Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:49

Tina Kaydanau niyə gəlib?


ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini səfir Tina Kaydanau
ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini səfir Tina Kaydanau
ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini səfir Tina Kaydanaunun mayın 12-də Bakıya gəlməsi ölkənin siyasi dairələrində birmənalı qarşılanmayıb. Səfir Kaydanau Dövlət Departamentinin Azərbaycan və digər Qafqaz ölkələri arasında əlaqələrə birbaşa məsul olan rəsmisidir. Artıq bir müddətdir iki ölkə arasında münasibətlərin ürəkaçan olmadığını iddia edən və bu fikri müxtəlif misallarla əsaslandıran bəzi siyasi ekspertlər məhz bu məsələyə diqqəti yönəldib səfərin əhəmiyyətli olduğunu deyirlər.

Birləşmiş Ştatların Bakıdakı səfirliyi, Dövlət Departamentinin diplomatik nümayəndəsinin Bakıya bir günlük səfəri barədə bildirir ki, xanım Kaydanau Azərbaycan rəhbərləri ilə fikir mübadiləsi aparmaq üçün buradadır. O, hökumətin yuxarı vəzifəli rəsmiləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirib. Səfər zamanı səfir Kaydanau geniş çeşidli qarşılıqlı maraqlar əsasında ABŞ-la Azərbaycan arasındakı əlaqələri müzakirə edib.

ABŞ AZƏRBAYCANI MÜHÜM TƏRƏFDAŞ HESAB EDİR

Tina Kaydanau qeyd edib ki, Birləşmiş Ştatlar Azərbaycanı mühüm tərəfdaş hesab edir:

«Bizim maraqlarımız bir çox sahələrdə, o cümlədən «Cənub Dəhlizi»nin tərkibində olan qaz və neft layihələri ilə enerji təhlükəsizliyinin gücləndirilməsindən tutmuş terrorizm və ekstremizmə qarşı mübarizədə birgə işimizə kimi üst-üstə düşür. Biz, Azərbaycanın Kosovodan tutmuş İraq və Əfqanıstanda regional və qlobal təhlükəsizlik sahəsində göstərdiyi töhfələri yüksək qiymətləndiririk».

ABŞ başa düşdü ki, Azərbaycanla münasibət qurmaq istəyən dövlətlər çoxdur
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu hesab edir ki, Kaydanaunun Bakıya gəlməsi ABŞ-ın regionda siyasətinin aktivləşməsindən xəbər verir. Qırğızıstan nəzərə alınmasa, son 4-5 ayda ABŞ-dan region dövlətlərinə belə səfərlər edilməyib. İndi bu səfərlərin Azərbaycandan başlanması əhəmiyyətli hadisədir. Bu onu göstərir ki, bundan sonra Azərbaycan- ABŞ münasibətlərində fəallıq müşahidə olunacaq.

ORTADA OLAN NƏTİCƏ AMERİKANI VADAR ETDİ

Mübariz Əhmədoğlu deyir ki, ABŞ Azərbaycanın Cənubi Qafqazın lider dövləti olduğunu, onun tranzit ölkə kimi əhəmiyyətini yaxşı bilir. Onun sözlərinə görə, son vaxtlar Azərbaycana diqqət hədsiz artıb, Rusiyanın Azərbaycanla bağlı siyasətində çox ciddi irəliləyişlər olub, İran artıq Azərbaycanpərəst siyasət aparmağa hazırdır. Bütün bunların fonunda ABŞ prezidenti Barak Obama 2 illik hakimiyyəti dövründə 2 dəfə qondarma soyqırımı ilə bağlı ermənilərə müraciət edir, amma bir dəfə də Dağlıq Qarabağın adını çəkmir, nüvə təhlükəsizliyi sammitinə Azərbaycanı dəvət etmir. Əhmədoğlu deyir ki, ortada olan nəticə artıq Amerikanı vadar etdi ki, bu aktivləşmənin yeni mərhələsini məhz Azərbaycandan başlasın. Yəni ilk addımı o özü atsın:

«ABŞ-ın son dövrlər fəaliyyəti və fəaliyyətsizliyi ancaq Azərbaycan-ABŞ münasibətlərində gərginliklər yaradıb. İndi ABŞ çalışır ki, bu neqativliyi özü aradan götürsün və ilk olaraq Azərbaycanla münasibətləri yaxşılaşdırsın. ABŞ başa düşdü ki, Azərbaycanla münasibət qurmaq istəyən dövlətlər çoxdur. O təkcə Azərbaycanı yox, bütövlükdə regionu itirə bilər. Ona görə də gəldi Azərbaycana».

MÜNASİBƏTLƏRİN SOYUMASINDA HƏR İKİ TƏRƏFİN GÜNAHI VAR

Konfliktoloq Arif Yunus isə hesab edir ki, əslində, ABŞ-la Azərbaycan arasında münasibətlərin soyumasında hər iki tərəfin günahı var. ABŞ 2003-cü ildə İlham Əliyevin prezident seçiləcəyi təqdirdə islahatlar aparacağını düşünəndə artıq səhv etmişdi. Buş adminstrasiyası dövründə enerji və digər məsələlər bu məqamı arxa plana itələmişdi. Ancaq Barak Obama dövründə vəziyyət dəyişdi. ABŞ prezidenti Türkiyə-Ermənistan münasibətləri məsələsinə Azərbaycanın neqativ yanaşdığını görüb İlham Əliyevi 2009-cu ildə İstanbul sammitinə dəvət etdi. İlham Əliyev isə o sammitə qatılmadı. Bax bundan sonra Azərbaycanın səhvləri başladı.

Rək bu səfərlə münasibətlərin yaxşılaşmaşı mümkün deyil
Arif Yunus Azərbaycan prezidentinin bu il ABŞ-da keçirilən nüvə təhlükəsizliyi sammitinə dəvət edilməməsinin də həmin hadisənin davamı olduğunu düşünür.

Deyir ki, ona görə də indi münasibətlərin normallaşması təşəbbüsünün yalnız ABŞ-dan gəldiyini –yəni ilk addımı Ağ Evin atdığını düşünmək düzgün deyil. Görünür hər iki tərəfdən belə səfərlərin gerçəkləşməsinə təşəbbüs olub və Tina Kaydanau Bakıya gəlib:

DEMƏZDİM Kİ, BU SƏFƏR BİRDƏN-BİRƏ BAŞ TUTUB

«Mən deməzdim ki, Bakıya bu səfər birdən-birə baş tutub. Görünür, bundan öncə təkliflər var imiş və buna cavab olaraq bu səfər alındı. Bu məsələdə daha çox Azərbaycan tərəfi maraqlıır. Amma ABŞ-ın da marağı var. Yəni, ola bilsin ki, bu ikitərəfli gedən prosesdir».

Arif Yunus hesab edir ki, tək bu səfərlə münasibətlərin yaxşılaşmaşı mümkün deyil. Bundan sonra iki ölkə arasında qarşılıqlı səfərlər olacaq və ilin sonuna kimi münasibətlərdə dəyişiklik baş verəcək.
XS
SM
MD
LG