini lideri Ayətulla Xameneyi səslərin qismən yenidən sayılmasına razı olub. Musəvi isə 12 iyun prezident seçkilərinin rəsmi nəticələrinin tamamilə ləğv olunmasını tələb edir. Ancaq İranın Mühafizlər Şurası bu tələbi rədd etdi.

Nobel mükafatı laureatı Şirin İbadi «Azadlıq» radiosuna deyir:

«Səslərin yenidən sayılması heç bir problemi həll etməyəcək. Yeni seçkilər keçirilməlidir və həmin seçkiləri beynəlxalq müşahidəçilər izləməlidir ki, qutudan çıxan real səslər olsun».

ANCAQ İRANDA BAŞ VERƏNLƏR TƏKCƏ SEÇKİ DAVASIDIRMI?

«Nyu York Times» qəzeti yazır ki, küçə nümayişlərini dağıdan elitar İnqilabi Qvardiyadır.
Prezident Əhmədinejad həmin qvardiyanın keçmiş zabitidir. 4 il əvvəl Əhmədinejadın ilk dəfə prezident seçilməyi ilə faktiki dinc hərbi çevriliş olub.

Əhmədinejad o vaxt seçkilərdə Rəfsancanini uddu. Rəfsancanini ölkədə korrupsioner ruhani kimi tanıyırlar. Onun uduzmağı ilə korrupsioner ruhanilər hakimiyyəti başa çatdı, yerinə asketik keçmiş zabitlər hakimiyyəti gəldi.

Hazırda Əhmədinejadın hökumətində 21 kabinet üzvündən 14-ü İnqilabi Qvardiyanın keçmiş zabitidir və ya yarımhərbi birləşmə olan Bəsicilərin keçmiş rəhbərlərindəndir.

İran hakimiyyətində son 4 ildə baş verənlər Rusiyada keçmiş KQB zabiti Putinin hakimiyyətə gəlib, sabiq zabitləri hakimiyyətə gətirməsinə oxşayır.

Əhmədinejadın zabitləri təkcə mərkəzi hökuməti tutmayıblar. Regional qubernatorlar, biznes liderləri arasında Qvardiyanın çoxlu keçmiş zabiti var.

SƏSLƏRİ SAXTALAŞDIRMAQ GÖSTƏRİŞİNİN XAMENEYİNİN ÖZÜNDƏN GƏLMƏSİNƏ ŞÜBHƏLƏR VAR

Texniki baxımdan İranda hakimiyyət Ayətulla Xameneyiyə və 12 üzvü olan Mühafizlər Şurasına məxsusdur. Ancaq Rusiya ilə paralellər aparanda, vaxtilə Yeltsin idarəçiliyi baş nazir qoyduğu Putinə verdiyi kimi, İranda da deyəsən eyni proses gedir.

«Nyu York Times» yazır ki, Qərb kəşfiyyatında məlumatlar var ki, 4 il əvvəl Əhmədinejadı prezident seçdirmək naminə hətta səsləri saxtalaşdırmaq göstərişinin də elə Xameneyinin özündən gəlməsinə şübhələr var.

Molla rejimi icra hakimiyyətini keçmiş hərbçilərə həvalə etməklə öz ömrünü uzatmağa çalışır.

Cəmiyyət isə hakimiyyəti bu molla-zabit rejimindən özünə qaytarmaq istəyir.

İranda faktiki olaraq baş verənlər, bunu Musəvi istəsə də, istəməsə də və yaxud onun özü də bilmədən «məxməri inqilab» cəhdidir. Bu, baş tutacaq yoxsa yox, demək çətindir.

Ancaq bu yaxınlarda İnqilabi Qvardiya Ayətulla Xameneyiyə xəbərdarlıq edib ki, İrana ən böyük təhlükə Amerika və ya İsrail deyil, rəngli inqilabdır.
XS
SM
MD
LG