Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:23

BMT sirki


Müəmmar Qəddafinin tərəfdarları Nyu-Yorkda, 22 sentyabr 2009
Müəmmar Qəddafinin tərəfdarları Nyu-Yorkda, 22 sentyabr 2009
BMT-nin Baş Məclisinin illik toplantısına 120 prezident gəlib. Ciddi müzakirələr olacaq, ancaq müxtəlif mədəniyyətlərdən olan təmsilçilərin bir yerə toplaşması maraqlı təzadlar yaradır. Hətta bu rəngarəngliyinə görə toplantını sirkə oxşadırlar.

QƏDDAFİNİN ÇADIRI

Liviya lideri Müəmmar Qəddafi hər yerə özü ilə daşıdığı nəhəng çadırını Nyu Yorkun məşhur Mərkəzi Parkında qurmaq istəyirdi, ancaq şəhər rəhbərliyi icazə vermədi.

İndi o, çadırını Nyu York yaxınlığında, varlı rayon olan Bedfordda qurub. Çadırı görən yerli hakimiyyət dərhal tələb eləyib ki, çadırı yığışdırsınlar ya da bələdiyyə torpaqlarından qıraqda qursunlar.

Yerli hakimiyyətin vəkili Joel Saks deyir ki, çadır qurmaq binalar haqda yerli qanunları pozur.

Maraqlıdır ki, çadırda olanların heç biri ingilis dilini bilmir ya da özlərini elə göstərirlər ki, heç nə başa düşmürlər.

Ona görə bilinmir - Qəddafinin nümayəndə heyəti tələbi yerinə yetirəcək yoxsa yox.

«QLOBAL İSTİLƏŞMƏDƏN NARAHATLIQ «YENİ DİNDİR»

Baş Məclisin əsas mövzularından biri qlobal istiləşmədir. Ancaq bir prezident var ki, bunun qəti əleyhinədir. Bu da Çexiya prezidenti Vaslav Klausdur.

Klaus dünən qlobal istiləşmə sammitində, elə həmin BMT-də dedi ki, bu sammit təbliğat kampaniyasıdır.

Klaus deyir ki, qlobal istiləşmədən narahatlıq «yeni dindir». Onun fikrincə, bu yeni din azadlığa, dünyanın iqtisadi, sosial nizamına təhlükədir.

ÖLKƏSİZ PREZİDENTİN MƏSƏLƏSİ

BMT-nin baş məclisində ölkəsiz prezidentin məsələsi də ortaya çıxa bilər. Braziliya tələb eləyir ki, BMT-nin Təhlükəsizlik Şurası çağırılsın, Honduras prezidenti Manuel Zelayanın məsələsi müzakirə olunsun.

Zelaya hazırda Hondurasda Braziliya səfirliyində gizlənir. Referendumla prezidentlik müddətini uzatmaq istəyən Zelayanı iyun ayında ölkədən qovmuş yerli hərbçilər deyirlər ki, Zelaya nə qədər istəyir, özü-özünü Braziliya səfirliyində «dustaq» saxlaya bilər ya da çıxsın, məhkəmə qarşısında cavab versin.

Braziliya öz səfirliyinin işçilərinin həyatına görə narahatdır. Əsgərlər səfirlik binasını mühasirədə saxlayırlar.

Bir mötəbər nümayəndə heyəti isə BMT-nin Baş Məclisini tərk edəcəyi ilə hədələyir. Almaniyanın Xarici İşlər Nazirliyi bildirib ki, əgər İran prezidenti Mahmud Əhmədinejad BMT-də yenə desə ki, holokost, yəni yəhudi qırğını olmayıb, onda Almaniya nümayəndə heyəti iclası tərk edəcək.

Almaniya digər Avropa Birliyi ölkələrini də eyni addımı atmağa çağırır.
XS
SM
MD
LG