Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:15

Müsəlman qadın kitab yazıb - örtük məcburidirmi?


«Quran»da örtüklə bağlı deyilənlər müxtəlif cür yozula bilər.
«Quran»da örtüklə bağlı deyilənlər müxtəlif cür yozula bilər.
Müsəlman qadın örtük altında gizlənməlidirmi? Üzünü örtməlidirmi?

Əlcəzairli professor, hazırda Nyu-York Universitetində dərs deyən Marnia Lazreq deyir ki, yox.

Onun yeni kitabının adı da belədir – «Örtüyün sual altına alınması: müsəlman qadınlara açıq məktub».

MÜBAHİSƏ SİMVOLU

«Economist» jurnalı bu kitab haqda yazır ki, qadın örtüyü istər uzun və ya qısa olsun, istər ən bahalı ipəkdən olsun, onun mahiyyəti dəyişmir və bu, həm Qərbdə, həm də müsəlman ölkələrində mübahisə simvoludur.

Bu məsələdə hətta prezidentlər razılığa gələ bilmirlər. Amerika prezidenti Barak Obama deyir ki, Qərb ölkələri müsəlmanlara nə cür geyinməyi öyrətməməlidirlər.

Fransa prezidenti Nikola Sarkozi isə bu yaxınlarda elan etdi ki, niqaba Fransa torpağında yer yoxdur.

Başqa bir təmayül isə Qərbdə və müsəlman ölkələrində örtük örtənlərin sayının durmadan artmasıdır.

Marnia Lazreq yeni kitabında bu mübahisələrə və təmayüllərə aydınlıq gətirməyə çalışır. O yazır ki, müsəlman qadınların üzünü örtməsi məcburi deyil.

Ancaq onu da yazır ki, hökumətlər necə geyinmək qaydası qoymamalıdır, xüsusilə dinlə bağlı məsələdə.

Kitab professora gələn məktubların toplusudur. Məktub yazanlar həm qadınlar (onlar yazırlar ki, niqab altında özlərini necə hiss edirlər, üz örtmək düzgündürmü və s.), həm də kişilərdi.

«QURAN»DA ÖRTÜKLƏ BAĞLI DEYİLƏNLƏR MÜXTƏLİF CÜR YOZULA BİLƏR

Xanım Lazreq kitabında üzü örtməyin lehinə və əleyhinə arqumentləri araşdırır.

Üzü örtməyin lehinə olan arqumentlər budur: bu formanı «Quran» müəyyən eləyib və dindar belə geyinməlidir. Başqa arqument odur ki, üzünü örtmək tamahkar cəmiyyətdə özünü qorumaq yoludur, qadın özünə istəmədiyi əlavə diqqəti cəlb eləmir.

Lazreq bütün arqumentləri araşdıraraq yazır ki, əvvəla «Quran»da örtüklə bağlı deyilənlər müxtəlif cür yozula bilər.

Qadınların örtüklə gözəlliklərini gizlətməsindən danışılan yerlərdə «gözəllik» ifadəsi doğrudanmı üzü və saçları nəzərdə tutur? Professor yazır ki, bunun dəqiq cavabı yoxdur.

Lazreq yazır ki, qadınların örtünməklə guya seksual hücumlardan qorunması da söhbət üçün maraqlı izahdır, ancaq sadə və təhlükəlidir.

Belə arqumentlərlə kişilər gənc qadınları güclə örtüyün altında gizlətməyə çalışırlar.

BURQANI NİYƏ BİRDƏFƏLİK ATDI?

Məcburiyyət isə əks nəticə də verə bilər.

Əfqanıstanın qadın futbol yığmasının kapitanı Şamila Kohestani AzadlıqRadiosuna deyir ki, vaxtilə burqanı (bütün bədəni, üzü örtən örtüyü) düzgün geyinmədiyinə görə talibançı onu döyüb, o da burqanı birdəfəlik atıb:

«Mən o vaxt burqanı geyinməyə təzə öyrəşirdim. Bir talibançı mənə dedi ki, burqanı niyə düzgün geyinməmisən, bədənini tamam gizlətmir. O buna görə məni döydü. Mən də o vaxtdan burqanı atdım».

Dünyanın indiki vəziyyətində niqab, burqa kimi örtüklərin əleyhinə bir arqument də var. İki il əvvəl polis Pakistanda «qırmızı məscid»in radikal başçısı Abdul Əzizi təsadüf nəticəsində tuta bildi. O, burqa geyinib, məscidə gələn qadınlara qarışmışdı və sakitcə məscidi tərk eləmək istəyirdi...
XS
SM
MD
LG