Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:31

«200 ballıq abituriyent özəl universitetlər üçün hədiyyədir»


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə
«Orta məktəb imtahanında yüksək nəticə göstərən, guya ki, buraxılış imtahanında 5 alan adamların qəbul imtahanında niyə 100 bala qədər nəticə göstərməsi məktəb-məktəb araşdırılacaq». Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə iyulun 31-də keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə təhsil naziri də bu işin tərəfdarıdır. Əldə olunmuş nəticəni TQDK Təhsil Nazirliyinə göndərəcək. Komissiya sədri deyir ki, attestat balları reallığı əks etdirmədiyi üçün hələlik qəbul imtahanlarında nəzərə alınmır. Amma gələcəkdə nəzərə alına bilər.

«Builki qəbul imtahanlarında 50 faiz abituriyent 139 baldan aşağı nəticə göstərib. Real vəziyyət belədir və biz onları ali məktəblərə göndərə bilmərik. Amma 200 bala qədər nəticəni biz ali məktəblərə göndəririk. Bu reallıqdır. Çünki bizim elə ali məktəblərimiz var ki, onlar elə 200 ballıq abituriyentləri oxuda bilirlər. Əgər biz ora tutaq ki, 600 ballıq abituriyentləri göndərsək müəllimlər onların qarşısında aciz qala bilərlər. Təəssüflər olsun ki, belə ali məktəblər də var bizdə. Mən özəl və müəyyən regional məktəbləri nəzərdə tuturam. Ona görə də bu 200 bal minimal həddir. 200 balı olanlar Bakıdakı hansısa dövlət universitetinə qəbul olmayacaq. Amma özəl universitetlərə qəbul oluna bilər. Nəzərə alsaq ki, 2004-cü ilədək daxili test və sair yollarla hətta 50 balla da özləri qəbul aparırdılar, inanın ki, 200 ballı abituriyent onlar üçün çox böyük hədiyyədir».

2009-cu ildə Azərbaycanda orta məktəbləri 120 minədək şagird qurtarıb, onlardan 66 mindən çoxu ali məktəblərə sənəd verib. Abituriyentlərin yalnız 6,4 faizi 500-700 arası bal toplayıb.
XS
SM
MD
LG