Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:10

Soros Fondu Avropada müsəlmanlara qarşı təhlükələri araşdırıb


Londonda qadın polislərə hicab geyinməyə icazə verilir, 16 may 2001
Londonda qadın polislərə hicab geyinməyə icazə verilir, 16 may 2001
AVROPADA MÜSƏLMANLARA QARŞI AYRI-SEÇKİLİK ŞİDDƏTLƏNİR

«Avropada müsəlmanlar çox ciddi ayrı-seçkiliklə üz-üzə qalıb».

Bu fikir Açıq Cəmiyyət İnstitutunun «Avropada müsəlmanlar» adlı yeni yayılan hesabatında səslənir.

Sənəddə deyilir ki, hazırda Avropa Birliyi ölkələrində 15-20 milyon müsəlman yaşayır. Onların əksəriyyəti paytaxtlarda, ya da iri sənaye şəhərlərində məskunlaşıblar. 2025-ci ildə müsəlmanların sayı təbii artım və yeni köç edənlərin hesabına iki dəfə artacaq.

Araşdırma zamanı 7 Avropa Birliyi ölkəsinin 11 böyük şəhərində iki min nəfərlə üzbəüz söhbət edilib. Həmçinin, müxtəlif peşə sahibləri olan müsəlmanlar və yerli rəsmilərdən ibarət 60 müxtəlif qruplarda söhbətlər aparılıb.

Yekun qənaət budur ki, müsəlmanlar getdikcə artan ayrı-seçkilik və şübhəli yanaşmaların qurbanları olurlar. Həm də bu ayrı-seçkilik son 5 ildə daha da şiddətlənib. Bu yaxınlarda İsveçrədə minarələrin qadağan olunması da avropalılar arasında müsəlmanlara qarşı olan əhval-ruhiyyəni əks etdirdi.

AVROPADA DOĞULAN MÜSƏLMAN QADIN DAHA GİLEYLİDİR


Avropada həm müsəlmanlar, həm də müsəlman olmayanlar əmindirlər ki, yaşadıqları ölkələrin bir parçasına çevrilməlidirlər. Amma eyni zamanda onlarda şübhə var ki, qonşu evlərdə yaşayan başqa adamlar bu fikirdə deyillər.

Avropada doğulmuş müsəlman qadınlar bura başqa ölkələrdən yeni gəlmiş müsəlman qadınlara nisbətən özlərini daha çox ayrı-seçkiliyin qurbanı sayırlar.

Eyni ilə Avropada doğulmuş müsəlman kişilər bu məkana yeni gəlmiş həmcinslərinə nisbətən polisdən daha çox pislik gördüklərini deyirlər.

Müsəlmanlar ayrı-seçkiliklə üzləşdikləri məkan kimi daha çox iş yerlərini, məktəbləri, ticarət mərkəzlərini, parklar, nəqliyyat kimi ictimai yerləri sadalayıblar. Onların bəziləri hətta öz evlərində belə problemlərlə üzləşdiyini deyib.

AVROPA VƏDLƏRİNİ YERİNƏ YETİRMƏK SINAĞI QARŞISINDA

Açıq Cəmiyyət İnstitutunun mütəxəssisləri hesab edirlər ki, hazırkı mürəkkəb vəziyyətdə Avropa çox ciddi bir problemi həll etmək məcburiyyətindədir. Bu da iqtisadi böhran və sürətli müxtəlifləşmə dövründə hüquq bərabərliyini, sosial uyğunlaşmanı, siyasi mühit və sosial imkanlar bərabərliyini effektiv təmin etməkdən ibarətdir.

Hesabatda Açıq Cəmiyyət İnstitutu Avropa Birliyi strukturlarına bəzi tövsiyələr verib.

Sənəd müəllifləri hesab edirlər ki, hakimiyyət dairələri ilk növbədə cəmiyyətin müsəlman və müsəlman olmayan kəsimlərinin qarşılıqlı etibarına nail olmalıdır.

Bunun üçün də Avropa Birliyinin qanunvericiləri təhsil, evlə təminat, xidmətlər sahəsində bərabər yanaşmanı təmin etməklə dini ayrı-seçkiliyə qarşı səylərini gücləndirməlidirlər.

Açıq Cəmiyyət İnstitutu həmçinin düşünür ki, Avropa Komissiyası yaxşı təcrübələrin yayılması, polis işçilərinin daha da maarifləndirilməsi üçün layihələrə maddi dəstək verməlidir.
XS
SM
MD
LG