Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:38

Eynulla Fətullayevin istintaqı yekunlaşdı, iş materialları məhkəməyə göndərildi


Eynulla Fətullayev
Eynulla Fətullayev
«Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevə qarşı narkotik saxlamaq ittihamı üzrə istintaq materialları Qaradağ Rayon Məhkəməsinə göndərilib. Bu barədə AzadlıqRadiosuna jurnalistin vəkili İsaxan Aşurov məlumat verib:

«Eynulla Fətullayevin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktı bu gün rayon prokuroru tərəfindən təsdiq edilib və baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib».

Jurnalistin digər vəkili Elçin Sadıqov isə bildirib ki, ötən həftənin sonu Bakı İstintaq Təcridxanasında Eynulla Fətullayevlə görüşüb. Jurnalistin saxlanma şəraitindən və səhhətindən heç bir şikayəti olmayıb.

2007-ci ildə terrorla hədələmə ittihamı ilə 8 il yarım müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Eynulla Fətullayev Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verib. Strasburqda onun işinə yaxın vaxtlarda baxılacağı gözlənilir.

2009-cu il dekabrın sonlarında jurnalistə qarşı yeni narkotik saxlamaq ittihamı irəli sürülüb. İttihama görə, onun saxlandığı cəzaçəkmə müəssisəsində əşyalarının arasından 0,22 qram narkotik tapılıb. Lakin Fətullayev və vəkilləri bunu təxribat adlandırıblar.
XS
SM
MD
LG