Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:31

Hüseyn Arabul Azərbaycandan çıxdı


Hüseyn Arabul
Hüseyn Arabul
«O artıq Türkiyədə evində oturub çay içir».

Türk iş adamının vəkili Abbas Atakişiyev AzadlıqRadiosuna belə deyib. Onun sözlərinə görə, Arabulun ölkəni tərk etməsi üçün sənədləri ötən həftənin cümə günündən hazırlanmağa başlanıb:

«Onun üzərində icbari iş yoxdur, sınaq var. Həmin sınaq müddətində də Arabulun üzərinə hər hansı bir məhdudiyyət qoyulmayıb. Yəni əvvəlki məhdudiyyətlər, getməsinə qadağa və sair götürülüb. Bununla belə, onun getməsinə hər hansı bir məhdudiyyətin olub-olmaması barədə bir daha aidiyyəti orqanlara sorğu ilə müraciət etdik. Və müəyyənləşdi ki, heç bir məhdudiyyət yoxdur».

Vəkil deyir ki, H.Arabul Türkiyəyə təyyarə ilə gedib. Hava limanında pasport nəzarətindən keçəndən sonra ona zəng edərək heç bir problemi olmadığını və təyyarəyə mindiyini bildirib:

«Arabul 3 ildən çox idi ki, evinə gedib-qayıtmaq üçün çalışırdı. İstəyirdi həm Türkiyədə həm də Azərbaycanda olsun. Ona görə qayıdıb- qayıtmayacağını soruşmağı yersiz saydım. Amma bilirəm ki, onun buraya gəlməsinə heç bir problem yoxdur».

Sentyabrın 18-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə «Barmek-Azərbaycan» şirkətinin prezidenti Hüseyn Arabulu sərhədi qanunsuz keçmə və rüşvət vermədə təqsirli bilərək 2 il müddətinə azadlıqdan məhrum etmişdi.

Gəncə Apellyasiya Məhkəməsi isə oktyabrın 9-da həmin hökmü dəyişdirərək H.Arabula ölkədən çıxmaqla bağlı qoyulan qadağanı ləğv edib. Məhkəmə H.Arabulu 3 il 6 ay sınaq təyin olunmaqla şərti azadlıqdan məhrum edib. Qərarda onun ölkədən çıxmasına mane olacaq hər hansı müddəa əksini tapmayıb.

H.Arabul Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 2007-ci ildə də 1 milyon 370 min manat ödəməklə 5 il şərti cəzaya məhkum edilmişdi. O, bu müddət ərzində Azərbaycandan kənara çıxa bilməzdi.
XS
SM
MD
LG