Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:26

Fransada hicablı qadın ictimai yerlərə buraxılmaya bilər


Fransada 5 milyon müsəlman yaşayır. Avropada ən böyük müsəlman icması bu ölkədədir
Fransada 5 milyon müsəlman yaşayır. Avropada ən böyük müsəlman icması bu ölkədədir
Fransada son altı ayda davam edən ictimai debatlardan sonra parlament komissiyası niqab və burqa kimi sifəti örtən müsəlman qadın geyimlərinin ictimai yerlərdə qadağan edilməsi barədə qanun layihəsini elan edib. 200 səhifəlik bu sənəddə hökumətə 18 tövsiyə var. Onların arasında sifəti tam örtən qadın geyimlərinin xəstəxana, orta məktəblər və ictimai nəqliyyat kimi yerlərdə qadağan edilməsi də var.

Bu qadağa qəbul edilsə, müsəlman geyimi ilə ictimai yerə gedən qadınlar girişdə üzlərini açmağa və həmin ictimai yerdə olduqları müddətdə üzlərini açıq saxlamağa məcbur olacaqlar. İmtina edənlərə isə olduqları yerdə ictimai xidmətdən imtina edilə bilər. Məsələn, müsəlman qadın üzü bağlı şəkildə analar üçün dövlət yardımını almağa gəlir. O, həmin hökumət idarəsində üzünü açmağa razılaşmasa, onu əliboş qaytara bilərlər.

Amma həmin qadına özəl təşkilatlarda və küçədə belə bir tələb qoymaq nəzərdə tutulmur.

Fransada 5 milyon müsəlman yaşayır. Avropada ən böyük müsəlman icması bu ölkədədir.

Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə təxminən 1900 müsəlman qadın üzü tam örtən geyim istifadə edir. Niqab gözlərdən savayı, sifəti və bədəni tam qapayır. Burqa geyimində isə gözlər də kənardan görünmür.

Layihə müəllifləri həm də Fransada kişi və qadın bərabərliyi, dünyəvilik prinsiplərini əsas gətirərək üzdə görünən “radikal dinçilik əlamətləri” olan adamlara daimi yaşamaq və vətəndaşlıq verilməsinin də qadağan edilməsini istəyirlər.

Bu müzakirələr keçən ilin iyununda prezident Nikola Sarkozinin ölkədə müsəlman geyimləri əleyhinə çıxışından sonra başlanıb:

«Burqa Allaha itaətin deyil, kiməsə boyun əyməyin əlamətidir. Mən rəsmi şəkildə deyirəm ki, buna Fransa Respublikası ərazisində imkan verilməyəcək».

Rəy sorğularına görə Fransa əhalisinin böyük əksəriyyəti sifəti və bədəni tam örtən geyimlərin qadağan olunmasını müdafiə edir. Buna əsasən ekstremizmin başlanğıcı, qadın və kişi bərabərliyinin pozulması, Fransanın dünyəvi əsaslarına hücum kimi baxırlar.

Hələlik parlamentin bu layihəni olduğu kimi, yoxsa, hansısa hissələrini qəbul edəcəyini söyləmək mümkün olmur. Amma onu bir qədər dəqiq demək olar ki, mart ayında yerli seçkilərə qədər ciddi dəyişikliklər gözlənilmir. İndi deputatlar müsəlman baş geyiminin qadağan edilməsinə dair ümumi bəyannamə qəbul edə bilərlər ki, bu da qanun gücündə deyil.

2004-cü ildə Fransada dövlət məktəblərində baş örtüsünə və “açıq-aşkar dindarlıq əlaməti göstərən” geyimlərin istifadəsini qadağan edib.

Müsəlman qadınların üzünü örtən geyimləri Avropanın başqa ölkələrində də hədəfdədir.
Britaniyanın Təhsil Nazirliyi 2007-ci ildə ictimai və dini məktəblərin rəhbərlərinə niqabı qadağan etmək səlahiyyəti verib.

Belçikada yalnız ictimai şənliklərə üzü örtən geyimlərlə gəlmək olar. Qalan vaxtlarda ictimai yerlərə müsəlman qadınların qapalı geyimləri qadağan edilib. Danimarka, Hollandiya və Avstriyada da buna bənzər qadağalar var.
XS
SM
MD
LG