Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 01:39

Naxçıvandan Bakıya avtobusla gedənlərin sayı artıb


Bakıdan Naxçıvana avtobusla bir gedişin qiyməti təyyarədən təxminən 5 dəfə ucuzdur
Bakıdan Naxçıvana avtobusla bir gedişin qiyməti təyyarədən təxminən 5 dəfə ucuzdur
Bir neçə gündür Bakıdan Naxçıvana və əksinə istiqamətdə sərnişin daşıyan marşrutların bəxti lap gətirib. Əvvəllər çətinliklə dolan avtobuslarda adamlar indi şəhərdaxili marşrutlarda olduğu kimi ayaq üstdə də mənzil başına getməyə razıdırlar...

Noyabrın 1-dən Bakı-Naxçıvan-Bakı istiqamətində uçuşların qiyməti artırılıb. Əslində rəsmilər bunun artım olmadığını, yalnız bir sıra güzəştlərin ləğv olunduğunu desələr də, həqiqət budur ki, əvvəllər biletin qiyməti 40 manat idisə, bu aydan biletlər 75 manata satılır.

«DANIŞMAQLA DÜZƏLMƏYƏCƏK…»

«Mənim xəstəm var, heç onun müalicəsini çatdırmıram. Burdan da biletin qiymətini qaldırırlar. Onunla nə edəcəyik biz, məcburuq ölək. İş yerimiz yox, pul yox, 40 «şirvan» pensiya alırıq, ondan nə olsun. İndi də biletin qiymətini 35 «şirvana»a qaldırıblar».

Bakıdan Naxçıvana yollanan bu qadına aeroportda deyil, avtovağzalda rast gəldim. O da, digərləri kimi növbəyə düzülərək İran ərazisindən keçərək Naxçıvana gedən marşruta bilet almaq istəyirdi. Növbədə dayanan naxçıvanlılar da bir ağızdan vəziyyətlərinin ağır olduğundan gileylənirdi.

«- Danışmağın nə xeyri? Danışmaqla düzəlməyəcək. Danışıb qanını qaraltmağın xeyri yoxdur. Güman var ki, yanvardan marşrutların da qiyməti, təyyarənin də qiyməti qalxacaq.

- Sərf eləmir, kasıbı var, yoxsulu var, məcburi avtobusla gedirlər. Naxçıvandan həmişə təyyarə ilə getmişəm, heç avtobusla getməmişəm».

«3-CÜ MAŞINI DA VERƏCƏKLƏR»

Bakıdan Naxçıvana avtobusla bir gedişin qiyməti təyyarədən təxminən 5 dəfə ucuzdur, 14 manat 20 qəpiyədir. Əvvəllər gündə 1 dəfə paytaxtdan çıxan avtobusların sayı artmaqdadır. Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalında bilet xəzinədarı işləyən Suğra Həbibova deyir ki, biletlərin qiymətində artım yoxdur, amma bir neçə gündür sərnişinlərin sayı xeyli artıb.

«Bizdə hələ qiymət artımı getməyib. Bizdə həmin qiymətdir - 14 man 20 qəpik. Sərnişinlərin sayı artıb. Əvvəl bir maşını gec doldurardıq. 15-20 sərnişinimiz olardısa, indi 2-ci maşın əlavə etmişik. Mənə elə gəlir 3-cü maşını da verəcəklər».

Xəzinədar xanım biletin 14 manat olduğunu israr etsə də, bir neçə sərnişin bileti 1 manat baha aldığını dedi. İndi onları bir məqam da narahat edir - təyyarə biletləri kimi avtobus qiymətləri də artırıla bilərmi?

ÖZBAŞINA QİYMƏT ARTIMI GÖZLƏNİLMİR

Paytaxtdan Muxtar Respublikaya sərnişin daşınmasına nəzarət edən «M Trans» MMC-nin iqtisadiyyat şöbəsinin rəisi Abidi Mətləb deyir ki, özbaşına heç bir qiymət artımı gözlənilmir:

«Hazırda Bakı-Naxçıvan marşrutunda qiymət 14 manatdır və 14 manat olaraq qalıb. Nəqliyyat vasitələrinin artırılmasına gəlincə, sərnişin axınını nəzərə alınaraq nə qədər avtobus lazımdırsa ayrılacaq. Əvvəllər Bakıdan bir avtobus yola düşürdüsə, bir neçə gündür ki, tam sərnişinlə dolu 2 avtobus yola düşür.
Hər gün Bakı-Naxçıvan arasında 6-7 reys olur, iki tərəfli istiqamətdə təxminən 800-1000 nəfər uçur
İranla Azərbaycanın müvafiq nazirlikləri arasında təsdiq olunmuş sənədə əsasən 4 avtobus nəzərdə tutulub. Qiymət – iki dövlətin razılaşdırdığı qiymətdir».

BAKI-NAXÇIVAN-BAKI MARŞRUTU ÜZRƏ GÜNDƏ 800-1000 NƏFƏR UÇUR

Təyyarə ilə uçuşlara gəlincə, hər gün Bakı-Naxçıvan arasında 6-7 reys olur, iki tərəfli istiqamətdə təxminən 800-1000 nəfər uçur.

Azərbaycan Hava yollarının (AZAL) mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli deyir ki, sərnişinlərin sayı bir o qədər azalmayıb, əvvəlki axarı ilə davam edir. Amma yeni qiymətin – 75 manatın insanların büdcəsinə uyğun olub-olmadığına gəlincə, AZAL rəsmisi bəzilərinin çətinlik çəkdiyini istisna etmədi.

Bəs güzəştlər niyə məhz indi ləğv olunub? Məhərrəm Səfərli bu sualı Nazirlər Kabinetinə ünvanlamağı məsləhət bildi. Bu qurumsa şərh verəcək tərəfin AZAL olduğunu bildirdi.

AZAL və Nazirlər Kabineti şərh verməsə də, iqtisadçı Azər Mehtiyev hesab edir ki, təyyarə biletinin qiymətinin qalxması ölkə büdcəsinin gərgin vəziyyətdə olması ilə əlaqədardır.

«Görünür büdcənin imkanlarının məhdudlaşması hökuməti bu cür ayrı-ayrı istiqamətlərə yönəldilən vəsaitlərə qənaət etməyə məcbur edir. Hesab edirəm indiki halda güzəştlərin ləğv edilməsinin başlıca səbəbi məhz dövlət büdcəsindən bu istiqamətlərə ayrılan subsidiyaların azaldılması və büdcənin xərclərini azaltmaq istəyindən doğur».

Ötən ildən Tarif Şurası Bakı-Naxçıvan təyyarə biletlərin qiymətini 16 manatdan 95 manata qaldıranda ictimaiyyətin narazılığı ilə üzləşmiş, qiymət 40 manata endirilmişdi. Nazirlər Kabinetinin qərarı ilə qalan məbləğ AZAL-a subsidiya şəklində ödənilirdi.
XS
SM
MD
LG