Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:18

Rza Nuriyev niyə azadlığa buraxılmır?


Bənənyar kəndi
Bənənyar kəndi
Azərbaycan Xalq Cəbhəsi Partiyasının Culfa Təşkilatının sədri Rza Nuriyev hələ də azadlığa buraxılmayıb. Halbuki, Bənənyar hadisələri zamanı həbs edilən kənd sakinlərinin o istisna olmaqla hamısı azadlığa buraxılıb. Kənd sakinləri arasında belə məlumatlar dolaşırdı ki, həmin hadisələr zamanı tutulanlara 15 gün həbs cəzası verilib. Yanvarın 20-də isə həbslərin 15 günü tamam olur. Rza Nuriyevin həyat yoldaşı Südabə Fərzəliyeva isə deyir ki, ərindən hələ də xəbər ala bilmirlər:

«Yoldaşımı hara aparıblar, hardadır, xəbərimiz yoxdur. Heç bizi yaxına buraxmırlar».

RZA NURİYEVİ ÖZ YOLDAŞLARINA TƏHQİR ETDİRİRLƏR?

Keçən bu 16 gün ərzində qohumları Rza Nuriyevlə nə görüşə, nə də onu ərzaq və pal-paltarla təmin edə biliblər. Bütün bunlar azmış kimi qohumlar narahatlıq doğuran ən müxtəlif məlumatlar eşidirlər. Həmin məlumatlarda isə qeyd edilir ki, Rza Nuriyevə saxlanma təcridxanasında işgəncələr verilib. Hətta bu məlumatlara görə, onunla tutulan adamları təcridxanada məcbur edirlərmiş ki, azadlığa buraxılmaları üçün Rza Nuriyevi vurub təhqir etsinlər. Üstəlik bir çox həbs edilənlərdən Rza Nuriyevin əleyhinə ifadə alındığı da söylənilir.

Ancaq Naxçıvanın hüquq mühafizə orqanları baş verənlərlə bağlı ictimaiyyətə açıqlamalar vermədiyindən belə məlumatlara tam aydınlıq gətirmək mümkün olmur. Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidməti isə bildirir ki, Rza Nuriyevlə bağlı onlarda hər hansı bir məlumat yoxdur.

YUNİS ƏLİYEV ƏLLƏRİNİ VƏ AYAQLARINI TƏRPƏDƏ BİLMİR…


Həmin hadisələr vaxtı özünü yandıran və hazırda Təbrizdə müalicə olunan Yunis Əliyevin səhhəti isə ağır olaraq qalır. Yunis Əliyevin həyat yoldaşının deməsinə görə, əri indi nə əllərini, nə də ayaqlarını tərpədə bilir: «Əlləri işləmir, barmaqları yumulmur. Ayaqlarının dabanları yanıb, hərəkət edə bilmir».

BAKIDA HƏBS EDİLƏN BƏNƏNYARLILARI GÖRDÜM DEYƏN YOXDUR…


Hadisələrin gərgin vaxtı Bakıda telekanallara müsahibələr verən Bənənyar kəndinin bir sıra sakinlərinin taleyindən isə xəbər yoxdur. Onlardan biri İbrahim Ələkbərovun həyat yoldaşı deyir ki, ərini bir neçə gün əvvəl Bakıdakı evlərindən aparıblar. Ancaq indiyə qədər məlumatları yoxdur ki, onu harda saxlayırlar. Üstəlik nə Bakıda evlərindən aparılan bənənyarlılara, nə də Rza Nuriyevə vəkil tutulub.

AXCP Naxçıvan təşkilatının sədri Asəf Quliyev deyir ki, əgər Rza Nuriyev azadlığa buraxılmasa Bakıya gəlib ona vəkil tutmağa çalışacaqlar: «Bakıda danışacacam, görək kim bu işi üzərinə götürəcək, kim Naxçıvana gəlməyə razılıq verəcək».

Azərbaycan qanunvericiliyinə görə, əgər bir insan şübhəli şəxs qismində saxlanılırsa, 48 saat ərzində ya sərbəst buraxılmalı, ya da haqqında cinayət işi qaldırılmalıdır. Eyni zamanda hər hansı bir şəxsin İnzibati Xətalar Məcəlləsi ilə 15 gün həbs cəzası alması mümkündür. Ancaq belə də o həbs müddəti başa çatan kimi dərhal azadlığa buraxılmalıdır.
XS
SM
MD
LG